Regionların gələcəyi üçün kritik seçim

İqtisadçıdan irad: “Yaponiya bir şagirdə görə qatar saxlayır, biz isə kənd məktəblərini bağlamağa hazırlaşırıq”
Regionlarda sosial-iqtisadi inkişafın dayanıqlığı yenidən müzakirə mövzusuna çevrilib. Son illər xüsusilə kənd və qəsəbələrdə şagird sayının azalması fonunda məktəblərin bağlanması ilə bağlı təhlükə aktuallaşıb. Bir müddət əvvəl təhsil naziri Emin Əmrullayev açıqlamışdı ki, şagird sayı çox az olan ümumtəhsil müəssisələrinin birləşdirilməsi gündəmdədir. “Düşünürük ki, 5 və ya 10 şagirdi olan məktəbdə həqiqətən keyfiyyətli təhsil vermək mümkün deyil. Bir sinifdə yox, bütün məktəbdə 10 şagird və hər sinifdə 2 uşaq varsa, biz bu uşaqlara musiqi dərsində xorla birgə oxumağı və ya kollektiv oyunu necə öyrədəcəyik? Bu uşaq məktəbi bitirəndə neçə sinif yoldaşı, neçə dostu olacaq? Ümumiyyətlə, 10 nəfərlik məktəb onun gələcək həyatına necə təsir edəcək? Başa düşürəm ki, orada 10 nəfər təhsil alanda bəlkə 20 nəfərin işi yerində olur, amma bizim işimiz təhsildir və biz çalışırıq ki, keyfiyyət baxımından təhsili yüksəldək”, – deyə nazir vurğulayıb”.
Nazirin bu açıqlaması xeyli narazılıq yaradıb. Mütəxəssislər belə qərarların regionların sosial-iqtisadi gələcəyinə ciddi zərbə vuracağını bildirirlər. Onların fikrincə, məktəb bağlanan yerdə nə gənclər qalır, nə ailələr məskunlaşır, nə də iqtisadi aktivlik özünü göstərir. Bu isə uzun müddətdə həmin rayon və kəndlərin boşalmasına, sosial mühitin zəifləməsinə və ümumi inkişaf göstəricilərinin kəskin aşağı düşməsinə səbəb ola bilər.
Əslində nazirin dedikləri bir SOS-dur. Problemin həlli bölgələrdə məktəblərin bağlanması, yoxsa regionları inkişaf etdirib, yeni məktəblərin tikilməsidir?

Eyyub Kərimli
İqtisadiyyat üzrə fəlsəfə doktoru, 17 illik pedaqoq Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Mən bu məsələyə qismən subyektiv yanaşıram. Çünki uzun illər təhsil sektorunda çalışmışam və təhsilə münasibətim daha həssasdır. Əlbəttə, təhsil hər şeydən öndə gəlir – həm regionlarda məskunlaşmanın davamlılığı, həm də iş yerlərinin qorunması baxımından. Regionda məktəbin mövcudluğu o deməkdir ki, orada xeyli müəllim işlə təmin olunur, insanlar isə daha stabil və keyfiyyətli təhsil alır. Təhsil bizim gələcəyimizdir və təhsilin olmadığı yerdə heç bir inkişafdan danışmaq olmaz.
Məktəblərin birləşdirilməsi məsələsi isə bir çox sual doğurur. Şagirdlərin digər məktəblərə necə gedib-gələcəyi, bu prosesin hansı nəqliyyat vasitələri ilə təmin olunacağı hələ də aydın deyil. Məsələn, Yaponiyada bir şagird üçün belə qatarın dayanması təcrübəsi var. Uzun illər həmin şagird məktəbə gedib-gələ bilsin deyə qatar xəttini ləğv etməyiblər. Bu, təhsilə verilən dəyərin göstəricisidir.
Bu baxımdan hesab edirəm ki, kiçik məktəblərin fəaliyyətinin davam etməsi həm regionlarda sosial-iqtisadi perspektivi qoruyur, həm iş yerlərini saxlayır, həm də məskunlaşmanı sabitləşdirir. Məktəblərin birləşdirilməsi isə əksinə, kəndlərin inkişafına ciddi mənfi təsir göstərə, onların boşalmasına səbəb ola bilər. Sosial-iqtisadi mühit zəifləyə, kəndlər tədricən yaşayış məntəqəsi statusunu belə itirə bilər. Buna görə də mən bu yanaşmanı müsbət hesab etmirəm”.
Yeri gəlmişkən, yalnız Yaponiya deyil, inkişaf etmiş digər ölkələrdə- Norveç, Finlandiya, Kanada və Fransa kimi ölkələrdə kəndlərdə şagird sayı az olsa belə, məktəblər fəaliyyətini davam etdirir və dövlət bu məktəblərin yaşamasını vacib sayır. Məsələn, Norveçin dağ kəndlərində bəzən 6-12 şagirdlik məktəblər olur, amma bağlanmır. Çünki norveçlilər düşünür ki, məktəb bağlanarsa, kənd əhalini itirəcək və boşalacaq. Buna görə də kənd məktəbləri dövlət tərəfindən xüsusi proqramla qorunur.
Təhsil səviyyəsi yüksək olan Finlandiyada da kəndlərdə şagird sayı azalmış olsa belə, 6-10 şagirdlik məktəblər saxlanılır. Dövlət bu məktəbləri “icmanın dayağı” hesab edir və əlavə maliyyə dəstəyi ayırır. Uşaqların sosiallaşması üçün qonşu məktəblərlə tədbirlər və ortaq layihələr təşkil olunur.
Kanadada uzaq və soyuq bölgələrdə bəzən cəmi 5-15 şagirdi olan məktəblər fəaliyyət göstərir. Alternativ olaraq uşaqların hər gün 60-100 kilometr məsafə qət etməli olacağı nəzərə alınsa, məktəbin yerində fəaliyyət göstərməsi daha məntiqli görünür. Bu səbəbdən kiçik məktəblər dövlət üçün həm sosial, həm də təhlükəsizlik baxımından zəruri hesab olunur.
Fransada da kənd məktəblərinin bağlanması kəskin narazılıq doğurur. Səhra və ucqar bölgələrdə 8-12 şagirdlik ibtidai məktəblər çoxdur və əhali bu məktəblərin bağlanmasını “kəndin gələcəyinin bağlanması” kimi qiymətləndirir. Bu ictimai təzyiq səbəbindən dövlət belə məktəbləri tamamilə ləğv edə bilmir.
Bu nümunələr göstərir ki, inkişaf etmiş ölkələrdə məqsəd şagird sayına görə məktəbi bağlamaq deyil, kənddə həyatın və sosial mühitin qorunmasını təmin etməkdir. Çünki bir çox ölkələrdə belə bir qənaət formalaşıb: əgər məktəb bağlanırsa, kənd də zamanla boşalır.\Musavat\
Polise.az



