Qreq Vayner: “Ermənistan ABŞ üçün maraqlı deyil” – müsahibə
Türkiyə və Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) nümayəndələri tərəfindən imzalanan Dostluq və Qardaşlıq haqqında Moskva Müqaviləsinin yüzüncü ili ərazilərinin Rusiya və Türkiyə tərəfindən işğal olunduğu və bölündüyü düşünülən Ermənistanda yeni antirusiya əhval-ruhiyyə dalğasının yaranmasına səbəb oldu. İrəvanda martın 16-da milli-demokrat qütbünün Rusiya səfirliyi istiqamətində məşəl yürüşü ilə sona çatan mitinqi keçirildi. Rusiya diplomatik nümayəndəliyinin qarşısında müxalif erməni siyasətçi Jirayr Sefilyan Moskva Müqaviləsinin mətni əks olunan vərəqələri yerə atdı və etirazçılar azğınlıqla onları ayaqladılar.
J.Sefilyan həmçinin Zəngəzur dəhlizi barədə də xatırlatma edib və bildirib ki, “ABŞ Mehridəki dəhlizin açarlarının Rusiyanın əlində olmasına əsla icazə verməyəcək”. Milli-demokrat qütbün ardıcılları Rusiya ilə deyil, ABŞ ilə tərəfdaşlıq mövqeyindən çıxış edirlər. Sözügedən siyasi qüvvənin təşəbbüs qrupunun üzvü Varujan Avetisyan da bu günlərdə İrəvan mətbuatına verdiyi müsahibəsində bu barədə danışıb: “Xarici strategiyanın təməl daşı ABŞ-la strateji ittifaq olmalıdır”.
Ancaq ABŞ üçün Ermənistan nə dərəcədə maraqlıdır? Bu barədə Caliber.Az amerikalı siyasi analitik Qreq Vaynerlə söhbət edib.
– Biz sizinlə iki ay əvvəl söhbət etdik. O zaman dediniz ki, “erməni lobbisi, öz təsirinə baxmayaraq, o qədər də güclü olmadı, Tramp administrasiyasının Qarabağ münaqişəsi barədə mövqeyini ciddi şəkildə dəyişdirə bilmədi və hansı açıqlamaların səsləndirilməsindən asılı olmayaraq, düşünürəm ki, Co Bayden administrasiyasına da əhəmiyyətli dərəcədə təsir göstərmək mümkün olmayacaq”. İndi dəyişən bir şey varmı? Erməni müxalifəti ABŞ-la strateji ittifaqa israrlıdır, Vaşinqtonun bəs buna ehtiyacı varmı?
– Təbii ki, Vaşinqtonda istənilən ölkənin dostcasına jestləri alqışlanır. Başqa bir sual: bunun arxasında nə dayanır? Potensial münaqişə təhlükəsi varmı, maddi maraq nədən ibarətdir? Ermənistanda Rusiyanın hərbi bazası yerləşir…
– … və eyni zamanda ABŞ-ın dünyadakı ən böyük səfirliklərindən biri.
– Bəli, ancaq hərbi baza – hərbi bazadır (gülür). Erməni müxalifətinin nümayəndələri ABŞ-la strateji ittifaq deyərkən Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasını nəzərdə tuturlarsa, bu başqa məsələdir. Ancaq bunu nəzərdə tutmurlarsa istədikləri aydın deyil. Bəlkə, Ermənistanda Rusiya bazası ilə yanaşı ABŞ hərbi bazası yaratmaq? Bu, çox mübahisəli bir bəyanatdır.
Ermənistanda iqtisadi vəziyyətin pis olması aydın məsələdir, ancaq orada ABŞ-dan maddi yardım dolu vaqonların gələcəyinə ümid bəsləyirlərsə, bu, əbəsdir. Koronavirus pandemiyası ABŞ iqtisadiyyatına ağır zərbə vurdu. Qafqaz ABŞ üçün, əlbəttə ki, maraqlıdır, lakin buna baxmayaraq Ermənistan xarici siyasətdə prioritet istiqamətlərdən biri olmayacaq.
– İstənilən ittifaq qarşılıqlı fayda nəzərdə tutur. Bəli, ABŞ Ermənistana pul göndərməyəcək, ancaq erməni diasporu ABŞ-da öz lobbiçiləri vasitəsi ilə çalışır. Konqresmen Bred Şerman Dövlət katibi Entoni Blinkeni “erməni hərbi əsirlərinin azadlığa buraxılması” məsələsində Azərbaycan tərəfinə təzyiq göstərməyə çağırıb. Daha sonra senator Robert Menendez Bayden administrasiyasından “erməni soyqırımı”nı tanımasını tələb edib. Ermənistan ABŞ-a nə təklif edə bilər?
– ABŞ-ın Qafqazda strateji iştirakından başqa heç nə görmürəm. Ancaq bunun üçün Ermənistana nə ehtiyac var? Axı ABŞ-ın maraqlarının çox yaxşı təmsil olunduğu tamamilə amerikayönlü Gürcüstan var. Buna görə ABŞ-ın Ermənistana dərindən nüfuz etməsinə ehtiyac görmürəm. Vaşinqton İrəvanla sıx əməkdaşlıqdan nə əldə edə bilər? Sadəcə Moskvanı incitmək? Ancaq bu, baha başa gələn bir ləzzətdir.
– Yeri gəlmişkən, bəs Moskvanın reaksiyası necə ola bilər?
– Ya öz iştirakını gücləndirmək, ya da Ermənistanı onu əhatə edən bütün problemlərlə təkbətək buraxmaqla buradan çıxmaq. Bu ciddi vəziyyətdir və mənə elə gəlir ki, Ermənistan rəhbərliyi də bu barədə düşünür.
– Bir müddət əvvəl Ermənistanın Amerika Araşdırmaları Mərkəzinin direktoru Suren Sarkisyan Ermənistan-ABŞ münasibətlərinin səviyyəsində enmə olduğunu bildirib…
– Bax, buna daha çox inanıram. Hazırda ABŞ Qafqazın hayında deyil. Koronavirus amerikalıları öldürür. Nyu-York ştatı pandemiya zamanı bütün II Dünya müharibəsində olduğundan daha çox insan itirdi. İndi Co Bayden administrasiyasının Ermənistana siyasi dividentlər ayıracağını, üstəlik buna maddi dəstək verəcəyini təsəvvür etmək sadəcə mümkün deyil.