Qazaxıstan hökuməti Türkistan şəhərinə xüsusi status verib
Qazaxıstan hökuməti Türkistan şəhərinə xüsusi status verib. Polise.az “Kazinform” agentliyinə istinadla xəbər verir ki, ölkənin Baş naziri Oljas Bektenov “Türküstan şəhərinin xüsusi statusu haqqında” qanun layihəsinin Parlament Məclisinə təqdim edilməsi haqqında qərarı imzalayıb.
Sənəd Türkistanın Qazaxıstanın mənəvi, mədəni və tarixi mərkəzi kimi formalaşması, inkişafı və fəaliyyət göstərməsi, habelə onun milli əhəmiyyətinin tanıdılması üzrə hüquqi şərtləri müəyyən edir. Qanunun qəbulu şəhərin tarixi-mədəni əhəmiyyəti olan abidələrin və obyektlərin, o cümlədən Ümumdünya İrs Siyahısının mühafizə zolağında – Xoca Əhməd Yəsəvi məqbərəsinin idarə olunması və mühafizəsi üçün səmərəli sistem yaradacaq. Bundan əlavə, məqbərənin öz ərazisində elmi, arxeoloji tədqiqatların və bərpa işlərinin planlaşdırılması təmin ediləcək.
Bununla yanaşı, Türkistan şəhərinin tarixi-mədəni irs obyektlərinin qorunması məqsədilə onların hər biri üçün müvafiq mühafizə zonasının müəyyən edilməsi nəzərdə tutulur. Şəhərin baş planına daxil edilmiş tarixi memarlıq istinad planları və tarix-mədəniyyət irs obyektlərinin ərazisinin xəritələri tərtib edilməlidir.
Eyni zamanda, şəhərdə tarixi obyektlərin mövcudluğuna təhlükə yaradan tikinti və təsərrüfat fəaliyyəti qadağan olunur. Arxeoloji abidələrin bütövlüyünü, orijinallığını və dəyərini gələcək nəsillər üçün qoruyub saxlamaq məqsədilə müvafiq qoruğun yaradılması da nəzərdə tutulur. Qoruğun tərkibinə daxil olan abidələrin konservasiya siyasəti daimi təftiş, profilaktik qayğı və dəstək proqramlarından istifadəyə əsaslanacaq.
Polise.az