“Rusiya Azərbaycanda hakimiyyətə iddialı bir neçə qrupla işləyir” –”Yaxın illərdə Rusiyanın iradəsindən kənar addım ata bilməyəcəyik”

Məlum olduğu kimi, Rusiyada iyunun 24-də Qələbə Paradı keçirildi və bu parad bir çox müzakirələrə və qaranlıq məqamlara səbəb oldu. Belə ki, Rusiyada pandemiyanın tüğyan etməsinə rəğmən, Putinin paradın keçirilməsinə icazə verməsi, Rusiyada günü-gündən aşağı düşən sosial iqtisadi vəziyyətə kölgə salmaq və güc nümayiş etdirməklə problemli balanslaşdırmaq istəyi kimi şərh edildi.

Digər tərəfdən, bu parad həm də Putinin Qərbə güc nümayiş etdirmək, yaxud post-sovet ölkələrini SSRİ-nin varisi kimi yenidən öz təsirinə salmaq kimi qələmə verildi.

Politoloq Nəzakət MƏMMƏDOVA mövzu ətrafında AYNA-nın suallarını cavablandırıb:

 Nəzakət xanım, Rusiyada pandemiyaya rəğmən, böyük parad keçirildi və bu, heç də birmənalı qarşılanmadı. Hətta iddia olundu ki, Prezident Vladimir Putin ölkədəki vahiməli durumu güc nümayişi ilə balanslaşdırmaq istəyir. Siz necə hesab edirsiz?

– Bu paradı Putinin ölkə daxilinə və xaricinə ünvanlanmış çoxməqsədli ehtişam, güc, qüdrət mesajları ehtiva edən tədbiri hesab etmək olar. Bu, ilk növbədə, Rusiyanın hazırda dünyanı sarmış ən ciddi təhlükə – koronavirus pandemiyası üzərində qələbə paradı olmalı idi. Artıq nə hərbi qüdrət, güclü iqtisadiyyat, geniş ərazi, təbii resurslar, əlverişli geosiyasi mövqe, nə də müdrik geostrategiya – heç nə sıfırlanmış dünyada yeni səhifə açılan zaman hegemonluq üçün piramidanın zirvəsində olmaq üçün yetərli göstərici deyil. Yeni dünya nizamında pandemiya üzərində parlaq və inamlı qələbə qazanmış ölkənin liderliyə layiq olduğu qəbul ediləcək və Putin anlayır ki, pandemiya bitdikdən sonra dünyada iki güc mərkəzi – ABŞ və Çin arasında hegemonluq savaşı başlayacaq, burada isə Rusiyaya yer yoxdur.

Parad keçirməklə o, Rusiya üçün koronavirus təhlükəsinin artıq sovuşduğunu diqqətə çatdırmağa çalışır. Post-pandemiya dövrü həm də “soyuq müharibə” dövrü reallıqlarının başa çatdığı yeni dünya düzəninin başlanğıcı olacaq və Rusiyanın hegemon güclərdən biri kimi, rolu tarixə qovuşacaq.

Rusiya İkinci Dünya Müharibəsindən qalib çıxmış SSRİ-nin varisi kimi, pre-pandemiya dövründə müəyyən qədər öz mövqeyini qoruyub-saxlaya bilmişdi, həmin dövrün əsas təşkilatı olan BMT-nin daimi üzvü kimi, dünya siyasətində söz sahibi idi. Lakin post-korona dövründə bunların hamısı tarixə çevriləcək. Artıq faşizmi məğlub etmiş dövlətlərin yox, koronavirusla mübarizədə uğur qazanmış ölkələrin üstün olduğu yeni dünya düzəni başlanır. Parad keçirməklə Putin Rusiyanın həmin yeni düzəndə liderliyə layiq olduğunu sübut etməyə çalışır.

 Əgər belədirsə, Putin gücünü kimə, yaxud, kimlərə nümayiş etdirmək istəyir?

– Putin öz gücünü Rusiyanın xarici rəqiblərinə, düşmənlərinə, həm də öz əhalisinə nümayiş etdirmək istəyir. Daxilə nümayiş ona görə lazımdır ki, o, Rusiya əhalisinin psixologiyasını bilir, Rusiya varyaqların hücumundan, monqol işğallarından, Napoleonla müharibədən, iki dünya müharibəsindən çıxmış ölkədir, üstəlik iqlimi sərtdir, rus xalqı əsrlərlə məhrumiyyətlərə sinə gərib, onlar üçün sabitliyi təmin edə biləcək güc, xüsusilə hərbi qüdrət əsas güc və qürur mənbəyidir.

Yer kürəsinin 1/6-nə nəzarət etmiş imperiyanın varisi olmaq onlarda bir şovinizm, hegemonluq ambisiyası da formalaşdırıb. Putin əsrlərlə formalaşmış rus xalqının ambisiyalı hegemonluq təfəkkürü üzərindən manipulyasiya edir və bu, əksər rusların ona olan rəğbətini artırır.

Eyni zamanda, SSRİ-nin bərpası ruslarda tək hegemonluq yox, eyni zamanda sosial bərabərlik, ədalət, rifah ilə təcəssüm edir və onlar Putinin bunları bərpa etməyə qadir olan Prezident olduğuna inanırlar. Referendum öncəsi bu, Putinə çox vacibdir. Konstitusiya dəyişikliyinin əhalinin əksəriyyətinin razılığı ilə baş tutması Putinin beynəlxalq tənqidlər qarşısında legitimlik qalxanı ilə dayanmasının etibarlı təminatçısıdır. Son dövrdə, əsasən ABŞ və bəzi Qərb ölkələrinin apardığı təbliğatda SSRİ İkinci Dünya Müharibəsində faşizmi məğlub edən əsas ölkələrdən biri yox, Almaniya ilə birgə müharibəyə başlayan ölkə kimi təqdim olunur. Sovet ordusu işğalçı ordu kimi təsvir olunur və belə bir şəraitdə Putin İkinci Dünya Müharibəsi haqda şəxsən kitab yazır və qələbə paradı təşkil etməklə Qərbin təbliğatını yerlə-yeksan etməyə çalışır. Tarixi faktlar da SSRİ-nin qələbəyə böyük töhfəsini göstərir. Almaniya arxivlərinin məlumatları da təsdiq edib ki, 4,8 milyon alman əsgərinin 78 faizi Şərq cəbhəsində Sovet qoşunları tərəfindən məhv edilib. Bunları əsas götürən Putin SSRİ-nin varisi kimi qələbəni qeyd etməyə haqqı çatdığını bütün dünyaya, ilk növbədə SSRİ-nin qələbəsini şübhə altına alan Qərbə bir daha nümayiş etdirir.

 Putin bəyan edib ki, Sovet İttifaqı dağılarkən, respublikalar İttifaqın tərkibindən Rusiya xalqının onlara hədiyyə etdiyi torpaqlarla birgə çıxıb. Bu, Rusiyann post-sovet məkanında yaranmış yeni dövlətlərə qarşı ərazi iddiaları olmasının göstəricisi deyil?

– Keçmiş sovet respublikaları SSRİ və onun siyasi-hüqüqi varisi Rusiyaya bir sıra iddialarla çıxış etdiyi kimi, Rusiyanın da qarşılıqlı iddiaları var və Putin bu yaxınlarda onlardan bir neçəsini dilə gətirib. Keçmiş sovet respublikalarına ərazi iddialarından birinin bariz nümunəsi Krım məsələsi idi ki, Rusiya bunu muxtar respublikanın ilhaqı yolu ilə həll elədi. Sovet dövründə bəzi respublikaların tarixi ərazisi alınıb digərinə verilib, bəzilərinin ərazisində, məsələn, Dağlıq Qarabağda olduğu kimi, etnik əsaslarla muxtar respublikalar yaradılıb və s. Rusiya onsuz da SSRİ-nin yaratdığı inzibati ərazi bölgüsü nəticəsində meydana gəlmiş etnik-ərazi münaqişələrilə manipulyasiya edərək, keçmiş sovet respublikalarının daxili işlərinə müdaxilə edir, onların Qərbə inteqrasiyasına mane olur. Üstəlik, onlardan bəzisinin, məsələn, Gürcüstandakı separatçı rejimlərin müstəqilliyini tanıyıb. Azərbaycana Qarabağ məsələsini hərbi yolla həll etmək, öz ərazi bütövlüyünü təmin etmək imkanı vermir, hansı ki, Azərbaycanın Müdafiə naziri bəyan edib ki, məsələn, aprel döyüşləri Moskvadan gələn zənglərlə dayandırılıb. Halbuki Rusiya öz ərazisində baş qaldırmış etnik separatizmi amansızcasına məhv etdi.

Rusiya öz torpaqlarını kimsəyə verməyib, çünki onun tarixi torpaqları çox kiçikdir, indiki ərazisini isə qəsbkarlıq, müharibələr yolu ilə əldə edib, ona görə də heç bir keçmiş sovet respublikasına ərazi iddiası irəli sürə bilməz. Qeyd etdiyimiz kimi, Ukraynaya verilmiş Krım idi ki, heç o da tarixi rus torpağı deyil, 1783-cü ildə qəsb edilib. Rusiya yalnız o cür sovet respublikalarına iddia irəli sürə bilər ki, onlar üçün heçdən bir dövlət var edib, onun ərazisini qonşu ölkələrin hesabına genişlədib. Məsələn, Ermənistana. Hər halda, Azərbaycan Rusiyanın heç bir iddia obyekti ola bilməz, çünki Rusiya bizim üçün nə dövlət yaradıb, nə də onu genişləndirib. Əksinə, torpaqlarımızda biri tanınmış, biri tanınmamış iki qondarma erməni “dövləti” yaradıb.

 İyul ayında Rusiyada referendum keçiriləcək və referendum nəticəsində konstitusiyaya dəyişiklik qəbul edilsə, bu, Putinin ömürlük prezidentliyinə yol açacaq. Rusiyanın çökmüş sosial-iqtsadi vəziyyətini nəzərə alsaq, Putinin qələbəsi nə qədər mümkündür?

– Putin qələbə qazanacaq, buna heç bir şübhə yoxdur. Əsl, təmiz qələbəni neçə faiz səslə qazanacaq, məsələ budur. Hər halda, legitim konstitusiya dəyişikliyinə imkan verən yetərli sayda səs alacağı məlumdur. Rusiya əhalisi Putini dəstəkləyir, bu, qeyd etdiyimiz kimi rus xalqının təfəkkür tərzindən irəli gələn məsələdir. Bunun üçün dövlət aparatı, peşəkar PR menecerlər, siyasi texnoloqlar gecə-gündüz təbliğat aparır və parad da onun bir proyekti idi. Putinin ömrünün sonunadək Prezident olmamağa, sadəcə, haqqı yoxdur. Nə mövcud şərait, nə onu hakimiyyətə gətirən qüvvələr ona seçim imkanı vermir.

Eyni zamanda, prezidentlik postu onun və ətrafının şəxsi təhlükəsizlik, yığdığı milyardların onun sərəncamında qalması, hakimiyyəti dövründəki bəzilərinə, xüsusilə Qərbə görə cinayət hesab edilən fəaliyyətinə görə beynəlxalq tribunal qarşısına çıxmamağın qarantıdır. Putin qüdrətli dövlət aparatının, sadəcə, görünən fiqurudur, o, Rusiyanı təkbaşına idarə etmir, bu, fiziki cəhətdən mümkün belə deyil. Kölgə hakimiyyəti, dərin dövlət anlayışları bütün dövlətlərdə olduğu kimi, Rusiyada da var. Hər halda, bunu sübut edən bir çox faktlar tarix boyu olub, indi də var. Nəinki dövlət idarəçiliyində söz sahibi olmaq, dövlət başçısının varisliyi məsələsini də onlar həll edir. Xüsusilə Putinin hakimiyyət illərində güc strukturlarının rəhbərləri yenidən ölkədə imtiyazlı hala gəldilər. Ölkənin resurslarının böyük bir hissəsi onların nəzarətinə keçdi, onlar həddən çox varlandılar. Vətəndaş cəmiyyətləri onlardan hesabat tələb etməyəcək qədər zəif durumdadır. Belə bir şəraitdə, Putinin indiyədək hakimiyyətdə olduğu dövr sıfırlanır və o, 2024-cü ildən başlayaraq iki dəfə 6 il, yəni 2036-cı ilədək hakimiyyətdə qalmaq imkanını konstitusiya dəyişikliyi vasitəsilə həyata keçirmək imkanı əldə edir. Yəqin ki, fövqəladə, fors major bir səbəb meydana gəlməsə, bu plan baş tutacaq. Proseslər o istiqamətdə cərəyan edir.

 Putin ömürlük prezidentlik statusunu əldə etmək üçün ona daha çox xarici qələbələr, yeni torpaqların əldə edilməsi, SSRİ-nin başqa formada olsa belə, bərpası lazımdır. Çünki daxili vəziyyət onsuz da pisdir. O zaman Putin sözdən əmələ keçə bilər?

– Putinin və ətrafının ən əsas bir siyasi məqsədi var: Rusiyanı yenidən fövqəldövlətə çevirmək. Fövqəldövlətin Prezidenti, əlbəttə, dünyada ilk söz sahibləri sırasındadır, dünya resurslarına nəzarət edən güclülər klubunda yer tutur, adını tarixə Vladimir Monomax, Vladimir Lenindən sonra üçüncü böyük Vladimir kimi həkk etmək imkanı qazanır və s.

Putin Rusiyanı fövqəlgücə çevirmək missiyasını üzərinə götürmüş lider obrazında çıxış edir. O anlayır ki, Rusiyanın keçdiyi tarixi yol onun güclü dövlət olmasını labüd edir. Bu, Rusiyanın dövlət olaraq mahiyyətinin, rus xalqının düşüncə tərzinin əsasını təşkil edir. Rus xalqı güclü çar, güclü baş katib, güclü Prezidentə ikrahla yox, əksinə, hər zaman rəğbətlə yanaşıb və Putin onların əksəriyyətinin arzularının təcəssümüdür.

Qərbin nəzərində Rusiya demokratiyaya uğurla keçid edərsə, daha güclü, cazəbədar və etibarlı ölkə ola bilərdi, nəinki totalitar üsul-idarəçiliklə. Lakin Putinin özünün Rusiyada demokratiya barədə belə bir fikri var ki, Qərbdə demokratiya əsrlərlə təşəkkül tapmış bir prosesdir, Rusiya isə tamam başqa bir tarixi yol keçib. Bu tip demokratiya Rusiya üçün təhlükəli və yaddır.

 Bəs bütün bunların fonunda Putin gələcəyi necə planlaşdırır?

– Konstitusiyaya görə, onun indiki prezidentlik müddəti 2024-cü ildə başa çatır. Qərbi narahat edən 2024-cü ildən sonra Rusiyada Putinin yaratdığı üsul-idarəçiliyin qalıb-qalmayacağıdır. Onları düşündürən budur ki, həmin müddətdən sonra Putinizm tarixə qovuşacaq, yoxsa Rusiyanın dövlət siyasəti konsepsiyası kimi davam edəcək?! Artıq məlum oldu ki, Putin bundan sonra ən azı 16 il daha Rusiya dövlətinin başında durmağı legitim yolla həll etmək fikrində israrlıdır. Təbii ki, xarici qələbələr ona hava-su kimi lazımdır. Putinin Andropov, Qorbaçov, Yeltsinlə müqayisəolunmaz aqressiv xarici siyasət yeridən Rusiya dövlət başçısı olduğu sirr deyil. 1979-cu ildə Əfqanıstana sovet qoşunu yeridilməsindən sonra Putinin Suriyaya qoşun yeritməsi Rusiyanın beynəlxalq ambisiyalarını güc vasitəsilə həyata keçirməsini göstərdi. Putin MDB məkanında və ümumilikdə dünyada Rusiyanın qüdrətini və fövqəlgüc iddialarını səylə davam etdirəcək və konstitusiya dəyişikliyi ona bu imkanları hələ uzun illər verəcək.

 Bütün bu proseslərə nəzərən, Azərbaycanı hansısa təhlükə gözləyir?

– Putin Böyük Avrasiya strategiyasını inkişaf etdirməkdədir. Bu, qüdrətli Rusiyanın sığına biləcəyi etibarlı qaladır. Onun üçün Avropa ilə münasibətlər həlledici əhəmiyyət daşımır. O özü Avropa və Asiyanın qovuşduğu bir güc mərkəzi yaradır və inkişaf etdirməkdə israr edir. Kremlin ideoloqları, Lubyanka və Yasenevodakı əks-kəşfiyyat və kəşfiyyat strukturları, oliqarxlardan ibarət ətrafı, hərbi-sənaye kompleksi və s. onun xidmətindədir. Dünyada yenidən fövqəlgücə çevrilmək üçün Rusiya Putinin başçılığı altında savaş aparır. Yaxın Şərqdə, Uzaq Şərqdə, Latın Amerikasında, hətta Arktikada geosiyasi, iqtisadi, hərbi və s. maraqları olan dövlət ilk növbədə vaxtilə onun tabeliyində olmuş torpaqları, o cümlədən Azərbaycanı özünün nüfuz dairəsi hesab edir.

Qərbə inteqrasiya etmək arzusunda olan keçmiş Sovet İttifaqı ölkələrinin üzləşdiyi təzyiqlərdən biri ilə illərdir qarşılaşan bir ölkə olaraq Azərbaycan hazırda Rusiyanın faktiki təsir dairəsindədir. Qərbin bəzi güc mərkəzləri ilə yanaşı, həm də Rusiyanın icazəsi olmadığı üçün torpaqlarını azad edə bilmir. Avropa İttifaqı ilə Assosiasiya Sazişinin imzalanması ləngiyir, axı Azərbaycan və Rusiya arasında 2020-2021-ci illərdə Təhlükəsizlik Şuraları arasında koordinasiya və iki ölkə XİN-in məsləhətləşmələrinə dair razılaşmalar var. Bu, o deməkdir ki, Azərbaycan istənilən xarici siyasət addımını Rusiya ilə razılaşdırmalıdır. Daxili siyasətdə isə ən böyük “5-ci kalon”a malik ölkə Rusiyanın olması ehtimalı var. Bu baxımdan, Azərbaycan yaxın illərdə Rusiyanın iradəsindən kənar heç bir addım ata bilməz.

Fikrimcə, İlham Əliyev ölkə daxilində hansısa ciddi təxribat cəhdi şübhəsindən narahat olduğu üçün Moskvadakı parada qatılmaqdan imtina etdi. Rusiya Azərbaycanda artıq bir neçə mütləq hakimiyyətə iddialı qruplarla işləyir və onların heç də hamısı İlham Əliyevə sadiq deyil.

Mənbə
strateq.az
Hamısını Göstər

Related Articles

Back to top button