Qızılı yarpaqlar altında zülmətə təslim ol
Meksika şairi, Nobel mükafatçısı Oktavio Pasın şeirlərini təqdim edirik.
Himn üçün başlanğıc: Gözlərin
Gözlərin – şimşəklərin vətəni,
Bir də göz yaşlarının,
Dilli-dilavər səssizlik, bir də…
Küləksiz fırtına, dalğasız dəniz,
Əsir quşlar, yatmış şir qızıl qəfəsdə,
Həqiqət kimi günah saçan ləl, gövhər.
İşığın kölgəylə oynadığı talaya payız gəlib
Bir ağac ki, bütün yarpaqları
Quş olub, susub…
Bir məmləkət ki, səhəri dolmuş gözləriylə açır,
Meyvələr – ot tutub alışan səbətdə
Ümid verən yalan,
Bu dünyanın bütün güzgüləri, o dünyaya açılan qapı,
Bərq vurub sayrışan dənizin nəbzi
Günorta,
Buz səhrası….
Unutmaq
Yum gözlərini, zülmətə təslim ol
Kirpiklərinin qızılı yarpaqları altında
Zümzümə edən kimi
xəzəl kimi yerə düşən
səsin küçəsindən keçib
xəyala dalmaq
qurtaracaq yerinə
son pərdəsinə qədər səsin,
səsi batmış şəlalə kimi.
Kölgələrə qarış get,
Dərinin içində gizlən, yaşa,
Bir az da dərində, səs çatmayan yerində
Qoy sümüklərin – rəngi qaçmış ildırım
Qamaşdırsın gözünü, kor etsin səni
Orda zirvəylə qaranlıq körfəz arasında
Mavi lələklərini açsın, od saçsın;
Yuxunun əriyən kölgələrində
Lüt-üryansan, islan orda;
Çıx bədən adlı qəfəsdən, bil ki,
Köpük
Bilmir sahildə kimi unutduğunu
Özünü özündə batır,
Özündə itir, özünü, sonsuzadək
Necə ki, dəniz dənizdə boğulur, batır,
Özünü də, məni də unut…
Yaşıl mürəkkəblə yaz
Yaşıl mürəkkəb bağları, meşələri, çəmənləri oyadır
Hərflərin oxuduğu yarpaqları,
Ağac olan sözləri
Yaşıl bürclər olan cümlələri.
İcazə ver sözlərim yerə düşsün, səni örtsün
Qar basmış talaya yarpaq yağışı kimi,
Sarmaşıq altındakı heykəl kimi,
Bu səhifədəki yaşıl mürəkkəb kimi.
Əllər, bel, boğaz, sinə,
Dəniz kimi təmiz alın
Payız meşəsi boynun
Ot sapalağını dişləyən dodaqlar
Təninə yaşıl nişanələr səpələnib
Ağacın gövdəsi tək.
Bu kiçik işıqlı çapıq incidir səni :
Səmaya bax – ulduzlar döyülüb üstünə…
Bağ
Axıb gedən buludlar, qol-qola,
Yuxuda durub gəzən buludlar, məmləkət çöllü-biyaban,
Nə səs, nə səmir…
Hər şey çəkisizlikdə…
Günəşin cızdığı şəkli külək pozur anbaan.
Dörd divar, kərpicdən. Sarmaşıq tonqalı:
Qol-boyun alovları içində gözlərim
Çimir. Hardasa külək var, həniri gəlir,
Yarpaqlar və otlar diz üstə çöküb.
Gün çiçəyinin ayaqları dolaşır,
ətrinin içində itib, bürüşüb qalıb. Peyğəmbərçiçəyi,
göyrüş bir az fikirli: şam ağacı
Bağ kiçik, əl içində, səma sonsuz.
Mənim xarabalıqlarımda nəmişlik cücərib
Gözlərimdən baxıb, əlini toxundurursan
Özünü məndə tanıyırsan, ordaca düşünürsən,
İçimdə yaşayır, içimdə qeyb olursan.
***
Küçəylə gedirəm,
Addımların səsi
Tam başqa bir prospektdən eşidilir.
Ordasa
Özümü eşidirəm,
Gecənin içiylə addımlayan
Harada ki,
Yalnız duman həqiqidir.
Fransız dilindən tərcümə edən: Cavanşir Yusifli