“Rusiya, bizi bağışla! Sən bizi atıb getməzsən? Ermənilər artıq Qərblə dost olmaq istəmir”
Rusiyanın “Arqumentı i Faktı” nəşrində “Rusiya, bizi bağışla! Sən bizi atıb getməzsən? Ermənilər artıq Qərblə dost olmaq istəmir” adlı məqalə dərc olunub.
Ermənistanda baş verən hadisələrə və Rusiyadan gözləntilərə həsr olunmuş yazının müəllifi Georgi Zotovdur. O, İrəvanda olaraq yerli sakinlərlə söhbət edib və onların fikirlərilə tanış olub.
Ermənilər bildirib ki, İkinci Qarabağ müharibəsi günlərində Qərb Ermənistana ünvanlanmış dəstək mesajları verdi, ABŞ-ın o dönəmdəki prezidenti Donald Tramp atəşkəsə nail olmağa çalışdı. Düzdür, atəşkəs cəmi 2 saat çəkdi. Müharibə yalnız Rusiyanın vasitəçiliyi ilə dayandı. İndi məhz Rusiya hərbçiləri Qarabağda mina sahələri və partlamamış mərmilərin arasında xidmət edir.
İndi İrəvanın mərkəzində, Baqramyan prospektində müxalifətin mitinqlərində ermənilər bu cür şüarlar səsləndirir: “Bizə Qərb lazım deyil. Ruslarla birlikdə olmaq istəyirik! Bizdən incimisiniz? Bağışlayın bizi!”.
Ermənilər iddia edirlər ki, Rusiya və Belarusun vahid dövlətinə Ermənistan da daxil olarsa, türklər onlara toxuna bilməzlər.
İrəvan sakini Aram Qurgenyan deyir ki, ruslar yeganə dostlarıdır:
“Ruslar yeganə dostlarımızdır! Bunu həmişə demişəm və deyəcəyəm. Əgər 1920-ci ildə Rusiyanın tərkibinə qatılmasaydıq, türklər erməniləri məhv edərdi. Ermənilərin qırğına məruz qalmadığı yeganə dövr Sovet dövrü olub”.
37 yaşlı kompüter proqramçısı Eduard Qaregyan isə bildirir ki, Amerika və Avropa onları uşaq kimi aldatdı:
“Ermənistan bizdən dəfələrlə güclü düşmənlə üzbəüz qaldı. Onlar, amerikalılar və avropalılar isə oturub sanki zooparkdakı kimi baxır, bizi necə parçaladıqlarını izləyirdilər”.
Ermənilərin dediklərinə görə, indiki Baş nazir Nikol Paşinyan müxalifətdə olanda ölkəni Avrasiya İqtisadi Birliyindən və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağa çağırırdı. Amma Paşinyan Baş nazir kreslosuna əyləşən kimi onun Rusiyaya qarşı yönəlmiş çağırışları bir anda yox oldu. Məlum oldu ki, erməni siyasətçilər Rusiya ilə əlaqələrin kəsilməsinə görə xeyli pul itirməyə hazır deyillər.
Ermənistan silahlı qüvvələrinin sabiq kapitanı Suren Ter-Qukasyan deyir ki, burada hamı pulla özünə dost tutmağa öyrənib:
“Bizə deyirdilər ki, ermənilərin nifrət etdikləri prezident Serj Sarkisyan hakimiyyəti Rusiyaya meylli idi. Yəni Rusiya bu cür pis adamları, oğru və rüşvətxorları dəstəkləyirdi. Yeni baş naziri Corc Soros fonduna yaxın şəxslər əhatə edirdi və Rusiya əleyhinə fikirlər səsləndirirdi. Paşinyan isə anlayırdı ki, Rusiya ilə münasibətləri korlamağa dəyməz. Bəlkə də o, Lukaşenko kimi Qərbə yönələcəyini deyib Rusiyadan pul almağı fikirləşirdi. Bizdə hamı pulla özünə dost tutmağa öyrənib”.
Ermənilərin fikrincə, əslində, Qarabağ probleminin çözülməsi Qərbi heç zaman maraqlandırmayıb. ABŞ-ın qondarma “erməni soyqırımı”nı tanımasına gəldikdə isə, Vaşinqton bunu Türkiyəni qıcıqlandırmaq, Ankaradan qisas almaq üçün etmişdi.
“Ermənistanın sağ qalmaq, məhv olmamaq üçün, sadəcə, bir şansı qalıb. Tamamən Rusiyaya meylli mövqe tutmaq. Qəribədir ki, Ermənistanda hələ də bunu tam anlamırlar”, – deyə İrəvan sakinləri bildirir.
Mənbə: “Vestnik Kavkaza”