“Rus tarixi torpaqlarına çəkilməyənədək…” – Dahi Rəsulzadə imperiya haqda nə demişdi?

Ukrayna böhranı üzrə danışıqlar yəqin ki, bu həftə öz kulminasiyası nöqtəsinə çatacaq. Hər necə olmasa, prezident Donald Tramp həmkarı Volodimir Zelenskidən noyabrın 27-ədək, Şükranlıq Gününədək qəti cavab gözlədiyini deyib. Bir-iki gün o yan-bu yan da ola bilər.

Cavab isə asan sayılmaz. Çünki qiyməti son dərəcə böyük. Hələlik yaxşı xəbər odur ki, ABŞ və Ukrayna Cenevrədə Avropa Birliyinin aparıcı dövlətlərinin də qatıldığı görüşdə yenilənmiş sülh müqaviləsi layihəsini hazırlayıb. Bu haqda Ağ Ev rəsmi məlumat yayıb.

Bildirilir ki, müzakirələr “konstruktiv, məzmunlu və hörmət əsasında” keçib, “sülhə nail olmaq üçün ortaq öhdəlik təsdiqlənib”. “Tərəflər məsləhətləşmələrin yüksək məhsuldarlığını və mövqelərin razılaşdırılmasında əhəmiyyətli irəliləyişi vurğuladılar. Gələcəkdə əldə ediləcək istənilən razılaşma Ukraynanın suverenliyini tam şəkildə təmin etməli, davamlı və ədalətli sülhə nail olmalıdır. Vaşinqton və Kiyev qarşıdakı günlərdə birgə təkliflər üzərində intensiv işi davam etdirmək və Avropa tərəfdaşları ilə sıx əlaqə saxlamaq barədə razılığa gəlib”, – məlumatda vurğulanır.

Bu artıq ilkin 28 bəndlik kapitulyasiya sənədi layihəsi ilə müqayisədə Kiyevin xeyrinə əhəmiyyətli irəliləyişdir. Belə görünür, “müharibəni bitirmək üçün yalnız Rusiya razı salınmalıdır” yanaşmasının nə dərəcədə təhlükəli olduğuna, nəhayət, ABŞ-ı, Trampı inandırmaq mümkün olub…

Bu barədə kifayət qədər yazılıb. Rusiya və onun lideri heç bir halda başladığı işğalçı müharibədən qalib qismində çıxdığını zənn etməməlidir. Ona görə ki, bu qələbə təkcə Ukraynaya və onun xalqına yox, bütövlükdə Qərbə, pis-yaxşı oturuşmuş qlobal təhlükəsizlik arxitekturasına, özəlliklə regiona, postsovet məkanına çox baha otura bilər.

Axı kim zəmanət verə bilər ki, qonşu Ukraynada istədiyinə çatan Moskvanın iştahı artmayacaq, kiçik fasilədən sonra o, gözünü başqa yad torpaqlara tikməyəcək? Rusiya Krımla, Donbasla, Luqanskla, Xersonla kifayətlənəcəkmi? Kremlin ambisiyalarını cilovlaya biləcək tək qlobal güc isə ABŞ-dır. Təbii ki, Avropadakı müttəfiqləri və NATO ilə birgə. Deməli, tarixin sınağından keçən həm də Birləşmiş Ştatlar və onun prezidentidir.

Konkret olaraq Tramp bu həftə artıq yeni və bitkin bir sənədlə Putini fakt qarşısında qoya bilər. Ondan imtina avtomatik şəkildə Moskvanın sülh tərəfdarı olmadığını göstərəcək – bütün mümkün nəticələri, yeni və qat-qat ağır sanksiyalarla birgə. Rusiya, onun iqtisadiyyatı isə heç vaxt olmadığı qədər sanksiyalara qarşı çox həssas duruma gəlib. Moskva indi hətta dünyada ən ucuz neftinə belə alıcı tapmaqda çətinlik çəkir…

Bu yerdə vaxtilə böyük Məmməd Əmin Rəsulzadənin peyğəmbərcəsinə söylədiyi sözlər yada düşür: “Rus kiçilib öz tarixi torpaqlarına sığışmayana qədər dünya xalqlarına rahatlıq yoxdur”.

Əlbəttə ki, xüsusən də qonşu xalqlara. İstər müsəlman-türk olsun, istərsə də xristian. 4 ildir dilbir, dinbir Ukraynaya qarşı aparılan təcavüzkar müharibə görkdür. Tarix isə onun dərslərini ciddiyə almayanlar üçün təzədən təkrarlanır.

Dahi Rəsulzadənin öngörməsinə gəlincə, əfsus ki, SSRİ-nin dağılması ilə proses bitmədi, yarımçıq qaldı. Acı gerçək belədir ki, dünyanın ən “uzunömürlü”, ən qəddar imperiyası XXI əsrdə də böyümək cəhdləri göstərməkdə, bəşəriyyətə meydan oxumaqdadır. Sonuncu cəhdlərmi? Qarşısı alınacaqmı?..\Zahid SƏFƏROĞLU Musavat\

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button