Rusiya regional dövlət statusuna qane olacaqmı…
Əvvəldən də aydın idi ki, Rusiya və ABŞ arasında sürətli anlaşmanın baş tutacağına inanmaq lazım deyil. Bunun üçün danışıqların hansı bir yüklə başlandığını yada salmaq yetər: Vladimir Putin Co Baydinin yaşı və sağlamlığı ilə bağlı kinayəli işarələr edir, sonuncu isə Putini, nə az, nə çox, qatil adlandırırdı.
Aydın bir məsələ idi ki, tərəflər əvvəlcə diplomatik münasibətləri qaydaya salmalıdı. Odur ki, ötən həftənin əvvəlində eşidəndə də ki, Rusiya səfiri Vaşinqtona qayıdıbdır, biz buna elə də təəccüblənmədik, çünki mürəkkəb diplomatik münasibətlər məhz bundan başlayır.
Belədə isə situasiya mürəkkəb qalmaqda davam edir. Bu günlərdə Rusiyada parlament seçkilərinin keçiriləcəyi vaxt açıqlandı. Seçkinin detalları bu və ya başqa dərəcədə ABŞ-Rusiya münasibətlərində də öz əksinin tapacaq. Qeyd edək ki, Putin bu məsələdə artıq özünü sığortalayıbdır: nə vaxtsa məhkumluq yaşayan namizədlərin seçkidə iştirakına icazə verilmir.
Bundan başqa, aydın məsələdir ki, Aleksey Navalnıy seçkilərdə iştirak etməyəcək, çünki Rusiya prezidentini ən çox elə Navalnının tərəfdarlarının seçkilərdə iştirak edə bilməsi narahat edir.
Filosof Karl Popperdən sonra hamı obyektiv ictimai qanunların mövcud olmasına ən azı şübhə edir və böyük filosofun ardınca belə hesab edirlər ki, ictmai qanunlar konvensional xarakter daşıyır və insanların iradəsindən asılı olur. Təbiət qanunları tamam fərqlidir, məsələn, Günəş bizim istəyimizdən asılı olmadan çıxır və yaxud da batır…
Amma ictimai proseslərdə də müəyyən ümumi tendensiyalar olur. Bütün bəşər xronologiyasını izləsək, görərik ki, zaman keçdikcə azadlıqlar artıb. Bu, həm insanlara da aydındır, həm də bütöv xalqlara. Bu baxımdan Putin kimi siyasətçilər sanki zamanı saxlamağa çalışırlar. Gəl, bu mümkün deyil. Yadımıza gəlir ki, Ukrayna hadisələrinin başlanğıcında politoloq Qleb Pavlovski demişdi ki, o şey ki baş verəcək, onu saxlamağa çalışmağa dəyməz. Kreml əhli bunu qulaqardına vurdu və nəticədə təkcə Ukrayna Krımı və ölkənin Şərq hissəsini itirmədi, elə Rusiyanın özü üçün də xeylı problem yarandı..
Odur ki, iki ölkənin – ABŞ-la və Rusiyanın münasibətləri həm də Ukrayna münaqişəsindən asılı olacaq. Yayda prezident V.Zelenski ABŞ-a səfər edəcək. Əlbəttə, dəqiq proqnoz vermək çətindir. Amma Baydenin Zelenskini ABŞ-da görmək istəməsi artıq çox deyir. Sözsüz, bu, o demək deyildir ki, Ukrayna münaqişəsi tezliklə həll olunacaq. Yox, nə qədər ki, Putin hakimiyyətdədir, problem həll olunmayacaq. Düşünürük ki, Ağ Ev də bunu anlayır…
Dünyanın hansısa konflikti unutması üçün daha yeni və daha aktual konflikt yaratmaq lazımdır. Rusiyalı strateqlər konfliktologiyanın bu qaydasını yaxşı əxz ediblər. Odur ki, ABŞ-la dialoq bəlli bir istiqamətdə davam edir: Kremldə belə hesab edirlər ki, ABŞ Rusiyanın Yer kürəsinin ayrı-ayrı bölgələrində imtiyazlarını tanımalıdır. Onları hətta “regional dövlət” statusu da qane edir, əsas odur ki, hüquq və bərabərlik yox, məhz imtiyazlar olsun. Xatırlayırıq ki, hələ doxsanıncı illərdə Rusiya politoloqları yazırdı ki, Monro doktrinasına uyğun olaraq keçmiş SSRİ-nin ərazisi də Rusiynanın maraq zonası hesab olunmalıdır.
Amma keçmiş SSRİ ərazisi də statik bir müstəvi deyil, burada da dinamik proseslər cərəyan edir. Hətta seçkidən sonra Ermənistandakı son vəziyyəti proqnozlaşdırmaq belə çətindir. Odur ki, əbədi, toxunulmaz geosiyasi mandatlar olmur: hər şey axır, hər şey dəyişir, o cümlədən də, Dünyanın geosiyasi arxitekturası da…