Rusiya kontingentinin nəzarətindəki Azərbaycan ərazilərinə xaricdən ermənilərin buraxılması dayandırılıb
Azərbaycan ərazilərinin Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına aid olan hissəsinə-Qarabağın ermənilər yaşayan rayonlarına xarici ölkələrdən ermənilərin və digər şəxslərin buraxılması dayandırılıb. İndi bu ərazilərə kimin daxil ola biləcəyi barədə əvvəlcədən Rusiya sülhməramlılarına siyahı verilməlidir, həmin siyahı isə ola bilsin həm də Azərbaycanla razılaşdırılmalıdır.
Ermənistanın diaspor işləri üzrə Baş səlahiyyətli nümayəndəsi Zare Sinanyan bildirib ki, bu məsələni Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşündə müzakirə edib. “Rusiya və ya Ermənistan vətəndaşlığı olmayan şəxslər bununla bağlı problem yaşamağa başlayıblar. Bizim böyük diasporumuz var, onlar yayda Ermənistana gəlməyə vərdiş ediblər, Dağlıq Qarabağa da baş çəkməyi sevirlər. Amma bu yay gəlmək istəyənlər indiki rejimə görə bnunu edə bilməyəcəklər”,-Sinanyan deyib.
Onun sözlərinə görə, indi yeni rejim belədir ki, həmin ərazilərə getmək istəyən xarici ölkə vətəndaşları yeddi gün əvvəldən ərizə verməlidir. Həmin ərizələr əsasında siyahı tərtib olunur və Rusiya sülhməramlılarının qərargahına təqdim olunur. “Sonra isə kimin gələ biləcəyi, kimin gələ bilməyəcəyi həll edilir”,-Sinanyan bildirib.
O əlavə edib ki, artıq bir çox xarici təşkilatların və vətəndaşların Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərə daxil olmaq barədə müraciətlərinə rədd cavabı verilib. Və həmin təşkilatların, şəxslərin siyahısı var.
Qeyd edək ki, Qarabağın ermənilər yaşayan ərazilərinə daxil olmaq istəyənlərə rədd cavabının verilməsi həmin siyahının Rusiya sülhməramlıları tərəfindən Azərbaycanla da razılaşdırıldığını təsdiq edə bilər. Rəsmi Bakının bu məsələdə mövqeyi belədir ki, Laçın humanitar dəhlizi ancaq Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil olan ərazilərdə yaşayan ermənilərin Ermənistana sərbəst gediş-gəlişini təmin etmək üçündür. Nəzərə alanda ki, Dağlıq Qarabağda yaşayan ermənilər müharibədən əvvəl xaricə gedib-gəlmək üçün Ermənistan pasportundan istifadə edirdilər, o zaman Ermənistan pasportu daşıyanların da Laçın dəhlizindən maneəsiz istifadəsi mövcud razılaşma çərçivəsində anlaşılan görünə bilər. Lakin digər xarici ölkələrin vətəndaşlarının Qarabağın Rusiya sülhməramlı qüvvələrinin nəzarətindəki hissəsinə daxil olması artıq Azərbaycanla razılaşdırılmalıdır.