Ramiz Mehdiyevin gəlininin bankı BOKT-a çevrilir

Mərkəzi Bankın qərarı ilə, qanunvericiliyə müvafiq olaraq Bank “BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib.
Polise.az Mərkəzi Banka istinadən xəbər verir ki, qeyd olunan razılıq əsasında, Bank “BTB” ASC tərəfindən BOKT-yə çevrilmə istiqamətində zəruri tədbirlər “Bankların yenidən təşkili haqqında Qaydalar” ilə müəyyən edilmiş prosesə uyğun olaraq Mərkəzi Bankın nəzarəti altında həyata keçiriləcək.
Bu çərçivədə, Bank “BTB” ASC ilə aktivlərinin həcminə görə ölkənin ən iri bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanıb. Bu müqaviləyə uyğun olaraq Bank “BTB” ASC-də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi, yaxud ABB tərəfindən onların depozitlərinin geri qaytarılması təmin olunacaq. Həmçinin, Bank “BTB” ASC-yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları ABB-yə ötürüləcək və ödənişlərin qəbulu ABB tərəfindən həyata keçiriləcək. Sözügedən məsələlərlə bağlı müştərilərə məlumatlar ABB və Bank “BTB” ASC tərəfindən müvafiq kommunikasiya kanalları vasitəsilə çatdırılacaq.
Beləliklə, Bank “BTB” ASC-nin yenidən təşkili bankın kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid yaratmır.
Bank “BTB” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi cəmi 0.6%, kredit portfelində 0.9%, sektorun öhdəliklərində isə 0.6% təşkil edir.
Qeyd edək ki, Bank “BTB” ASC 2025-ci ili zərərlə başa vurub. Bankın ötən il zərəri 404 min manat təşkil edib.
Bank “BTB” bank 2024-cü ili 839 min manat zərərlə başa vurmuş, həmin ilin ikinci rübündə isə 226 min manat mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın kapitalı 2024-cü ildəki 51 milyon 471 min manatdan 50 milyon 925 min manata düşüb (1,06% azalma), cəmi aktivləri isə 2024-cü ildəki 362 milyon 817 min manatdan 356 milyon 822 min manata enib (1,65% azalma).
Polise.az



