Rusiya desantçıları Alma-Ata aeroportunu nəzarətə götürdü

Qazaxıstana yeridilən və əsasən Rusiya qüvvələrindən ibarət olan KTMT kontingenti Alma-Ata aeroportunu nəzarətə götürüb. Bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

“Hazırda Qazaxıstanın hüquq-mühafizə orqanları ilə birlikdə Alma-Ata aeroportu tam nəzarətə götürülüb. Sülhməramlı kontingentin qüvvələri şəhərdəki Rusiya konsulluğunun və digər mühüm obyektlərin də təhlükəsizliyini təmin edir. KTMT sülhməramlıları Qazaxıstan hüquq-mühafizə orqanlarının əməkdaşlarına qanunçuluğun təmin edilməsində və qayda-qanunun yaradılmasında dəstək verir”, – açıqlamada deyilir.

Konaşenkov qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin yaratdığı, 70-dən çox İl-76 və An-124 hərbi-nəqliyyat təyyarələrindən ibarət aviaqruplaşma sutka ərzində dayanmadan KTMT kontingentinə daxil olan Rusiya qüvvələrinin Qazaxıstana daşınmasını həyata keçirir. Rusiya qüvvələrinin tərkibinə Hava Desant Qoşunlarının 45-ci əlahiddə briqadasının, 98-ci hava-desant diviziyasının və 31-ci əlahiddə briqadasının bölmələri daxildir.

Qazaxıstana yeridilən KTMT qüvvələrinə Rusiyanın hava-desant qoşunlarının komandanı, general-polkovnik Andrey Serdyukov rəhbər təyin edilib.

Hamısını Göstər

Related Articles

Back to top button