Qobustanda əcnəbi narkotacirə kuryerlik edən şəxslərdən külli miqdarda heroin götürülüb
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitələri qəbul edib, onlayn yolla əvvəlcədən deyilən ünvanlara qoymaqla satışını təşkil edənlər tutulub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Bakı şəhər sakini Məmmədiyyə Alxazov və Cəlilabad rayon sakini Ramal Əliyev saxlanılıb.Üzərilərinə keçirilən baxış zamanı onlardan 2 kiloqram 170 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər xarici ölkədə yaşayan və qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik maddələr göndərən narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun təklifi əsasında narkokuryerliyə cəlb olunublar. M.Alxazov və R.Əliyev həmin şəxsin göndərdiyi narkotik vasitələrin ölkə ərazisində satışını təşkil ediblər.Sonuncu dəfə isə Qobustan şəhəri ərazisində bu əməllərini reallaşdırmaq istəyərkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıblar.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.Məhkəmənin də qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.