“Rusiya həyasız iddialarla çıxış edir…” – “Moskvanın Qazaxıstanı bölmək, Azərbaycana girişmək niyyəti var…”
Elçin Şıxlı: “Bizim rus ordusunu ölkədən çıxarmaq təcrübəmiz var, artıq iki dəfə bunu edə bilmişik, bunları da çıxaracağıq!”
“Ruslar ərazini götürürlər, amma saxlaya bilmirlər. İndi tayqada, tundrada çaqqallar ulayır…”
“Ermənistanla Azərbaycan arasındakı münaqişə beynəlxalq aktorların regiona burunlarını soxması üçün bir vasitədir”
Azərbaycan son iki ildə böyük işlər görə bilib. 2022-ci ildə hadisələrin inkişaf ssenarisinin necə olacağını isə indidən demək bir qədər çətindir. Bununla yanaşı, böyük dövlətlərin, xüsusilə, güc mərkəzlərinin qarşıdurması davam edir və onların hər biri öz oyununu oynayır. Bunun fonunda Azərbaycan da öz maraqları uğrunda mübarizə aparmaqda davam edir. Bu baxımdan yeni təqvim ilində regionda və dünyada nələrin baş verəcəyi barədə proqnozlar hər kəs üçün maraqlıdır.
“AzPolitika.info” bu mövzunu analitik Elçin Şıxlı ilə müzakirə edib:
– Elçin müəllim, 2020 və 2021-ci illər Azərbaycan üçün əlamətdar oldu. Bu illəri 30 illik Qarabağ probleminin həlli baxımından kritik dövr saymaq olar. Sizcə, bəs, 2022-ci ildə proseslər hansı istiqamətdə inkişaf edəcək?
– Mən ilk olaraq, Azərbaycan-Ermənistan sərhədlərində demarkasiya və delimitasiya prosesinə başlanılacağını, daha sonra Qazax rayonunun yeddi kəndinin, Naxçıvan istiqamətindəki Kərki kəndinin geri qaytarılmasını, həmçinin rəsmi şəkildə Ermənistanın Azərbaycan dövlət sərhədini tanımasını gözləyirəm. Eyni zamanda, bölgədə olan rus sülhməramlılarının 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasına əsasən Azərbaycandan çıxarılması istiqamətində daha konkret addımların atılmasını, Xankəndi və ətrafındakı ermənilərin burada qalaraq Azərbaycan vətəndaşlığını qəbul etməsini, əks-təqdirdə oralardan getməsini gözləyirəm. Hesab edirəm ki, bizlər 2022-ci ildə işlərimizi əsasən bu istiqamətdə aparmalıyıq.
Bununla paralel olaraq, Qarabağda bərpa işlərini hazırlamalıyıq. Əlbəttə, ağılla və sistemli şəkildə. Bizim “ağıllı kənd”, “ağıllı qəsəbə” və “ağıllı şəhər” layihələrimiz var. Mən istəyirəm ki, bunlar gerçəkdən ağıllı şəkildə həyata keçirilsin, bizim qaçqın olan camaatımız yavaş-yavaş dədə-baba torpaqlarına qayıda bilsin. Bunun üçün də infrastruktur layihələri həyata keçirilməlidir və bu iş gedir. Həmçinin, avtomobil yolları ilə yanaşı dəmiryollarını sürətlə inkişaf etdirməliyik.
Ümumən Azərbaycanın inkişaf etməsi, əhalinin ancaq Bakıya toplanmaması üçün regionlarımıza get-gəlin daha asan və daha tez olmasını vacib sayıram. Məsələn, Almaniyada, eləcə də Avstriyada olduğu kimi, 400 kilometrlik yolu 2-3 saata gedə bilməmiz lazımdır. Yəni Bakıda əyləşim qatara, 3 saatdan sonra Qazaxa çatım. Ən vacibi isə odur ki, bu, bütün Qarabağa aid olmalıdır. Mən Qarabağda bunların baş verməsini gözləyirəm.
Əlbəttə, Qarabağ məsələsində həm də beynəlxalq aktorlar var. Ruslar, amerikalılar, fransızlar və digərləri. Bunların da maraqlarını mümkün qədər öz maraqlarımıza ziyan vurmadan burada qorumalıyıq. Yəni onlara deməliyik ki, “sizin dediklərinizi eşidirik”, amma öz işimizi görməliyik.
– Söhbət beynəlxalq güclərdən düşmüşkən, onlar Azərbaycan-Ermənistan münasibətlərinin qaydaya salınmasında nə dərəcədə maraqlıdırlar?
– Yox, bizim münasibətlərimiz, ərazilərimiz onları maraqlandırmır. Onlar üçün vacib olanı bu ərazidəki maraqlarıdır. Onların maraqlarını burada kim təmin edəcəksə, onlar da həmin tərəfə üstünlük verməli olacaqlar. Sadəcə, Ermənistanla Azərbaycan arasındakı münaqişə beynəlxalq aktorların regiona burunlarını soxması üçün bir vasitədir.
– Sizcə, gerçəkdənmi Moskva artıq Cənubi Qafqazda Qarabağ məsələsinin ədalətli həllini dəstəkləyir?
– Yox, ruslar burada problemin həllində maraqlı deyillər, heç ola da bilməzlər. Onlar burada daim konflikt olmasını istəyirlər. Məncə, sülhməramlılarını da elə bu səbəbdən gətiriblər ki, barmaqları olayın mərkəzində olsun.
Diqqət edin, dekabrın 30-da Moskvanın təşəbbüsü ilə Bayden videogörüntü formatında Putinlə əlaqə yaratdı. Səbəb də budur ki, keçmiş SSRİ məkanında ABŞ-ın əli və maraqları olmasın. 2008-ci ildə NATO bəyan edib ki, Ukrayna və Gürcüstan hərbi ittifaqa üzv ola bilər. İndi ruslar istəyir ki, NATO və ABŞ bu qərardan yazılı şəkildə imtina etsin. Bütün bunlar onu göstərir ki, ruslar imperiyanı bərpa etmək istəyir. Bundan əvvəl SSRİ, ondan əvvəl isə Çar Rusiyası idi. Rusiya indiki halda özünü dolandıra bilmir. Ərazisi böyükdür, Yekaterinburqdan o tərəfə boş ərazilərdir. O ərazilərdə ruslar həm heç nə edə bilmir, həm də qazana bilmirlər. Qazandıqları ancaq neft və qazdır.
Digər respublikalar – Ukrayna və Qazaxıstan SSRİ-nin çörəyinin bir qismini verirdi. Krımı niyə götürdülər, hamı bilir. Bu, liman və Qara dəniz məsələsidir. Məsələn, Azərbaycanda başqa zənginliklər var. Gürcüstanda yenə limanlar var. Bütün bunları nəzərə almaq lazımdır. Rusiya hələ Pyotrun zamanında dişlərini İstanbula da qıcamışdı. Onlar ərazini götürürlər, amma saxlaya bilmirlər. İndi tayqada, tundrada çaqqallar ulayır. Yəni oralara nəzarət edə bilmirlər. Çünki nə gücü var, nə də idarəetmə sistemi buna imkan yaradır.
ABŞ-ın idarəetmə sistemində ştatlar var, onların da hər birinin konstitusiyası mövcuddur. Üstəlik, onlar iqtisadi cəhətdən özlərini təmin etməklə yanaşı mərkəzi büdcəyə maliyyə axıdırlar. Rusiyada isə kağız üzərində inzibati ərazilər guya öz-özünü idarə etmək imkanına malikdir, amma reallıqda onları mərkəzdən idarə etməyə çalışırlar. Burada da toxum pis bitir. Bir sözlə, məncə, Rusiya canavar kimi ətrafından əl çəkməyəcək.
– Sizcə, Moskva doğrudanmı imperiyanı bərpa etmək üçün planlar qurub və biz bunu ciddi qəbul etməliyikmi?
– Əslində, onlar heç vaxt bu niyyətlərindən əl çəkməyiblər. Eyni proses gedir. 1917-ci ildə burjua inqilabı oldu, sonra oktyabr sosialist inqilabı baş verdi. Amma Lenin və dostları da imperiyanın dağılmasını istəmirdilər. Sadəcə, proses elə getdi ki, köhnə sistem dağıldı, yenisini qurdular. İmperiya isə yerində qaldı. Yuxarıda dediyim proseslər də eyni şeydir. Alyaska Rusiyanın idi. Niyə onu ABŞ-a satdılar? Çünki Alyaskaya əli çatmırdı ki, idarə edə bilsin. Sizi inandırıram ki, o zaman alan olsaydı, Sibirin də yarısını satardılar. Çünki oralar idarə olunmur.
İndinin özündə də Qorbaçovu günahlandırırlar ki, SSRİ-ni dağıtdı. Əslində, SSRİ iqtisadi cəhətdən çökürdü, Qorbaçov bunu bildiyi üçün imperiyanı başqa formatda saxlamaq istəyirdi. Ancaq artıq “cin şüşədən çıxmışdı”. Bunun üçün milli respublikalar müstəqilliyini elan etdi. Son illər Rusiya bir az özünə gəldi və gördülər ki, özlərini idarə edə bilsələr də, əhalini dolandıra bilmirlər. Bu səbəbdən də əllərini Ukraynaya atdılar, Gürcüstana soxuldular. Ermənistanı artıq alıblar. Qazaxıstanı bölmək istəyirlər, Azərbaycana girişmək niyyətləri var…
Putin deyir ki, Qazaxıstan dövləti yox idi, onu biz dövlət etdik. Son çıxışında da bildirir ki, Ukrayna adlı dövlət yox idi, onu Lenin yaradıb. Hamıya qarşı da iddiaları var. Hansı ki, əslində, heç özlərini normal idarə edə bilmirlər. Sən özünü normal idarə et, bəlkə ətrafındakıların özləri gəlib səninlə birlikdə olmaq istəyəcək? Avrasiya İqtisadi Birliyi yaradırlar, MDB qururlar, Gömrük İttifaqı yaradırlar və s. Halbuki orada təmsil olunan ölkələrin çoxu acından ölür, ilk növbədə də Rusiyanın özü. Reallıq budur.
– Bəs, beynəlxalq şərait və malik olduğu resurslar Rusiyanın imperiya olmasına imkan tanıyırmı?
– Rusiyanın iqtisadi resursu yoxdur. Ruslar buna görə ətraf ölkələrə can atır. Məsələn, Azərbaycan özü-özünü təmin edən ərazidir. Gürcüstan da az-çox özünü təmin edə bilir. Əgər çalıb-çapmayıblarsa, Ukraynanın böyük iqtisadi potensialı var. Avropa da bu səbəbdən ondan yapışıb. Belarusda Lukaşenko nə qədər avtoritar olsa da, sənaye, kənd təsərrüfatı var. Biz Bakıda keyfiyyətinə görə Belarus ərzaqı almağa çalışırıq. Qazaxıstan buğda istehsalçısıdır. Özbəkistan zəngindir, SSRİ qızılının 40 faizini oradan çıxarırdı. Rusiya özünün iqtisadi və insan resurslarının az olması səbəbindən ətraf ölkələrin – bizlərin hesabına imperiyanı gücləndirmək istəyir.
Beynəlxalq müstəvidə isə ruslar ancaq hədə-qorxu gələ bilir. Avropa və ABŞ-dakıların da həyatı hamıdan yaxşıdır. Sülh şəraitində yaşamağı öyrəndiklərindən başlarını ağrıtmaq istəmirlər. Ayı da hoppanıb-düşəndə hasar çəkirlər ki, bizdən uzaq ol. Amma ruslar o qədər bezdirir ki, Qərb də sanksiyalar tətbiq etməli olur. Görək, NATO, Avropa Birliyi və ABŞ-la Rusiya arasında yanvarda başlayacaq danışıqların nəticəsi necə olacaq. Rusiya həyasız iddialarla çıxış edir və buna Qərbin necə yanaşacağı maraqlıdır. Hər halda Rusiyanın genişlənməsi və söz sahibi olmasını onlar da istəmirlər.
– Amma belə iddialar da var ki, Bayden-Putin görüşündə Moskva istəyinə nail olub və Qərb MDB məkanını güzəştə getməyin bir addımlığındadır…
– Məncə, belə iddialarla çıxış edənlər boş-boş danışırlar. Əvvəla, həmin görüşdə tərəflərin hansı mövqedən çıxış etmələri bilinmir. İkincisi, sonuncu söhbət cəmi 50 dəqiqə çəkib və bu zamanın da yarısı tərcümələrə gedib. Tərəflər uzağı 20 dəqiqə danışıbsa, bu, heç nəyi həll etmir. Putin bildirib ki, bura burnunu soxma, Bayden də deyib ki, irəli getsən ölümcül sanksiyalar tətbiq olunacaq. Rəsmi açıqlamalar bunu göstərir. Hər halda, Rusiyanın Ukraynaya girişməsinə imkan verməyəcəklər. Ukrayna məsələsi həll edildikdən sonra hər şey bilinəcək. Ruslara güzəştə getməyəcəklər.
– Belə nəticə çıxarmaq olarmı ki, yaşadığımız 2022-ci ildə Cənubi Qafqazda, Orta Asiyada və Şərqi Avropada gərginlik davam edəcək?
-Bəli, gərginlik davam edəcək. Burada bizim üçün vacib olan addımlar var. Laçın dəhlizində öz nümayəndələrimizi qoymalıyıq. Həm gömrük, həm də sərhəd postu olmalıdır. Fransa prezidentliyinə iddialı olan ünsür həyasızcasına gəlib Xankəndinə girir. Bu harada görünüb? Rus da bunu buraxır. Guya xəbərləri yoxdur? Sən sülhməramlısan və sənin qanadının altında separatçılar hərbi təlim keçirirlər. Buna yol verməməliyik. Tədricən sıxışdırmalıyıq. İndi əldə etdiyimiz ərazilərdə tam möhkəmləndikdən sonra yavaşca oraya daxil olmalıyıq. Onu da unutmayaq ki, bizim rus hərbi kontingentini ölkəmizdən çıxarmaq təcrübəmiz var. Bunu iki dəfə etmişik – birinci dəfə müstəqilliyimizin ilk illərində, ikinci dəfə isə Qəbələ RLS-dən 10 minlik rus hərbi kontingentini çıxaranda. Odur ki, bunları da çıxaracağıq.