Rusiya ilə açıq danışmağın vaxtıdır!
Rusiya Ermənistana Su-30M çoxməqsədli qırıcıların ədavə partiyasının tədarükünü müzakirə etməyə hazırdır. Bu barədə avqustun 24-də Federal hərbi-texniki əməkdaşlıq xidmətindən (FHTƏX) xəbər veriblər.
«Erməni həmkarlarımızla işlər davam edir. Təyyarə alışı mövzusu Ermənistanın maraqlı olduğu təsdiqini taparsa, müzakrə olunacaq» – deyə, FHTƏX-nin rəsmi nümayəndəsi Mariya Vorobyova bildirib. Nəzərdə tutulmuş 12 ədəd Su-30M döyüş maşınlarının dördü ötən ilin sonunda Ermənistana gəlib.
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib ki, Rusiya Ermənistanın silahlanmasında olan Su-25 təyyarələrini modernləşdirir. Uyğun saziş bu ərəfədə, avqustun 23-də «Patriot» hərbi-vətənpərvərlik parkı çərçivəsində Ermənistan Müdafiə Nazirliyi ilə «Rostex» arasında imzalanıb.
Xəbər verildiyi kimi, ötən il Ermənistan görünməmiş miqdarda silah və sursat alıb: çoxfunksiyalı Su-30M qırıcıları, «TOP-M2KM», «OSA-AK» zenit-raket kompleksləri, digər silahlar və hərbi texnikalar. Rəqəmlər Ermənistan hökumətinin proqramının yerinə yetirilməsinin gedişi və nəticələr barədə hesabatdan götürülüb.
Rəsmi informasiyaya görə, Ermənistan silahlı qüvvələri artilleriya vasitələri, zenit qurğuları, atıcı silahlar, döyüş sursatları, yüzlərlə vahid avtomobil texnikası ilə yenilənib.
Son 5 ildə Ermənistanın silah idxalı demək olar, bütünlüklə Rusiyadan həyata keçirilib. Bu barədə Stokholm sülh problemlərinin tədqiqi beynəlxalq İnstitutunun hesabatında söhbət açılır. Sənəd 2020-ci ilin martında dərc olunub.
Digər tərəfdən, son illər ərzində Ermənistanın iqtisadi durumu barədə KİV-in yaydığı məlumatların analizi göstərir ki, bu qədər silah-sursatı almaq üçün Ermənistan hökumətinin sadəcə, pulu yoxdur. Buradan belə nəticə çıxır ki, Rusiya bu silahları Ermənistana bağışlayır! Məqsəd?
Məqsəd aydındır – Qarabağ probleminin həllini yubatmaq üçün hərbi nöteyi-nəzərdən Ermənistanı Azərbaycanın qarşısında ayaqda saxlamaq. Heç kimə sirr deyil ki, Rusiyanın Ermənistana bağışladığı silahlar döyüş meydanında Azərbaycana qarşı işlədilir və gələcəkdə də belə olacaq. Yoxsa ki, Rusiya özü sağa-sola pul səpələyəcək durumda deyil…
Amma Rusiya Ermənistana verdiyi hərbi dəstəyi ört-basdır etmək üçün ATƏT-in Minsk qrupunun həmsədri statusundan məharətlə istifadə edir və Azərbaycanın başının altına «biz strateji həmkarıq» yastığı qoyur – son zamanlar isə ümumiyyətlə, öz məkrli niyyətini heç gizlətmir də. Burada Azərbaycan tərəfin hərəkətsizliyi təəccüb doğrurur…
Azərbaycanın belə inert davranışından Rusiya tərəf məharətlə istifadə edir və müxtəlif səviyyələrdə riyakar bəyanatlar verməklə, gerçək niyyətini gizlədir. Məsələn, bu gün Azərbaycana səfərə gəlmiş Rusiya Müdafiə naziri Sergey Şoyqu növbəti xilafi-bəyanatla çıxış edib: «Rusiya Cənubi Qafqazda gərginliyin artmasında maraqlı deyil». Belədə, məntiqi sual yaranır: Məgər Ermənistana bağışlanan Rusiya silahları bölgədə gərginliyi azaldır?!
Beləliklə, aydın görünür ki, artıq Rusiya ilə açıq danışmağın vaxtı yetişib – ya dediyin kimi ol, ya da kim olduğunu gizlətmə!
Bir çox siyasi analitiklər hesab edirlər ki, Azərbaycanın Türkiyə ilə sürətlə yaxınlaşması Rusiyanı narahat edir. Buna şübhə yoxdur, amma bu narahatlığı məhz Rusiya özü yaradır – Azərbaycanı uşaq kimi aldatmaqla Türkiyənin ağuşuna atır.