Qarabağda müharibə başlaya bilər – RƏY
“Azərbaycan və Rusiya arasında aparılan danışıqların nəticəsi ondan ibarətdir ki, ölkəmiz Kremlin istədiyi kimi bu ölkədən silah almayacaq”.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, iki ölkə arasında danışıqlarda belə rəy formalaşdırmağa cəhd edirlər ki, Azərbaycan Paşinyanı cəzalandırmaq üçün müharibə oyunu keçirəcək:
“Nə Rusiya buna gedər, nə də ölkəmiz Moskvanın bu oyununa razı olar. Ümumiyyətlə, Sergey Lavrov danışıqların bazasının hazır olduğunu qeyd etdi. Hesab edirəm ki, Azərbaycan tərəfi Ermənistanla məzmunsuz danışıqlara getməməlidir. Çünki Azərbaycan tərəfi Ermənistana qarşı şərtlər əsasında danışıqlar masasına oturacaq. Ermənistan buna hazır olarsa, proses yenidən başlanacaq. Türkiyə faktoru da bu məsələdə önəmli rol oynayır. Nəinki Ermənistan hakimiyyəti danışıqlarda işğal olunmuş ərazilərin boşaldılmasına gedəcək, hətta daha da aqressiv ton ortaya qoyacaq. Bu da yeni müharibəni alovlandira bilər”.
Politoloq əlavə edib ki, Ermənistanda ciddi panika var:
“İşğalçı ölkə könüllü ordu yaratmaqla guya əlini gücləndirir. Qarabağla bağlı yeni bir proses başlaya bilər ki, Azərbaycan tərəfi Türkiyə ilə hərəkət edəcək. Burada lokal döyüşlər də mümkündür”.