Qazaxıstanlı nazir: Azərbaycanla mədəni yaxınlıq quruculuq fəaliyyətini gücləndirməyə imkan verir
Azərbaycan jurnalistlərinin fəallığı sayəsində ölkələrimizin qarşılıqlı münasibətlərinin nə qədər yaxın olduğunu görməyə imkan verən müsbət informasiya fonu yaranır. Mən Azərbaycan xalqını ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etmək istəyirəm. Xalqlarımız ən çətin vəziyyətlərdə həmrəy olub və bir-birlərinin qələbələrinə ürəkdən seviniblər. Ölkələrimiz arasında dil və mədəni yaxınlıq bütün istiqamətlərdə quruculuq fəaliyyətini gücləndirməyə imkan verir.
Polise.az xəbər verir ki, bu sözləri Azərbaycanda Qazaxıstan Mədəniyyəti günləri çərçivəsində keçirilən sərgi və qala-konsertdə iştirak edən Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva jurnalistlərə deyib.
O, Azərbaycanda Qazaxıstan mədəniyyəti günlərinin iki ölkə prezidentlərinin razılığı ilə keçirildiyini diqqətə çatdırıb: “Gələn il Qazaxıstanda Azərbaycan Mədəniyyəti günlərinin keçirilməsi planlaşdırılır. Bu da öz növbəsində ölkələrimiz arasında mədəni-humanitar sahədə qarşılıqlı münasibətlərə yeni təkan verəcək”.
Bugünkü qala-konsertdə Qazaxıstanın ən yaxşı kollektivlərinin və ifaçılarının çıxış etdiyini deyən nazir vurğulayıb: “Bu günlərin keçirilməsi bizə bir-birimizi daha da yaxından tanımaq, qarşılıqlı əlaqələr qurmaq və iki ölkənin incəsənət xadimləri arasında gələcək əməkdaşlıq planlarını müəyyən etmək imkanı verib”.
Aida Balayeva Azərbaycan Respublikasının Prezident Administrasiyasının məsul əməkdaşları və mədəniyyət naziri Adil Kərimovla mədəni-humanitar sahədə əməkdaşlıq üzrə konkret fəaliyyət planlarının müzakirə olunduğu görüşləri xatırladıb: “Biz kitabxana və muzey işi, kinematoqrafiya sahəsində təcrübə mübadiləsindən danışdıq. Əməkdaşlarımızın ixtisasını artırmağımız və yaradıcı təcrübə mübadiləsi aparmağımız çox vacibdir”.
Gələcək planlarını da bölüşən nazir qeyd edib: “Gələn ildən münasibətlərimizdə yeni, yaradıcı mərhələ başlayacaq. Biz yalnız nailiyyətlərimizi deyil, mədəniyyət və informasiya sahəsində mövcud olan bir sıra problemli məsələlərin müzakirəsinə kömək edəcək müxtəlif tədbirlərin keçirilməsini planlaşdırırıq. Düşünürəm ki, bütün bunlar bütövlükdə xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə kömək edəcək”.
Polise.az