Qubada pensiya kartını oğurlayaraq içərisindəki pulu talayan şəxs saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, Quba rayonunun Rustov kənd sakini N.Veyisov Rayon Polis Şöbəsinə müraciət edərək şəhər ərazisindəki bankomatdan təqaüdünü çıxardıqdan sonra pensiya kartının oğurlandığını bildirib.
Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbriləri nəticəsində plastik kartı oğurlayan şəxsin rayon sakini Cavid Ağarzayev olduğu müəyyən edilib və o saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, ötən ilin noyabrında C.Ağarzayev zərərçəkmişin təqaüdünü bankomatdan çəkməyə köməklik göstərib. Daha sonra isə həmin kartı özündə saxlayaraq növbəti ay yüklənən təqaüdü özü götürüb.
Hazırda C.Ağarzayevin digər bu kimi əməllərinin olub-olmadığı araşdırılır. Həmin şəxsin əməllərinə görə zərər çəkən şəxslərdən DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə zəng vuraraq məlumat vermələri və ya Quba RPŞ-yə müraciət etmələri xahiş olunur.