Qusarda narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib.
Qusar Rayon Polis Şöbəsinin təşəbbüsü ilə rayonun Yuxarı Zeyxur kənd tam orta məktəbində “Gənclər narkomaniyaya yox deyir” və “Erkən nikah və onun fəsadları” mövzularında tədbir keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Şagirdlərlə görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Eldar İlyasov narkomaniyanın cəmiyyət üçün böyük bəlaya çevrildiyini, bu problemə qarşı hüquq-mühafizə orqanlarının apardığı mübarizə tədbirlərindən danışıb, bu yönümdə gənclərin maariflənməsinin vacibliyini vurğulayıb. O, yeniyetmə və gənclərimizə yüksək təhsil almaqlarını, idmanla məşğul olmalarını, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyümələrini və cəmiyyətdə sağlam fərdə çevrilmələrini tövsiyə edib.
Həmçinin, çıxış edən RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru, polis mayoru Səlahəddin Əmrullayev erkən nikahın səbəb olduğu problemlərdən də söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. Qeyd edib ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.