Ramiz Mehdiyev üçün KRİTİK həftə

Fevralın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti toplantısı keçiriləcək. Məlumata görə, iclasın gündəliyinə çıxarılan məsələlərdən biri də AMEA-nın sabiq prezidenti, hazırda dövlətə xəyanət və digər ağır cinayətlərdə ittiham olunaraq ev dustaqlığına buraxılmış Ramiz Mehdiyevin qurumun həqiqi üzvlüyündən çıxarılması ilə bağlıdır.

Qeyd edək ki, R. Mehdiyev Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Ötən həftə Səbail Rayon Məhkəməsi onun barəsində seçilmiş qətimkan tədbirinin daha 4 ay müddətinə uzadılması barədə qərar qəbul edib. Ramiz Mehdiyev 2019–2022-ci illərdə AMEA-nın prezidenti vəzifəsində çalışıb.

Mehdiyev həqiqi üzvlükdən çıxarılarsa, onun elmi dərəcəsinin də ləğv olunması mümkündürmü?

Fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev mövzu ilə bağlı Musavat.com-a açıqlamasında belə deyib:

“Burada müəyyən prosedur qaydaları mövcuddur. AMEA-nın tərkibində müxtəlif bölmələr fəaliyyət göstərir – biologiya, humanitar və ictimai elmlər bölmələri və s. Ramiz Mehdiyev ictimai elmlər bölməsi üzrə akademik adını daşıyır. Hazırda onun dərhal üzvlükdən çıxarılacağı ilə bağlı fikirlər səsləndirilir. Lakin fevralın 25-dək ictimai elmlər bölməsi toplaşaraq müvafiq qərar qəbul etməsə, məsələ avtomatik olaraq təxirə salınacaq. Qayda belədir ki, əvvəlcə aidiyyəti bölmə iclas keçirməli və mövqeyini ortaya qoymalıdır.

Məsələn, Əli İnsanovun akademik adı geri alınarkən Biologiya bölməsi toplaşdı və qərara gəldi ki, o, akademik adına layiq deyil və həmin adı daşımaq hüququ yoxdur. Eyni prosedur bu halda da tətbiq olunmalıdır. Əgər ayın 25-nə qədər ictimai elmlər bölməsi tərəfindən qərar qəbul edilməzsə, məsələ yenidən təxirə düşəcək. Mən istərdim ki, proses bir qədər sürətləndirilsin. İctimai Elmlər Bölməsi mütləq şəkildə toplaşmalı və qərar verməlidir. Onun AMEA-nın həqiqi üzvlüyündən və akademik adından xaric edilməsi üçün kifayət qədər əsasların olduğu görünür. Hələlik iki gün vaxt var və düşünürəm ki, bu müddət ərzində məsələni müzakirə edə bilərlər. Burada tərəddüdə əsas görmürəm. Bununla belə, ictimai elmlər bölməsinin iclas keçirəcəyi barədə hələlik rəsmi məlumat yoxdur”.

Etibar Əliyevə mənzil hədiyyə edildi Pravda.az

“Onun elmi işlərinin saxta olması ilə bağlı da fikirlər səsləndirilir. Bu iddialar nə dərəcədə əsaslıdır?” sualına Etibar Əliyevin cavabı bu olub:

“Onun akademik adını daşımağa haqqı yoxdur. Onun elmi işləri ciddi elmi dəyərə malik deyil, tətbiqi əhəmiyyət daşımır. O, əslində filosof deyil. Kitablarının da başqaları tərəfindən yazıldığı barədə fikirlər var. Təəssüf ki, bu kimi hallara rast gəlinir. Söhbət elmi iyerarxiyada ən yüksək titul sayılan akademik adından gedir. Qənaətimə görə, o, nə elmlər namizədi, nə də doktorluq dissertasiyalarını özü yazıb. Çünki elmi təfəkkür səviyyəsi buna uyğun deyil. Akademik adı elm sahəsində ən yüksək statusdur və bu statusdan məhrum edilməsi digər elmi dərəcələrinə də ciddi kölgə sala bilər. Digər bir məqam da var: Ramiz Mehdiyev birbaşa akademik seçilib. Halbuki AMEA-nın əsasnaməsinə əsasən, akademiklər akademiyanın müxbir üzvləri sırasından seçilməlidirlər. O isə administrasiya rəhbəri olduğu dövrdə səlahiyyətlərindən sui-istifadə edərək birbaşa akademik adına yiyələnə bilib. Əllərində kifayət qədər əsaslar var ki, onu AMEA-nın həqiqi üzvlüyündən, akademik adından xaric etsinlər. Hələlik iki gün var. Bu məsələ barədə düşünərlər. Burada tərəddüd etməyə heç bir əsas yoxdur. İctimai elmlər bölməsinin iclas keçirilməsi barədə hələlik hər hansı məlumat yoxdur. İndi Ramiz Mehdiyevin ev dustaqlığı ilə bağlı həbs müddəti uzadılıb. Ancaq ona qədər Ramiz Mehdiyevin çıxardığı hoqqalar göz önündədir. Evindən külli miqdarda pul vəsaitinin aşkar edilməsi, Rusiya ilə danışıqlarına dair yayılan məlumatlar ictimaiyyətə təqdim olunub. Dörd aylıq istintaq müddətində aparılan araşdırmalar nəticəsində dövlətə xəyanət faktının təsdiqləndiyi bildirilir. Bu baxımdan hesab edirəm ki, İctimai Elmlər Bölməsi gecikmədən toplaşaraq öz münasibətini bildirməlidir. Onun akademiyanın həqiqi üzvlüyü məsələsi Rəyasət Heyətinin müzakirəsinə çıxarılmalıdır”.

Qeyd edək ki, AMEA-nın ictimai elmlər bölməsinə akademik Gövhər Baxşəliyeva rəhbərlik edir.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button