Rus qoşunları Zəngəzura doğru: Ermənilər narazı, bizimkilər narahat
Elxan Şahinoğlu: “Ruslar həm o tərəfdən, həm də bu tərəfdən sərhədi nəzarətdə saxlayacaqsa, bu, Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermyəcək”
Ceyhun Əhmədli: “Rusiya qoşunlarının bir postsovet ölkəsi ilə digərinin sərhədində yerləşməsi Ermənistanla Rusiya arasında imzalanmış strateji müttəfiqlik haqda müqavilənin bəndlərinə ziddir”
Bu günlərdə Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan deyib ki, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının bir hissəsi Sünik (Zəngəzur) bölgəsinə yerləşdiriləcək. Onun sözlərinə görə, bununla bağlı danışıqlar gedir.
“Rusiya hərbi bazasının tərkibindən hansısa birləşmələrin Ermənistanın şərq istiqamətində yerləşdirilməsi imkanları barədə danışmaq düzgün olardı. Bu kontekstdə məsələnin birgə araşdırılması davam etdirilir”, – deyə nazir vurğulayıb.
O, qeyd edib ki, Ermənistanın sərhədlərini qoruyan Rusiya sərhədçilərinin üzərinə əlavə funksiyalar qoyulub.
Görünən odur ki, bura Ermənistanın Azərbaycanla sərhədlərinin təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsi də daxildir. İkinci Qarabağ müharibəsindən sonra belə bir addımın səbəbləri diqqət çəkməyə bilməz. Söhbət Rusiya qoşunlarının Azərbaycanla sərhəddə yerləşdirilməsindən gedir. Əlbəttə, bu, ilk növbədə Ermənistanın bir dövlət kimi müstəqil olmadığının, sərhədlərini qoruya bilmədiyinin göstəricisidir.
Onsuz da, bu günədək Ermənistan Rusiyanın vassalı rolunda idi. Bu vaxtadək Ermənistanın İran və Türkiyə ilə sərhədlərini Rusiya hərbçiləri qoruyurdu. İndi Azərbaycanla sərhədlərin də ruslara həvalə ediləcəyi, Ermənistanın Rusiyanın tamamilə quberniyasına çevrildiyini göstərir.
Ekspertlər bildirirlər ki, Azərbaycan Ordusu sərhədlərini qorumağa, təhlükələrdən sığortalamağa qadirdir. O mənada, Rusiya qoşunlarının Ermənistan-Azərbaycan sərhədində olmasının fərqi yoxdur. “Onsuz da, Azərbaycan hansısa qonşu ölkənin ərazilərinə müdaxilə haqqında düşünmür, Ermənistanın sərhədində lap Fransa qoşunu olsun – bizim üçün önəmli deyil. Bu, Ermənistanın daxili işidir”, – ictimaiyyət nümayəndələrinin əksəriyyəti səsləndirir.
Ermənistanın daxili işidir demişkən, Arutunyanın bu açıqlaması İrəvanda etirazla qarşılanıb. Erməni politoloq Stepan Qriqoryan deyib ki, bu addım Ermənistanın suverenliyini məhdudlaşdıracaq: “Rusiya hərbi bazasının qüvvələrindən bir hissəsinin yerinin dəyişdirilməsi zamanı şərtlərin dəqiqləşdirilməsi mühümdür. Lakin narahatlıq var ki, bu proseslər Ermənistanın suverenliyindən güzəştə gedilməsinə gətirib çıxaracaq”.
“Rusiya müharibə vaxtı bizə kömək etdi? Eləmədi, siz bilirsiniz. Deməli, nazirin öz mövqeyini bildirmək haqqı var, amma erməni xalqının suverenliyinə, dövlətçiliyinə aid məsələləri bir və ya beş nəfər həll edə bilməz”, – deyə Qriqoryan “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında bildirib.
Politoloq əlavə edib ki, 102-ci baza haqda mövcud müqavilə qoşunların yerləşdirilməsinin şərtlərini dəqiq müəyyən edir: “Onların dəyişdirilməsi üçün yeni müqavilə lazımdır. Belə müqavilə isə parlamentin müzakirəsində təsdiq edilməli, Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməlidir. Bilirsiniz ki, Rusiya hərbi bazası Ermənistanda üç yerdə yerləşib: əsas hissəsi Gümrüdə, qərargahı İrəvanda, təyyarələri isə Erebuni aeroportunda. Əgər dəyişiklik edilirsə və Rusiya qoşunları həm də Sünikdə yerləşdirilməlidirsə, o zaman müqavilədə belə bənd olmalıdır. Onlar bu müqaviləni nə vaxt imzalamağı planlaşdırırlar, bu müqavilə ictimaiyyətə təqdim olunacaq ya yox? Çoxlu suallar var”.
“Rusiya qoşunlarının bizə sərfəli olduğu haqda ideyaya gəldikdə isə, biz müharibə vaxtı baş verənlərə baxmalıyıq. Azərbaycan, məsələn, Vardenisə də zərbə endirdi, lakin Rusiya bizə kömək etmədi”, – Qriqoryan əlavə edib.
Mövzunu AYNA-ya şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, İrəvan həmişə “Kremlin çubuğu” ilə hərəkət edib: “Ermənistan cəmiyyəti hesab edir ki, azacıq müstəqillikləri qalmışdısa, o da əldən gedir. Bu etiraz da ondan qaynaqlanır. Erməni nazirin bu açıqlaması bir daha göstərir ki, Ermənistanın müstəqilliyindən əsər-əlamət qalmayıb. Sərhədlərini qoruya bilməyən və ya qorumaq üçün gücü çatmayan ölkə, tamamilə Rusiyanın vassalına çevrilib”.
“Görünən odur ki, Rusiya Ermənistanın Azərbaycanla sərhədini qorumağa razılaşıb. Əgər belədirsə, o tərəfdən bizə qarşı hər hansı tərxibat baş verərsə, buna Rusiya sərhədçiləri cavabdeh olacaqlar”, – analitik vurğulayıb.
Şahinoğlunun qənaətincə, Azərbaycan da öz tərəfindən sərhədini gücləndirməlidir: “Laçın dəhlizi üzərindən sərhədimizin nəzarətə götürülməsi bunun tərkib hissəsi olmalıdır. Bunu etməsək, Rusiya qüvvələri həm o tərəfdən, həm də bu tərəfdən sərhədi nəzarətdə saxlayacaqlar. Bu isə Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermir. O tərəfdən özləri bilər, bu tərəfin nəzarətini Azərbaycan sərhədçiləri həyata keçirməlidirlər. Bunun başqa alternativi yoxdur”.
Politoloq Ceyhun Əhmədli AYNA-ya bildirib ki, erməni cəmiyyəti ölkələrinin Rusiyanın vassal olduğunu yaxşı anlayır: “Sərhədlərini Rusiya qoşunlarının qoruması məsələsinə mənfi reaksiyalarının səbəbi Ermənistanda formalaşmış anti-Rusiya ovqatı ilə bağlıdır. 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Ermənistan cəmiyyətində Rusiyaya yönəlik qatı nifrət hissi hakim kəsildi. Xatırlayırsızsa, müharibə bitdikdən sonra İrəvan küçələrinə toplaşan ermənilər Rusiyanı və onun rəhbərliyini kəskin formada təhqir hədəfinə çevirmişdi. Bütün bunlar isə onunla əlaqədar idi ki, Rusiya ənənəvi müttəfiqini müharibədə tək qoydu və ya Ermənistanın rüsvayçı məğlubiyyəti ilə nəticələnən müharibəyə Moskvadan seyirçi mövqe ilə yanaşıldı”.
“Belə olan təqdirdə, hakimiyyətə gəlmək istəyən siyasi qüvvələrin kütlə mövqeyindən çıxış etməkdən başqa çarələri qalmır. Hətta, Rusiyaya meyilli qüvvələr belə, əhalinin dəstəyini qazanmaq üçün öz kurslarında kardinal dəyişiklik etmək məcburiyyətində qaldılar”, – deyə siyasi şərhçi vurğulayıb.
O, məsələnin başqa bir tərəfinə də diqqət çəkib: “Rusiya dövləti regionda formalaşmaqda olan yeni geosiyasi dinamikanın davam etməsində maraqlıdır. Liderlərin 11 yanvar Moskva görüşünün nəticələri də bunu təsdiq edir. Moskva müharibənin bitməsi ilə bağlı imzalanan 10 noyabr Üçtərəfli Bəyanatın maneəsiz şəkildə icra edilməsi üçün Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsini istəmir. Belə olan halda Ermənistan müxalifətinin Rusiyadan gözləntiləri suya düşmüş olur. Ona görə də, radikal siyasi qüvvələr artıq Qərbə doğru reveranslar etməyə çalışırlar”.
Qoşunların sərhəddə yerləşdirilməsinə gəlincə, C.Əhmədli xatırladıb ki, ümumiyyətlə, Rusiya qoşunlarının bir postsovet ölkəsi ilə digərinin sərhədində yerləşməsi Ermənistanla Rusiya arasında imzalanmış strateji müttəfiqlik haqda müqavilənin bəndlərinə ziddir: “Rusiya hərbçiləri Ermənistanın yalnız qeyri-postsovet ölkələri ilə sərhədlərini mühafizə edə bilər. Bütün hallarda, Azərbaycan hərbçisi sərhədimizi qorumağa qadirdir. Hesab edirəm ki, Ermənistanla sərhədimiz daha da möhkəmləndirilməlidir – Rusiya qoşunu orda oldu, ya olmadı”.