“Qarabağdan çıxıb gedəcəyik”-Xankəndindən bəyanat
Ermənilər indi şuşalı Dəli Həsənə oxşayırlar…
Dəli Həsən Koroğlunun dəlillərindən deyildi. Şuşada bugünlərdə açılışı olacaq “Vaqifin heykəli”nin düz arxasında olurdu.
Dəli Həsən yay-qış evindən heç çıxmaz, hərdən darvazanın qarşısında görünərdi. Arada isə özünü yada salmaq üçün…evində, həyətində yanğın törədərdi. Yanğınsöndürən maşın o tərəfə gedən kimi, hamı bilərdi ki, Dəli Həsən yenə özünü yada salıb, “mən də varam” demək istəyib. Yüz erməni qurban olsun Dəli Həsənin bir tükünə, amma düşmənin Şuşa, Kəlbəcər, Gədəbəy və Naxçıvan istiqamətində atəşkəsi pozması nədənsə mənə Dəli Həsənin hərəkətini xatırladır. Onlar da arada bu cür özlərini yada salacaqlar, hələ canları çıxmadıqlarını belə “sübut etməyə çalışacaqlar”.
Bu atəş səslərinə baxmayaraq, Xankəndində isə tam məyusluq hakimdir. Bunu isti havadan demirəm. Dəfələrlə yazmışam: Qarabağda- ermənilərin sığındığı ərazilərimizin xəritəsini bilməyənlərin səs-küyünü boş verin- ermənilər tələdəki tülkü vəziyyətində çox tab gətirə bilməyəcəklər.
Düşmənçilikdən əl çəkməsələr belə, bəzi ermənipərəst Qərb dövlətlərinin “möhkəm durun, status da olacaq” vədlərinə baxmayaraq, xüsusilə psixoloji baxımdan ermənilər üçün çox çətindir. Qarabağda vəziyyəti heç olmasa, bircə gün, bircə qarış öz xeyirlərinə dəyişmək iqtidarında deyillər. “Erməni qan gördü qorxur”- bu da boş söhbətdir. Erməni qana susamış vəhşi giyena kimidir, sürü ilə qana daraşarlar. Ötən ilin sentyabrından başlayaraq, bu giyena xislətləri öz başlarında çatladı, öz qanlarında boğuldular. Bu atəş səslərindən qətiyyən narahat olmağa dəyməz, o mənadakı gücümüzü də, mövcud reallıqları da, düşmənimizin kimliyini də bilirik. Sakitləşmədiklərini, hələ də müqavimət göstərdiklərini ağıllarınca belə “sübut etmək” istəyirlər. Amma gerçəkdə hətta Qarabağdan gedəcəkləri haqda bəyanat verəcək qədər məyus və çarəsizdirlər.
İki fakta diqqət edək. Bu günlərdə hələ də özlərinə “artsax parlament üzvləri” deyənlər Qarabağda sığındıqları ərazilərdə yenidən “inzibati-ərazi vahidləri” yaratmaq üçün toplaşıblar. “Armenpress”in məlumatına görə, “mövcud reallıqlarda bu məsələnin 2024-cü ilin sentyabrına qədər təxirə salınmasına qərar verilib”. Mövcud reallıq o deməkdir ki, ermənilər Rusiya sülhməramlılarının dəstəyi ilə sığındıqları ərazilərdə yeni “rayonlar” yaratmağın mənasız olduğunu anlayırlar. Ən azı o səbəbdən ki, bu cür “bölgüyə” ermənilərin özləri güləcəklər. Bu, özü-özünü aldatmaqdan başqa bir iş deyildi. O səbəbdən 2024-də təxirə salıblar, “bəlkə də qaytardılar” düşüncəsi ilə…
İkinci fakt. Bu gün “xarici işlər naziri” David Babayanın bəzi sarsaq fikirlərinə rəğmən, Qarabağdakı ermənilərin hazırkı vəziyyətini daha aydın şərh edən müsahibə verib. Babayan birmənalı o fikirdədir ki, Qarabağ erməniləri (“artsax”) “reanimasiya şöbəsində”dir. Babayana görə, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi bölgəsi yaratmasının arxasında daha ciddi niyyətlər var, çünki sonra Zəngəzur inzibati bölgəyə çevriləcək, hətta bu iş artıq başlayıb. “Azərbaycan addım-addım buna doğru gedir. Sülh müqaviləsi istəsək deyəcəklər ki, bizə Qərbi Zəngəzuru verin, Sevanı verin. Bu isə “İrəvanı verin” deməkdir. Və bu, artıq baş verir”. Ötən ilin payızınadək bizə “tanklarımız Bakıya gələcək”, “Şuşada bayrağınız o halda dalğalanır ki, orada Azərbaycan konsulluğu açasız” deyənlərin gününə baxın. İrəvanı itirmək qorxusunu yaşayırlar!
Babayan təbii, onu da deyib: ““Artsax” heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq”. Daha sonra əlavə edib: “Burada iki seçimiz var. Ya sona qədər, son damla qanına qədər durub həlak olacağıq, ya da hamımız buradan gedəcəyik. Bu bizim mövqeyimizdir”.
“Son damla” qan populizmidir, həm də qansızsın, qanı olmaz. Gedəcəkləri gün isə mütləq gələcək…