Rusiya Tacikistanda hərbi təlimlərə başladı – Mindən çox hərbçinin döyüş hazırlığı yoxlanılır
Rusiyanın Tacikistandakı hərbi bazasının dağ poliqonlarında təlimlər başlayıb.
“RİA Novosti”yə istinadən xəbər verilir ki, bu barədə Mərkəzi Hərbi Dairənin mətbuat xidməti məlumat yayıb.
Tacikistanın Lyaur və Sambuli dağ silsilələrində Rusiyanın 201-ci hərbi bazasının motoatıcı bölmələrinin 1000-dən çox hərbçisinin iştirakı ilə taktiki təlimlər başlayıb. Təlimlərdə şəxsi heyət artilleriya və aviasiyanın dəstəyi ilə kəşfiyyat-zərbə və atəş sistemlərinin tətbiqi ilə müdafiə və hücum hərəkətlərini məşq edir.
Həmçinin hərbçilər bütün növ atıcı silahlardan, qumbaraatanlardan istifadə etməklə tırtıllı, təkərli ağır texnikanı və düşmənin canlı qüvvəsini hədəfə alıb, atışla məhv edir.
Taktiki təlimlərin keçirilməsində əsas məqsəd motoatıcı bölmələrin döyüş hazırlığını yoxlamaqdan ibarətdir.
Qeyd edək ki, Tacikistanda yerləşən 201-ci hərbi baza Rusiyanın sərhədlərindən kənarda yerləşən ən böyük hərbi obyektidir. O, iki şəhərdə – Düşənbə və Bokhtarda yerləşir. Hərbi baza motoatıcı, tank, artilleriya, kəşfiyyat və hava hücumundan müdafiə və rabitə bölmələrindən ibarətdir.