Qazaxıstandakı etirazlarda “Rus barmağı”… – “Putinin SSRİ-ni bərpa etmək niyyətinə xülya kimi baxmaq yanlış olardı”
“Bir qədər əvvəl müsahibəmdə demişdim ki, Ukraynanı boş verin, əsas zərbə Qazaxıstana gələcək və bu da səbəbsiz deyil. Ona görə ki, bizim insanların çoxu heç bir ciddi səbəb olmadan qazaxları özümüzdən xeyli geridə görür”.
Bu sözləri politoloq Ərəstun Oruclu Qazaxıstanda baş verən hadisələri şərh edərkən deyib.
O, vurğulayıb ki, Qazaxıstanda son illər ərzində dövlətin və dövlətçiliyin möhkəmləndirilməsi üçün misilsiz işlər görülürdü: “Ölkə tarixindən tutmuş iqtisadiyyatına qədər sürətlə inkişaf etdirilirdi. Bu da təbii ki, uzaqgörən güclər üçün yaxşı heç nə vəd edə bilməzdi”.
Ə.Oruclu qeyd edib ki, hələlik Qazaxıstan prezidenti Nazirlər Kabinetinin buraxılması ilə düzgün olan addımı atdı, amma bu, hələ təhlükənin tam sovuşması anlamına gəlməməlidir.
Ekspert hesab edir ki, Rusiyanın postsovet ölkələrinə təsir imkanları yetərincədir. Odur ki, hələ başqa sürprizlər də gözlənilməlidir: “Bütün postsovet ölkələrində ən dağıdıcı qurumlar nazirlər kabinetləridir. Ona görə də onları ya buraxıb yenidən formalaşdırmaq, ya da birdəfəlik ləğv etmək lazımdır. Prezident üsul-idarəsi olan ölkədə bu qurumun fəaliyyəti yalnız dağıdıcı qərarlar qəbul edərək, ölkənin inkişafı üçün maneələr yaratmaqdan ibarətdir. Ümumiyyətlə isə birdəfəlik parlament üsul-idarəsinə keçmək lazımdır. Gürcüstanın və Ermənistanın təcrübəsi göstərir ki, bu halda ölkəyə xarici təsirləri minimuma endirmək mümkün olur. Çünki baş nazir təkcə hökumətin başçısı deyil, həm də parlament çoxluğunun rəhbəri olur”.
Ərəstun Oruclu bildirir ki, Rusiyanın postosvet ölkələrinə qarşı siyasətində “Suqsvanq” (almanca Zugzwang – gedişə məcburetmə) gedişləri hiss olunur: “Əvvəllər də qeyd etdiyim kimi, Putinin SSRİ-ni bərpa etmək niyyətinə xülya və ya paranoya simptomu kimi baxmaq yanlış olardı. Söhbət bəlkə də heç “klassik” SSRİ-dən və ya onun modeli ilə tam üst-üstə düşən birlikdən getmir. Bu, MDB adlanan amorf qurumun hansısa yeni bir modelə transformasiyasından və ya başqa bir variantdan ibarət ola bilər”.
Ə.Oruclu qeyd edir ki, Rusiyanın postsovet ölkələrinə yönəlik siyasətində atılan addımlara və onların ardıcıllığına baxmaq kifayət edir: “Xüsusilə son 2-3 ildə Moskva postsovet ölkələrə dair strateji hədəfləri açıq görünən çoxşaxəli siyasət yürüdür. Çoxşaxəli, yəni az qala bütün sahələri əhatə edən. Postsovet ölkələrin əksəriyyətinin güc strukturlarına ciddi təsirlərə malik olan Rusiya bu ölkələrin daha iki mühüm dövlət institutuna xeyli dərəcədə nəzarət etməkdədir. Bunlar həmin ölkələrin ali qanunverici institutları (parlament) və əsas icra hakimiyyəti qanadı olan nazirlər kabinetləridir”.
Ə.Oruclu vurğulayıb ki, postsovet ölkələrdə yuxarıda qeyd olunan iki mühüm dövlət institutunun fəaliyyəti nəinki ictimai diqqətdən, hətta siyasi ekspertlərin və beyin mərkəzlərinin də diqqətindən kənarda qalır: “Başqa sözlə, bu institutlar bir növ əhəmiyyətsiz və nominal mövcud olan qurumlar kimi qəbul olunur. İlk baxışda həqiqətən də belədir, amma yalnız ilk baxışda…Ona görə ki, nazirlər kabinetlərində imzalanan sərəncamlar və parlamentdə qəbul edilən qanunlar postsovet ölkələrin iqtisadiyyat, təhsil, sosial siyasət kimi mühüm sahələrinin fəaliyyət istiqamətlərini tənzimləyir. Bu isə həm də həmin sahələr üzrə prioritetlərin müəyyənləşdirilməsinə öz təsirini göstərir”.
Politoloq qeyd edir ki, bir sıra digər postsovet respublikalarında, xüsusilə də Mərkəzi Asiya ölkələrində nazirlər kabinetlərinin son 2 il ərzində qəbul etdiyi qərarların və verilən sərəncamların hətta səthi təhlili də bunu deməyə əsas verir ki, bu dövlətlərin ən müxtəlif sahələr üzrə siyasəti Rusiya modelinə ya uyğunlaşdırılır, ya da birbaşa ona bağlanılır: “Buna Rusiya ilə vahid sosial-iqtisadi siyasət məkanının yaradılması da demək olar”.
Ekspertin fikrincə, Moskva yeni ittifaqın bərpasında Mərkəzi Asiya ölkələrini tərəfdaş kimi görsə də, onlarla münasibətlərində xeyli çətinlikləri var: “Xüsusilə də Qazaxıstan və Özbəkistanla. Moskvanın Astana (Nursultan) ilə əsas problemi ikincinin Rusiya ilə qalan 4 Mərkəzi Asiya ölkəsi arasında təbii “bufer zona” olmasıdır. Sadə dildə desək, Rusiya qalan 4 Mərkəzi Asiya ölkəsinə öz fiziki təsirini yaymaq və artırmaq üçün Qazaxıstandan keçməlidir. Yəni, Qazaxıstan ən azı ərazisindəki kommunikasiyaları Rusiyaya güzəştə getməlidir. Bu da öz növbəsində onun üçün təkcə “Şərq-Qərb” dəhlizinin ərazindən keçən hissəsinə nəzarətin itirilməsi deyil, həm də birbaşa suverenliyinin xeyli dərəcədə məhdudlaşdırılması demək olardı. Qazaxıstanın buna razılaşmaması isə Rusiyanı ona qarşı aktiv təsir vasitələrini işə salmasına sövq edir”.
Ə.Oruclu məhz buna əsaslanaraq son aylarda bir neçə dəfə hədəfdə Ukraynadan çox Qazaxıstanın olması ehtimalını xatırladıb.
Onun fikrincə buna nail olmaq üçün isə Rusiya istər Qazaxıstanda, istərsə də digər 4 Mərkəzi Asiya ölkəsində yetərincə resurslara və təsir vasitələrinə malikdir:“Bunların cəminə “5-ci kolon” da deyə bilərik. Məhz həmin təsir vasitələrinin köməyilə Rusiya bütün bu ölkələrdə yuxarıda qeyd etdiyim “Suqsvanq” vəziyyəti yaradır”.
Ekspert Qazaxıstanda maye qazın qiymətinin artırılmasına qarşı başlayan etirazlara toxunaraq qeyd edib: “Burdan da sual olunur ki, belə artımlar ölkələrin siyasi hakimiyyətləri üçün nə dərəcədə əlverişlidir?
Məsələn, qaz ixrac edən Qazaxıstanda qazın qiymətinin artırılmasının qazancı ilə mümkün itkiləri hesablanıbmı? Yəqin ki, hesablanıb, amma yüksək ehtimalla Qazaxıstanın özündə yox, Moskvada…”
“Məntiq deyir ki, buna ehtiyac yoxdur və dövlət bütün iqtisadi vasitələrlə bunun qarşısını almalıdır, amma görünən tam əksidir. Gördüyümüz kimi, problem də, onun yarada biləcəyi risklər də eynidir və yuxarıda qeyd etdiyim şahmat situasiyasıdır. Fərqli olan isə şahmatın fiqurlarıdır… ” – deyə, Oruclu bildirib.
Ekspert bildirir ki, 2022-ci il SSRİ-nin yaradılmasının yüzillik yubileyi ilidir. Onun sözlərinə görə, sovet düşüncəsinin, ideologiyasının və təbliğatının daim simvolik tarixlərə istinad etmək ənənəsini nəzərə alaraq təzəcə qədəm qoyduğumuz 2022-nin ciddi çağırışlar və risklər ili ola biləcəyini nəzərdən qaçırmamalıyıq: “Bu isə bizdən təkcə baş verənləri müşahidə etmək yox, təhlükələri azaltmaq və onlardan qaçmaq üçün əks-addımlar atmağı tələb edir. Çünki masa üzərində olan ölkənin suverenliyi, bəlkə də dövlətin müstəqilliyidir”.