Rusiya sülhməramlıları Qarabağa yeni erməni silahlıları yerləşdirir! – Moskva və İrəvandan Atəşkəs Bəyanatını pozan addımlar
Azərbaycan əsgəri işğalçı Ermənistan ordusunu Qarabağın bir hissəsindən və ətraf rayonlardan çıxartdı. Ancaq bölgədə erməni silahlıları hələ də qalır. Bundan başqa, Qarabağa Rusiyanın sülhməramlı hərbi qüvvələri də yeridilib. Deməli, Azərbaycan ərazisində iki ölkənin silahlıları var. Eyni zamanda separatçılar da orada qanunsuz silahlı dəstə saxlayırlar.
Erməniləri Cənubi Qafqaza, daha doğrusu, Azərbaycan torpaqlarına Rusiya yerləşdirib, Ermənistanı SSRİ və ya Rusiya yaradıb, ermənilərin ən böyük himayəçisi Rusiyadır, Ermənistan və Qarabağ ermənilərdən çox Rusiyaya lazımdır və bu istiqamətdə olan başqa həqiqətləri deyəndə bəziləri özlərini obyektiv göstərmək üçün tarix-mənbə oyunu oynayır, miladdan öncədən də ilkin mənbə kimi istifadə edirlər. Ancaq azından son 200 ildə baş verənlər erməni-Rusiya münasibətlərinin mahiyyətini görüb anlamaq üçün ən yaxşı güzgüdür.
Qarabağın sovet və Rusiya hərbçilərinin iştirakı ilə işğal olunduğunu da əsaslandırmağa ehtiyac yoxdur. Yuxarıda qeyd etdiyimiz birliyin keçmiş fəaliyyəti də bunu təsdiqləyir. 1990-cı ildə azərbaycanlılar Qarabağda öz evlərini ov tüfəngi ilə qoruyurdu. Həmin illərdə ermənilər onların yurdlarının üstünə sovet tankları, əli avtomatlı əsgərləri ilə gedirdi. Yaxud 1991-ci il noyabrın 20-də baş vermiş Qarakənd faciəsini də bu yerdə xatırladaq.
Onda Rusiyanın İTAR-TASS agentliyi helikopterin dumanlı havada qayalara çarpıldığını bildirmişdi. Ancaq istintaq zamanı onda raket partlayışına uyğun gövdə deşikləri aşkar olunmuşdu. Həmin tarixdə Ermənistan və Azərbaycan müstəqilliyini yenicə bərpa etmişdi. Ermənilərə helikopteri vurmaqda Rusiya hərbçilərinin yardım etdiyi də təsdiqləndi.
Başqa bir misal. 1992-ci il fevralın 26-da erməni silahlıları və Rusiya sülhməramlılarının birgə fəaliyyəti nəticəsində Xocalı soyqırımı törədilib. 6 həftəlik döyüşlər zamanı Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında tikdiyi sığınacaq, səngərlər, başqa mühəndis-istehkam obyektləri aşkarlandı, dağıdıldı. Bu tikililəri ermənilərin təkbaşına etdikləri şübhə doğurur. Ona görə ehtimal edilir ki, bu işlərdə Rusiya, Fransa və ABŞ mühəndisləri də ermənilərə sxemlərlə yardım ediblər.
Ermənistan ianələr hesabına mövcud olan siyasi-inzibati obyektdir. Döyüşlər zaman onun hərbi texnikasının zəif olmadığı da məlum oldu. Onları ermənilərə “ianə” olaraq Rusiyanın verdiyi də istisna edilmir. Elə Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına başlamazdan bir neçə gün qabaq Rusiyanın İran ərazisindən keçərək Ermənistana ötürdüyü hərbi texnika barədə xəbəri xatırlamaq yetərlidir. Deməli, Azərbaycanın Qarabağdakı torpaqlarının işğal altında saxlanılmasında ermənilərə yardım edilməsi istisna deyil. Çünki ianələr hesabına yaşayan bir ölkə və xalq nə qüdrətli ordu yarada, nə də müharibə edə bilər.
44 günlük döyüşlərdə erməni gənclərinin ölümünün məsuliyyətini ermənilik ideologiyasının daşıyıcıları ilə yanaşı, Ermənistanı quran, erməniləri Azərbaycan torpaqlarına gətirənlər və onları himayə edənlər də daşıyır.
Əslində, döyüşlər nəticəsində Qarabağ məsələsi öz həllini birdəfəlik tapa bilərdi. Separatçılar bölgədən qaçmış, silahlıları mövqeləri tərk etmişdilər. Ancaq onların yardımına yenə də Rusiya çatdı. Noyabrın 10-da imzalanan məlum bəyanatla atəşkəs oldu. Bundan sonra ermənilər yenə əvvəlki kimi Azərbaycana qarşı qanunsuz əməllər törətməyə davam edirlər. Xankəndində hələ də Azərbaycan Respublikasının dövlət bayrağı dalğalanmır. Orada Rusiya və Ermənistanın bayraqları ilə yanaşı, separatçıların rəmzi asılıb. Bu isə öz-özlüyündə çox mətləblərdən xəbər verir…
Odur ki, təbii olaraq sual yaranır: qərargahı Xankəndində yerləşən Rusiya sülhməramlıları kimi kimdən qoruyur?
Məlum atəşkəs bəyanatı imzalanan gecənin səhəri, yəni noyabrın 10-u gündüz saatlarında Rusiya sülhməramlıları Azərbaycan ərazisinə daxil oldu. Bundan sonra sülhməramlılar Qarabağdan getdiyi iddia olunan erməniləri bölgəyə daşımağa başladı. İndi onların sayı 50 minə çatır. Ancaq məsələ yalnız sayda deyil. Döyüşlər zamanı məlum oldu ki, ermənilər heç vaxt yaşamadıqları Azərbaycan ərazilərində məskunlaşdırlıblar.
Onlar həmin rayonlardan çıxarılanda öz evlərini tərk edirlərmiş kimi təəssüflənir və tikililəri yandırır, meşələrin ağaclarını az qala kökündən çıxarıb aparmaq istəyirdilər. Bu baxımdan Rusiya sülhməramlılarının Qarabağa daşıdıqları ermənilərin Azərbaycan vətəndaşı olduqlarını təsdiqləyən sənəd varmı? Yaxud onların 1988-ci ildən əvvəl Qarabağda yaşadıqlarını kim yoxlayır? Rusiyanın Qarabağa gətirdiyi “qaçqın ermənilərin” perspektivdə Azərbaycan dövlətinə qarşı əli silahlı terrorçu olmayacağına hansı dövlət təminat verir?
Ermənilər az qala 200 il əvvəl olduğu kimi Qarabağa Rusiyanın yanaşması ilə məskunlaşdırılır. Sülhməramlı sayılan həmin qüvvələrin fəaliyyətinə Azərbaycan tərəfdən hələ də ictimai nəzarət təşkil edilməyib. Bu isə rusiyalı hərbçilərin fəaliyyətinin şəffaflığını şübhə altına alır.
Separatçıların başçısı Araik Arutyunyan sülhməramlılarla birlikdə “işləyir”. Deməli, separatçıların nəzarəti altında olan silahlıların tərk-silah olunmasında heç bir problem yaşanmaz. Bundan başqa, Qarabağda ermənilərin silahlanmasında ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən Rusiya da məsuliyyət daşıyır. İndiyədək danışıqlarda heç vaxt separatçıların tərk-silah olunması məsələsi gündəlikdə olmayıb.
Başqa sözlə, vasitəçilər onları görməzdən gəlib, rəsmi saymayıb, əsasən Qarabağdakı Ermənistan silahlılarından bəhs edilib. Bu şəraitdə isə separatçıların silahlı dəstələri formalaşıb. Onlar hazırda da fəaliyyət göstərirlər.
Deməli, Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan hissəsində Ermənistan hərbçiləri ilə yanaşı, separatçıların silahlıları da qalır. Bu isə Bəyanatın 4-cü maddəsinin Rusiya və Ermənistan tərəfindən pozulmasıdır: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir…” Hər halda bölgədə erməni silahlıları olmazsa, atəşkəs daha tez təmin olunar.
Yeri gəlmişkən, Ermənistandakı erməni valideynlər övladlarını Qarabağa hərbi xidmətə göndərməkdən imtina edirlər: “Bizim hərbi xidmətə göndərəcək uşağımız yoxdur. Bizim uşaqlarımızın gedib qayıtmasının məsuliyyətini kim daşıyacaq: hərbi komissar, yoxsa mer?”
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Qarabağda hərbi xidmət keçmək üçün ölkə vətəndaşlarına çağırış göndərir. Sakinlər bu çağırışı etirazla qarşılayır. Məlumata görə, bu günlərdə Ermənistanın Kotayk vilayətinin Çarensavan rayonunda çağırış paylayanlarla sakinlər arasında toqquşma da olub. Belə çıxır, Ermənistan hərbçiləri Qarabağı tərk etməkdənsə, Rusiya sülhməramlıları yeni qüvvələrin yerləşdirilməsini təşkil edirlər. Bu isə perspektivdə nə Rusiya, nə də Ermənistan üçün yaxşı heç nə vəd etmir.
Sülhməramlılar Qarabağa ermənilərlə yanaşı, hərbi texnika və humanitar yardım adı altında yük daşıyırlar. İndiyədək dekabrın 11-dən 23-dək Rusiya Azərbaycanın bu bölgəsinə 54 vaqon yük daşındığını bildirib. Bunların 1 200 tonluq humanitar yük olduğu iddia olunur. Davranışından belə görünür ki, Rusiya Qarabağa yeni hərbi qüvvə yerləşdirməyi planlaşdırır.
Bunun üçün hazırlıq işləri də artıq görülür. Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinlə görüşü zamanı Qarabağda 330 yerlik blok-modul hərbi şəhərciyin işə salındığını bildirib. Nazir qeyd edib ki, 2021-ci il aprelin 1-dək daha 32 modul şəhərciyin salınmasını nəzərdə tutublar. Bu isə rusiyalı hərbçilərin sayının 5 dəfə artırılacağı deməkdir.
Xatırladaq ki, bəyanata əsasən, Rusiya kontingenti 1960 hərbi qulluqçudan, 90 BTR və 380 ədəd avtomobil və digər xüsusi texnikadan ibarət olmalıdır. Ancaq Rusiyanın bölgəyə pilotsuz uçuş aparatı belə yerləşdirdiyinə dair məlumatlar da yayılıb.
O zaman yeni bir sual yaranır: Rusiya Qarabağda hərbi baza yaradır? Qarabağdakı erməni silahlıları isə perspektivdə həmin hərbi bazada xidmət edə bilər. Rusiya bazasında xidmət edən erməni hərbçilər isə Azərbaycan üçün problem yarada bilər. Çünki keçmiş sovet ordusunda xidmət edən erməni hərbçilər Qarabağda azərbaycanlı dinc əhaliyə qarşı vəhşiliklər törədiblər. Bunu təsdiqləmək üçün Xocalı soyqırımının törədilməsində birbaşa iştirak etmiş Rusiyanın 366-cı motoatıcı alayının Qarabağdakı fəaliyyətin örnək göstərmək yetərlidir.
Xocalı hadisəsindən sonra Rusiyanın Zaqafqaziya hərbi dairəsi komandanlığı alayı itkilərdən qorumaq üçün münaqişə zonasından Gürcüstandakı Vaziani aerodromuna təxliyə etmək qərarına gəldi. Təxliyə əməliyyatı 1992-ci il martın 4-də həyata keçirilməyə başlandı. Hərbi texnika isə Qarabağdakı erməni separatçılarına verildi, alayın şəxsi heyəti Qarabağı tərk etdi. Erməni separatçılarına verilən ümumilikdə 96 ədəd zirehli texnika bunlardan ibarət idi: 9 ədəd T-72 tankı, 5 ədəd BTR-70 döyüş maşını, 49 ədəd BMP-1 piyada döyüş maşını, 28 ədəd BMP-2 piyada döyüş maşını, 5 ədəd BRM-1k döyüş texnikası. Bu hərbi texnikalar ilk dəfə 1992-ci il martın 6-da Azərbaycan Ordusunun Əsgərana hücumunun qarşısını almaq üçün istifadə olundu. Alayın tərkibində xidmət edən Rusiyanın 22 zabiti də daxil olmaqla 180 əsgər erməni separatçıların tərəfində döyüşmək üçün Qarabağda qaldı. Onların arasında ermənilər, o cümlədən Ermənistanın gələcək müdafiə naziri Seyran Ohanyan da var idi.
Rusiyanın 366-cı motoatıcı alayı 1992-ci il martın 10-da təxliyədən sonra buraxılıb. Əslində onda alayda buraxmaq üçün heç nə qalmamışdı. Sadəcə adı Rusiya silahlı qüvvələrinin siyahısından çıxarıldı. Bu baxımdan Rusiya sülhməramlılarının aqibətinin perspektivdə 336-cı alaya oxşayacağı ehtimalı az deyil. Əks halda Rusiya tərəfi erməni silahlılarının bölgədə qalmasına niyə maraq göstərir?!
Rusiya bölgəyə daşıdığı ermənilərlə Azərbaycan arasında körpü rolunu oynamaq istəyirsə, o zaman ilk növbədə Azərbaycanın ərazi bütövlüyünə diqqət ayrılmalıdır. Ölkənin suveren hüquqları bölgədə təmin edilməlidir.
Etimad mühitinin yaranması üçün Azərbaycan hakimiyyəti ilə gətirilən ermənilərin görüşünün təşkil olunması daha məqsədəuyğun olardı. Belə görüşlərin təşkili ermənilərin xofunu azaldar. Vəziyyət indiki kimi davam edərsə, Rusiya sülhməramlıları erməniləri Azərbaycan hakimiyyəti və azərbaycanlılardan təcrid şəraitində saxlayarsa, inteqrasiya baş tutmayacaq. Bu həm də Azərbaycanın öz erməni vətəndaşları ilə ünsiyyətinə, habelə Rusiyanın Qarabağdakı missiyasının mandatına da yardım olar.
Yoxsa, erməniləri təcriddə saxlayıb, onları Rusiyadan asılı vəziyyətə salmaq, hansısa status barədə vədlər vermək münaqişənin yenidən yarana biləcəyinə əsas verir.
Qeyd edək ki, Rusiya Federasiya Şurasının başçısı Valentina Matvienko dekabrın 24-də jurnalistlərə açıqlamasında bildirib: “Dağlıq Qarabağın statusuna əlavə danışıqlar tələb olunur…”
Bu sayaq çıxışlar və vədlər ermənilərin Azərbaycan ictimaiyyətinə inteqrasiyasının qarşısını alan hallardır.
Nəhayət onu da vurğulamaq lazımdır ki, sülhməramlıların humanitar missiyadan çox siyasi maraqlara xidmət etdiyini tarix çoxdan təsdiqləyib. Bir neçə nümunə göstərək: 1974-cü ildən Suriya ilə İsrail arasındakı Holan təpələrində, 1991-ci ildən Qərbi Saxarada, 2013-cü ildən Malidə, 1964-cü ildən Kipr adasında və s. münaqişəli bölgələrdə BMT-nin sülhməramlıları yerləşdirilib.
SSRİ dağılandan sonra onun maraqlarını Rusiya daşımağa başladı. Rusiya sülhməramlıları daha çox MDB ərazisində fəaliyyət göstərir. 2020-ci ildən isə RF hərbçiləri Yaxın Şərq, Cənubi Sudan, Mərkəzi Afrika Respublikası, Qərbi Saxara, Konqo Demokratik Respublikası, Sudan, Kosovo və Kipr adasında yerləşdirilib. İndiyədək sülhməramlıların yerləşdirildiyi ərazilərdə heç bir münaqişə həll edilməyib.
Belə görünür ki, həmin missiya münaqişəni həll etmək üçün deyil, onu dondurmaq üçün əraziyə gətirilir. Hər halda sülhməramlılar reallıqda adlarına uyğun olmayıb. Bu baxımdan Rusiya sülhməramlılarının Azərbaycanda, Qarabağda missiyasını adına uyğun yerinə yetirməsi ilk olacaq.