Qaradağda gənclər narkotik vasitələrin və psixoaktiv maddələrin zərərləri barədə məlumatlandırılıblar

Oktyabrın 31-də Qaradağ rayonunda narkotik və psixoaktiv maddələrin zərərlərinə həsr olunmuş maarifləndirici tədbir təşkil edilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq rayon icra hakimiyyəti ilə birgə 18 saylı Bakı Peşə Liseyində maarifləndirici tədbir keçirilib.
Dövlət Komissiyasından Polise.az-a verilən məlumata görə, tədbirdə Qaradağ Rayon İcra başçısının birinci müavini, rayon prokurorunun müavini, polis idarəsinin rəis müavini, Dövlət Komissiyasının Daimi fəaliyyət göstərən işçi qrupunun rəhbər müavini, Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisinin müavini, Gənclər Fondunun məsul əməkdaşı və Bakı şəhəri Narkolojı Mərkəzin həkim narkoloqu çıxış edərək narkotik asılılığı probleminə dair biliklərinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları, “802” qaynar xəttin fəaliyyət istiqaməti barədə geniş məlumat veriblər.
Tədbirdə, həmçinin iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiya aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun hazırladığı “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.
Polise.az



