“Rusiya bu zərbələri qaldıracaq gücdə deyil” – “”Sanksiya koalisiyası” bədəl ödəməyə hazır görünür”
“Rusiyanın Ukraynaya hərbi təcavüzünə görə Qərbin az qala “nüvə silahı” effektli iqtisadi sanksiyaları ağır nəticələri qlobal iqtisadiyyat üçün problemləri qaçılmaz edir”.
Bu sözləri iqtisadçı Rövşən Ağayev Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların mümkün təsirlərini şərh edərkən deyib.
“Avrozonada istehsalçı qiymətləri indeksi görünməmiş səviyyəyə çatıb – illik bazada 30%-i ötür. Şübhəsiz ki, bu ilk növbədə dünya əmtəə birjalarında başda enerji daşıyıcıları olmaqla bir sıra sənaye xammalının, xusüsilə metallurgiya məhsulları kəskin bahalanmasının nəticəsidir”,- o qeyd edib.
Ekspertin szölərinə görə, qlobal miqyasda yüksək inflyasiyanın uzunmüddətli olması real sektor böhranını qaçılmaz edir: “İstehsal xərclərinin artması ilə müşaiyət olunan kəskin bahalanma müəyyən müddətdən sonra istehlak tələbinin azalmasına, o isə zəncirvari olaraq təklifin ixtisar səbəb olur. Məsələn, Yaponiya, C. Koreya, Almaniya və ABŞ kimi bir sıra ölkələrin Rusiya bazarında avtomobildən tutmuş yüksək texnoloji məhsullar istehsalına qədər çoxsaylı fabrikləri bağlaması onların məcmu mal təklifinə, sonda isə gəlirlərinə təsirsiz ötüşmür”.
İqtisadçı bildirir ki, real sektor böhranı maliyyə institutları qarşısında öz öhdəliklərini yerinə yetirə bilməyən kreditorların timsalında maliyyə böhranını doğurur: “Şübhəsiz ki, dünya iqtisadiyyatının tam 60%-ni formalaşdıran “sanksiya koalisiyası”nın nəhəng resursları qarşısında bu itkilər kiçik görünür və hətta Rusiyanın tam çöküşü müqabilində daha bir qlobal iqtisadi böhran üçün bədəl ödəməyə hazır görünürlər. Amma qlobal iqtisadiyyatın təxminən 2%-nə sahib olan Rusiya qlobal sanksiyalar nəticəsində istifadə edə biləcəyi resursların az qala üçdə ikisinin istifadəsiz hala gələdiyi indiki şərtlərdə bu böhranı qaldıracaq gücdə deyil”.