“Ruhani milli maraqlara xəyanətə görə mühakimə olunsun!” – Şok qərar
İran parlamenti (İslami Şura Məclisi) prezident Həsən Ruhaninin məhkəmədə mühakimə olunmasına dair qərar qəbul edib.
ISNA-ya istinadla xəbər verilir ki, İslami Şura Məclisi üzvləri İran xalqının mənafelərini qorumaq və sanksiyaları ləğv etmək üçün Strateji Fəaliyyət Qanununun icrasına dair Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının hesabatını Məhkəmə hakimiyyətinə göndərib.
Məclis üzvlərinin bu gün keçirilən həm açıq, həm də qapalı iclaslarında ölkənin Atom Enerjisi Agentliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAGATE) arasındakı razılaşma müzakirə olunub.
Açıq toplantının əvvəlində çox sayda nümayəndə yanvarın 21-də MAQATE ilə beynəlxalq agentliyinin yaxın 3 ayda İranın nüvə obyektlərində yoxlamalar həyata keçirməsi barədə razılığa etirazlar bildirib.
Nəhayət, Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının hesabatına əsasən, Məclis daxili Nizamnaməsinin 234-cü maddəsinə istinadla, məhkəmə hakimiyyətinə müraciət etmək qərara alıb.
239 deputatdan 221 nəfər – lehinə, 6 nəfər – əleyhinə və 7 nəfər bitərəf olmaqla, hökumətin sanksiyaları ləğv etmək və milli maraqları qorumaq üçün Strateji Fəaliyyət Qanununun tətbiqini pozduğu barədə 3 bəndlik vəsatət qəbul olunub.
Parlament qanununda strateji fəaliyyətin həyata keçirilməsindən birbaşa məsul şəxs ölkə prezidentidir.
Beləliklə, İslami Şura Məclisi, Nizamnamənin 234-cü maddəsinə əsasən, prezident Həsən Ruhani və hökumət üzvü olan digər “qanunpozucu şəxslərin dərhal Məhkəmə Hakimiyyətinə cavabdeh qismində təqdim edilməsi”ni təsdiqləyib.
Xatırladaq ki, bundan əvvəl MAQATE baş direktoru Rafael Mariano Qrossi İrana ikigünlük işgüzar səfər edib və İranın milli atom enerjisi agentliyi başçısı Əli Əkbər Salehi ilə danışıqlar aparıb. Tərəflərin birgə bəyanatında qeyd olunub ki, “İran, əvvəllər olduğu kimi, MAQATE ilə tam və məhdudiyyətsiz hərtərəfli təminat müqaviləsini həyata keçirməyə davam edəcəkdir”.
Qrossi xarici işlər naziri Məhəmməd Cavad Zərif və prezident Həsən Ruhani ilə də görüş keçirib.
Parlamentin qəbul etdiyi Strateji Fəaliyyət Qanunu İslami Şura Məclisində təsdiqləndikdən sonra Nəzarət Şurasında tərəfindən təsdiqlənib və elə həmin gün spiker Məhəmməd Baqir Qalibaf prezident Həsən Ruhanini məktubla bu barədə məlumatlandırıb.