Rusiya bu yolla Qarabağda ömürlük qalmaq istəyir – Kremlin ən böyük hədəfi nədir?
“Qarabağda qondarma qurumun statistika komitəsi məlumat yayıb. Məlumatda bildirilir ki, bu ilin yanvar-fevral aylarında 93 yeni müəssisə qeydiyyatdan keçib. Qeydiyyatdan keçən kiçik biznesin bir neçəsi tikinti sektoruna, əksəriyyəti isə xidmət sahəsinə – kafe, restoran, hamam, kiçik dükan, bərbərxana, çatırılma xidməti, camaşırxana və sair kateqoriyaya aiddir”.
Bu barədə iqtisadçı ekspert Natiq Cəfəli məlumat paylaşıb. Ekspertin sözlərinə görə, qondarma rejimin nəzarətində olan torpaqlarda yaşayan erməni əsilli azərbaycanlılar (bizim vətəndaşlar) uzun illərdir işğaldan bəhrələnirdilər. Yəni işğal altında olan torpaqları talamaqla dolanırdılar. İndi işğala böyük ölçüdə son qoyulub, iqtisadi fürsətlər daralıb. Buna görə də, onların yeganə qazanc mənbəyi 1960 rus əsgərinə və onların ailə üzvlərinə – təqribən 500 nəfər Rusiyanın müxtəlif nazirlik-dövlət idarələrinin nümayəndələrinə qulluq etməkdir.
Artıq orada yaşayan ermənilər Rusiya əsgərlərinə xidmət göstərməklə dolanmağa başlayıblar. Hətta artıq ödənişləri də onlardan “rubl”la alırlar. Bu o deməkdir ki, Rusiya onlar üçün artıq tək xilaskar və arxa deyil, həm də birbaşa dolanışıq mənbəyidir. Kremlin də əsas hədəfi budur ki, yerli erməni əsilli azərbaycanlıları özlərinə daha çox bağlasınlar. Nəticədə hətta rəsmi Bakı çıxmaqlarını tələb etsə də, “yerli əhalinin tələbi və xahişi ilə” orada qalsınlar. Bizim əsas strateji hədəflərimizdən biri isə erməni əsilli azərbaycanlıları iqtisadi olaraq daha çox özümüzə bağlamaq olmalıdır, bu çox vacibdir. Ağılla, təmkinlə, pafossuz bu yolla getməliyik”.