“Qaramaskalılar” hərəkətə keçməsə… – Ölkəmizin adı Hondurasın yanında qalacaq

Nüfuzlu “Transparency İnternational” təşkilatı 2023-cü ilin göstəricilərinə əsaslanaraq, növbəti dəfə ölkələrin korrupsiya səviyyəsinə görə reytinqini tərtib edib və yayıb. Ölkə olaraq cədvəldəki yerimiz yenə ürəkaçan deyil, hətta əndişə doğuracaq pillədəyik.

Adı çəkilən təşkilat 1995-ci ildən bəri dünya ölkələrində korrupsiya göstəricilərini hesablayır, hər il ölkələrə/ərazilərə ballar təyin edir və onları müvafiq ölkənin dövlət sektorunda korrupsiyanın qəbul edilən yayılmasına görə sıralayır.

Ballar müxtəlif nüfuzlu təşkilatlar tərəfindən toplanmış sorğuların və korrupsiya qiymətləndirmələrinin məcmusundan ibarət mürəkkəb indeksdir. Korrupsiyanı Qəbuletmə İndeksi (KQİ) bütün dünyada korrupsiyanın ən çox istifadə edilən göstəricisidir.

Korrupsiyanın maksimal səviyyəsi 0, korrupsiyanın olmaması 100 balla təsnif edilir. Biz 23 xalla 180 ölkə arasında 157-ciyik. Bizdən aşağıda yalnız 23 ölkə var.

Son onluq belədir: Burundi, Ekvatorial Qvineya, Haiti, Şimali Koreya, Liviya, Yəmən, Venesuela, Cənubi Sudan, Suriya və Somali. Bu ölkələrdə korrupsiya səviyyəsi 12-17 bal arasındadır. Türkmənistanın 11-ci olduğunu da qeyd edək.

Adı çəkilən ölkələrdə sırf avtoritar rejimlər, diktaturalar hökm sürür. Yarısında vətəndaş müharibəsi gedir. Bunların çoxu həm də dünyanın ən kasıb ölkələridir.

Ancaq Türkmənistan və Şimali Koreya kimi totalitar ölkələrdə korrupsiyanın səviyyəsi heyrət doğurur. Belə anlaşılır ki, gün axşamacan qanunçuluqdan danışılan, məmurlara sərt şəkildə nəzarət edən, cəzalandıran ölkələrin dövlət strukturlarında korrupsiya tüğyan edir.

Avropa İttifaqına daxil olan ölkələr arasında ən pis göstəricilər Macarıstanda (42 bal), Bolqarıstanda (43) və Rumıniyadadır (46). Onlar reytinq cədvəlində 64, 73, 78-ci yerləri tuturlar.

Ekspertlər Rusiya və Ukraynadakı vəziyyəti ayrıca qeyd ediblər. Mərkəzin fikrincə, Putinin başlatdığı müharibə rüşvətin və büdcənin ixtisarının ölkəyə necə zərər verdiyini bir daha açıq şəkildə göstərir. Yeri gəlmişkən, Rusiya cəmi 28 xal toplayıb və cədvəldə 139-cu yeri tutur. Ukraynada da vəziyyət o qədər də yaxşı deyil, cəmi 33 xala malikdir (121-ci yer). Lakin qeyd olunub ki, Kiyev hazırda fəal antikorrupsiya islahatları aparır, çünki bu, Avropaya inteqrasiya yolunda ən mühüm mərhələdir.

“Korrupsiya hər ölkədə var” deyən, bununla da korrupsiyaya dolayısı ilə haqq qazandıranlar rahat ola bilərlər, gerçəkdən də korrupsiya hər ölkədə var.

Məsələn, reytinq cədvəlinin ilk pilləsində duran Danimarka heç də “korrupsiyanın olmadığı”nı göstərən 100 balın 100-nü də toplaya bilməyib. Danimarkanın 90 xal var. Bu da o deməkdir ki, hansısa dairələrdə, pillələrdə dövlət büdcəsinə kəm baxanlar var.

İlk onluqda Danimarkadan başqa aşağıdakı ölkələr yer alır: Finlandiya, Yeni Zelandiya, Norveç, Sinqapur, İsveç, İsveçrə, Niderland, Almaniya, İrlandiya. 11-ci də Lüksemburqdur.

Postsovet məkanından Estoniya 15-cidir. Yaponiya, Böyük Britaniya və Fransa müvafiq olaraq 18, 19 və 20-cidirlər.

Korrupsiya bataqlığının mətəsi olan Latın Amerikasından Uruqvayın ikinci onluqda, 17-ci yerdə olması hər kəs üçün şaşırdıcı ola bilər. Amma bu ölkədə dünya çapında dürüstlüyün və təmizliyin simvolu olan eks-prezident Xose Mujikanın göstərdiyi örnək, görünür, xoşagələn bir ənənənin təməlini qoyub.

24-cü yerdə qərarlaşan ABŞ-nin Butanla qonşu olması da şaşırdıcıdır.

Sərhəd qonşularımız olan Gürcüstan və Ermənistan cədvəldə qonşularımız deyil. Birinci 42-ci pillədədir, ikinci 63-cü yeri tutur. Cənub qonşumuz İran isə bizə yaxın yerlərdədir (149).

Azərbaycan Tacikistanla Hondurasın arasındadır – həm fiziki-coğrafi anlamda, həm də korrupsiyanın səviyyəsinə görə.

Coğrafiyanı yaxşı bilənlər üçün cədvəldə bir maraqlı mənzərə var. Eyni yarımadanın yarısında yerləşən və “bir millət-iki dövlət” olan Cənubi Koreya və Şimali Koreyanın korrupsiya səviyyəsinə görə çox fərqli yerlərdə olmasıdır. Yuxarıda dediyimiz kimi, Şimali Koreya 180 ölkə arasında 174-cüdürsə, Cənubi Koreya 32-ci yerdədir.

Türkiyə reytinq cədvəlinin 109-cu pilləsindədir.

Biz daha yüksək yerlərdə olmağa layiq və qadir ölkəyik. Xalqın varidatını, dövlətin büdcəsini talayan, ölkənin adını batıran korrupsionerlər cilovlanmalıdır, bircə-bircə dənlənməlidirlər. Bir neçə il əvvəl “qaramaskalı” qardaşlar bu istiqamətdə yaxşı işləyirdilər. Onların fəallaşmasına ehtiyac var. (Musaat.Xalid Kazımlı)

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button