Qarabağdakı “İskəndər”lər və siyasi riyakarlıq – Şərh
Qarabağdakı “İskəndərlə” bağlı hekayə müharibə hekayəsi deyil. Bu, siyasətlə əlaqəli bir hekayədir. Daha doğrusu siyasi riyakarlıq haqqında. Bu müharibədə raketləri istifadə edən, amma bunu etiraf etməyənin riyakarlığı. Bəlkə ona görə etmir ki, onu istifadə edən tərəf rəsmi olaraq sülhməramlı libasını öz üzərinə geymiş tərəfdir.
Bu barədə jurnalist Həmid Həmidovun Rusiyanın “Exo Moskvı” saytına məqaləsində qeyd edilir:
“Əslində söhbət nədən gedir?
Söhbət ondan gedir ki, Ermənistanın işğalından azad edilmiş Şuşanın yaxınlığında Azərbaycanın Minalardan Təmizləmə Agentliyi “İskəndər” raketlərinin qəlpələrini tapıb.
Üstəlik, “M” indeksli raketlərin.
Daha əvvəl erməni tərəfi Rusiya Federasiyasından “E” indeksli, yəni ixrac üçün nəzərdə tutulmuş “İskendər”ləri aldığını iddia edirdi.
Ancaq qalıqlardakı “M” hərfi o deməkdir ki, bu raketlərin Ermənistanla heç bir əlaqəsi yoxdur. Əlbəttə əgər erməni tərəfinin bəyanatlarına inansaq.
Bununla belə, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan sözügedən məsələni şərh etməkdən ümumiyyətlə imtina edib və bu məsələ ilə bağlı məlumatın açıqlanmasının nəzərdə tutulmadığını əsas gətirib. Bununla da o, Azərbaycan tərəfinin informasiyasını dolayısı ilə təsdiqləyib.
İrəvan üçün indi hər hansı bir şərh vermək həqiqətən çətindir. Raketlərlə heç bir əlaqəsinin olmadığı söylənilsə birmənalı şəkildə aydın olacaq ki, onları kimsə başqası buraxıb.
Kimsə başqası isə yalnız Moskva ola bilər.
Ona görə də indi söhbət Kremlin siyasətinin girovuna çevrilən erməni tərəfindən getmir. Söhbət Kremlin özündən gedir. Söhbət Şuşanı “İskəndər”lə vurmaqla bağlı mümkün əmri kimin verməsindən gedir.
Bunun müharibə zamanı, döyüşlər başa çatmaqda olan anda baş verməsi aydındır. Çox güman ki, Şuşa artıq Azərbaycan ordusu tərəfindən azad edildikdən sonra bu baş verib.
Belə çıxır ki, raketi erməni tərəfi buraxmayıbsa onda Ermənistanda hərbi bazası olan buraxıb.
Deməli, bu Rusiyadır?
Əgər elədirsə, niyə?
Bu, ölkəsinin bütün ərazisini hərbi yolla azad etmək üçün sona qədər getməyə hazır olan Azərbaycan ordusunun müzəffər hücumunu hər vasitə ilə dayandırmaq üçün ola bilərdimi? Yoxsa, sonradan öz sülhməramlılarını gətirərək özünü sülhməramlı kimi göstərmək və növbəti beş ilə Qarabağda möhkəmlənmək üçün idi?
Yeri gəlmişkən, nə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi, nə Rusiya Federasiyası Müdafiə Nazirliyi, nə də başqa bir Rusiya qurumu bu günə qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin aşkar etdikləri qalıqlara münasibət bildirməyib.
Elə indilərdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu etdi və Qarabağdakı “İskəndər”lər haqqında məlumatların yeni olduğunu, guya heç bir şey bilmədiyini və başqa bir məlumatının olmadığını açıqladı.
Qəribə açıqlamadır, elə deyil?
Bu, vəziyyət dalana dirənəndə, etiraf və ya inkar etmək mümkün olmadığına görə ola bilərmi?..”