Qazaxıstan Aktauda qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı araşdırmanın gedişatını açıqlayıb

Qazaxıstan Aktauda “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğramasının texniki səbəblərinin araşdırılması üçün avadanlıq istehsalçılarından bütün zəruri ekspertiza nəticələrini əldə edib.
Teleqraf xəbər verir ki, bu barədə “Kazinform” agentliyinə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib.
Baş nazirin müavininin sözlərinə görə, hazırda beynəlxalq komissiyanın iştirakı ilə araşdırmanın yekunlaşdırılması prosesi davam edir. O bildirib ki, GPS-trekerlər, naviqasiya sistemləri, eləcə də “Embraer” hava gəmisi istehsalçısından bütün texniki rəylər artıq komissiyaya daxil olub.
“Bütün zəruri ekspertizalar əldə olunub. Hazırda nəticələrin ümumiləşdirilməsi və komissiya üzvləri ilə razılaşdırılması mərhələsi gedir”, – deyə K.Bozumbayev qeyd edib.
Rəsmi məlumata görə, araşdırma qrupuna Azərbaycan, Qazaxıstan və Rusiya ekspertləri ilə yanaşı, istehsalçı şirkət və beynəlxalq aviasiya təşkilatlarının nümayəndələri də daxildir. Beynəlxalq standartlara uyğun olaraq, texniki araşdırmanın yekun nəticələrinin yaxın aylarda təqdim edilməsi planlaşdırılır.
Xatırladaq ki, 25 dekabr 2024-cü ildə “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” tipli təyyarə, J2-8243 Bakı–Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhərindən 3 km məsafədə qəzaya uğrayıb.
Təyyarədə ümumilikdə 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü) olub. Onlardan 42 nəfəri Azərbaycan vətəndaşıdır (37 sərnişin, 5 ekipaj üzvü), 16 nəfəri Rusiya, 6 nəfəri Qazaxıstan, 3 nəfəri isə Qırğızıstan vətəndaşıdır. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
İlkin istintaq məlumatlarına görə, Qroznıya yaxınlaşarkən təyyarə Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən hücuma məruz qalıb.
Polise.az



