Qonşu respublikanın paytaxtı da dron hücumuna məruz qaldı…-YANĞIN+VİDEO

Sentyabrın 10-na keçən gecə Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Şəhərdə bir neçə partlayış səsi eşidilib, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti müşahidə olunub və liman ərazisində yanğın baş verdiyi barədə məlumat yayılıb.
Moderator.az bu haqda Ukrayna və Rusiya mənbələrinə istinadla xəbər verir.
Ukrayna mediasının məlumatına görə, hücum Bakı vaxtı ilə təxminən saat 05:00 radələrində başlayıb. Sosial şəbəkələrdə Mahaçqaladan yayılan görüntülərdə partlayış səsləri, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti və səmada işıq parıltıları əks olunub.
İlkin məlumatlara əsasən, pilotsuz aparatların əsas hədəflərindən biri Mahaçqala dəniz limanı ola bilər. “OSINT” kanalları hadisə yerindən görüntülərə və şahidlərin məlumatlarına istinadən liman ərazisində partlayışlardan sonra güclü yanğın və tüstülənmə baş verdiyini bildiriblər.
Rusiya mənbələrinin yaydığı məlumata görə, hücum fonunda Mahaçqala, Vladiqafqaz və Qroznı hava limanlarında uçuşların qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Daha sonra Şimali Qafqazdakı hava limanlarında tətbiq olunan məhdudiyyətlərin aradan qaldırıldığı bildirilib.
Mahaçqalada gecə saatlarında partlayış səslərinin eşidildiyi barədə məlumatlar yerli sakinlər tərəfindən də yayılıb. Şəhərin bəzi ərazilərində güclü tüstü müşahidə edildiyi bildirilir.
Hazırda limanın konkret hansı hissəsinin zədələndiyi, dağıntıların miqyası və mümkün tələfat barədə rəsmi məlumat yoxdur. Hadisə ilə bağlı yayılan məlumatların bir qismi hələlik müstəqil şəkildə təsdiqlənməyib.
Mahaçqala limanı niyə əhəmiyyətlidir?..
Mahaçqala beynəlxalq dəniz ticarət limanı Xəzər dənizinin qərb sahilində yerləşir və Rusiyanın Xəzərdəki əsas limanlarından biri hesab olunur. Liman Rusiyanın Xəzər dənizində yerləşən yeganə buz bağlamayan və dərin sulu limanı kimi təqdim edilir. Burada neft terminalı fəaliyyət göstərir və tankerlər üçün ixtisaslaşdırılmış beş körpü mövcuddur.
Rusiya Nəqliyyat Nazirliyinin əvvəlki məlumatlarına əsasən, limanın neft yüklərinin illik ötürmə gücü 7,9 milyon ton təşkil edir. Bu səbəbdən Mahaçqala limanı Xəzər regionunda neft və digər yüklərin daşınması baxımından strateji əhəmiyyət daşıyır.
Mahaçqala son aylarda pilotsuz aparat hücumları ilə bağlı xəbərlərin gündəminə dəfələrlə gəlib. Avqust ayında Dağıstanda dronların qalıqlarının düşməsi nəticəsində anbar ərazisində yanğın baş verdiyi barədə Rusiya mənbələri məlumat yayıb. Həmin dövrdə Mahaçqalada “Ozon” şirkətinin anbar kompleksinə hücum nəticəsində də genişmiqyaslı yanğın baş verdiyi bildirilmişdi.
Bu gecə Soçi də hücuma məruz qalıb..
Sentyabrın 9-dan 10-na keçən gecə Rusiyanın Krasnodar vilayətinin Soçi şəhərində də hücum qeydə alınıb. Rusiya mənbələrinin məlumatına görə, şəhərin sahil ərazisində baş verən hadisə nəticəsində yanğın yaranıb və xəsarət alanlar olub.
Rusiya tərəfinin son məlumatına görə, Soçidə hücum nəticəsində yaralananların sayı 8-ə çatıb. Sahil infrastrukturu və Primorskaya sahil bulvarının bir hissəsinin zədələndiyi bildirilir.
Beləliklə, sentyabrın 10-na keçən gecə Rusiyanın həm Xəzər, həm də Qara dəniz sahillərində yerləşən şəhərlərində dron hücumları ilə bağlı məlumatlar yayılıb. Mahaçqalada əsas diqqət liman ərazisində baş verdiyi bildirilən yanğına, Soçidə isə sahil infrastrukturuna dəyən ziyana yönəlib…
Polise.az 
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button