Röyters:Moskva müharibədə iştirak edir: ABŞ-nin hədəfləri kosmosdan izlənir, İrana ötürülür

Nüfuzlu Reuters agentliyinin yaydığı eksklüziv məlumat regionda müharibənin miqyasını daha da genişləndirən ciddi iddiaları ortaya qoyur.
Polise.az Musavat.com-a istinadən xəbər verir ki, Ukrayna kəşfiyyatının hazırladığı qiymətləndirməyə əsasən, Rusiya son həftələrdə Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazaları və digər strateji obyektlər üzərində genişmiqyaslı peyk müşahidələri həyata keçirib.
Bu müşahidələrin əsas məqsədinin İranın ABŞ qüvvələrinə və digər hədəflərə daha dəqiq zərbələr endirməsinə kömək etmək olduğu bildirilir.

Məlumata görə, təkcə martın son ongünlüyündə Rusiya peykləri regionun ən azı 11 ölkəsində yerləşən 40-dan çox hərbi və strateji obyekt üzrə onlarla yüksək dəqiqlikli görüntü toplayıb.
Bu obyektlər arasında ABŞ-ın Səudiyyə Ərəbistanındakı əsas bazaları da yer alıb və həmin hədəflər sonradan İran tərəfindən hücuma məruz qalıb.
Kəşfiyyat məlumatlarında qeyd olunur ki, bu peyk məlumatları İranın raket və pilotsuz aparat hücumlarının dəqiqliyini əhəmiyyətli dərəcədə artırıb. Hətta bəzi hücumların məhz bu görüntülər əsasında planlaşdırıldığı ehtimal edilir.
![]()
Məsələnin daha diqqətçəkən tərəfi isə Moskva ilə Tehran arasında əməkdaşlığın yalnız peyk görüntüləri ilə məhdudlaşmamasıdır. Hesabatda bildirilir ki, iki ölkə arasında kiber sahədə də koordinasiya güclənib və ortaq haker qrupları regiondakı kritik infrastruktur obyektlərini hədəfə alır.
Ekspertlər bu əməkdaşlığın 2025-ci ildə imzalanmış “strateji tərəfdaşlıq sazişi” çərçivəsində daha da dərinləşdiyini vurğulayırlar.
Bununla yanaşı, Qərb mənbələri də bəzi hallarda İranın ABŞ obyektlərinə qarşı həyata keçirdiyi yüksək dəqiqlikli hücumların arxasında Rusiya kəşfiyyat məlumatlarının ola biləcəyini təsdiqləyir. Məsələn, Səudiyyə Ərəbistanında yerləşən ABŞ radar təyyarəsinə edilən hücumdan əvvəl həmin baza Rusiya peykləri tərəfindən izlənilib.

Bununla belə, Ağ Ev bu məlumatların operativ təsirini azaltmağa çalışaraq, Rusiya dəstəyinin müharibənin gedişində həlledici rol oynamadığını bildirib.
Bütün bu faktlar fonunda analitiklər qeyd edir ki, Rusiya-İran əməkdaşlığı artıq yeni mərhələyə keçib və bu, Yaxın Şərqdəki müharibəni daha geniş geosiyasi qarşıdurmaya çevirə bilər.
Müşahidəçilərin fikrincə, kosmosdan toplanan kəşfiyyat məlumatlarının döyüş meydanına birbaşa təsiri müasir müharibələrin xarakterini dəyişir və tərəflər arasında texnoloji üstünlük uğrunda rəqabəti daha da kəskinləşdirir.



