Rusiya ilə NATO müharibəyə başlasa: Moskvanın “ikinci cəbhəsi” haradır?
Rusiya ilə Ukrayna arasında münasibətlərin hərbi qarşıdurma səviyyəsinə gəlib çatdığı bir zamanda müharibə ssenariləri gündəmə daşınır.
Moskva-Kiyev xəttindəki gərginliyin artırılmasının mühərriki olan NATO, müharibə olacağı təqdirdə, Ukraynanın müdafiəsini təşkil etməlidir. Burada söhbət heç də diplomatik bəyanatlarla və siyasi dəstəklərlə müdafiədən yox, birbaşa hərbi əks-tədbirlərdən gedir.
NATO böyük hərbi kontingentdir, NATO ilə Rusiyanın hərbi gücünün maliyyə tərəflərini, aktiv və ehtiyatda olan personal sayını müqayisə etsək, deyə bilərik ki, birinci üstünlük qazanır. Bu, müqayisəli rəqəmlərdən gəldiyimiz qənaətdir. Ancaq sual budur: NATO bütün üzvlərini Rusiyaya qarşı səfərbər edə biləcəkmi? Yəqin ki, yox.
Ordu arsenalındakı silahların müqayisəsinə gəlincə, Rusiya hava hücumundan müdafiə sistemləri, atom sualtı gəmiləri, qitələrarası ballistik raketlər sahəsində güclüdür – söhbət saydan getmir.
NATO ilə Rusiyanın açıq qarşıdurma xəttinə gəlib üz-üzə gələcəyi real görünmür, ən azından tarixi təcrübədə Ukrayna mövzusundan da təhlükəli hal olub – Kuba böhranı.
Lakin biz müharibə versiyası üzərindən fikir yürüdürüksə, o zaman hərbi həmlələrin nəzəriyyəsini cıza bilərik.
Rusiyanın əlində “kozır” saxladığı ikinci cəbhə də var, bu, Baltikyanı regiondur. Əgər Rusiya ilə NATO Ukraynaya görə qarşıdurmaya keçsələr, Rusiya NATO qoşunları qarşısında tab gətirə bilməsə, ikinci cəbhədən düymənin basılması ehtimalları var.
NATO hələ neçə illərdir ki, Baltikyanının müdafiəsini əhəmiyyətli dərəcədə təşkil edə bilməyib, İsveçin Müdafiə Tədqiqatları İnstitutu 2017-ci il üzrə analizində bildirirdi ki, Rusiya qəfil hücum etsə, NATO Baltikyanı ölkələri müdafiə edə bilməyəcək.
Şimali Atlantika Müqaviləsi Təşkilatı üçün iki cəbhədə müharibə aparmaq çətindir, bu, elə Rusiya üçün də əzablı yollara baş vurmaqdır, amma Rusiya üçün istənilən rəqibə hərblə meydan oxumaq onun siyasətində əsas yer tutur.
NATO-nun çəkindiyi nöqtə həm də Kalininqraddır. Burada Rusiya nüvə anbarlarını təkmilləşdirib, bura ballistik raketlər yerləşdirib.
Dünyanın ən böyük hərbi alyansının gücü onun şəxsi heyətinin sayında və döyüş texnikalarının sayındadır, amma Rusiyanın müharibənin başlaması üçün “barıt çəlləyi” olan Ukraynaya və Baltikyanı ölkələrə coğrafi yaxınlığı (sərhəddir) Moskvaya hərbi-strateji üstünlük qazandırır.
NATO-da isə ən müasir silahlar var, kibermüdaxilə imkanları genişdir, hərçənd ki, Rusiya da kiberhücumlarda aktivdir.
Aqşin Kərimov