Rusiya Ukrayna sərhədlərinə durmadan qoşun cəmləşdirir, ABŞ narahatdır
Rusiya ordusu intensiv şəkildə Ukrayna ilə sərhədə qoşun qruplaşmaları cəmləşdirir.
Neçə gündür Rusiya mənbələri qatarlarla Ukrayna ilə sərhədə tərəf zirehli və digər hərbi texnikanın daşınmasına dair görüntülər yayır. Bu qüvvələr hansısa təlim adı altında cəmləşdirilir. Rusiya ordusu o cümlədən Krım körpüsü üzərindən yarımadaya böyük sayda hərbi qüvvə yeridib.
Ukrayna silahlı qüvvələrinin Baş komandanı, general Ruslan Xomçak bəyan edib ki, martın 30-na olan məlumata görə, ölkə sərhədləri boyu Rusiyanın 28 batalyon-taktiki qruplaması cəmləşdirilib və döyüşə tam hazır vəziyyətdə gözləyir. “Daha 25 batalyon-taktiki qruplaşmasının gətirilməsi gözlənilir”,-general bildirib.
General Ruslan Xomçak
Yaranmış vəziyyətlə bağlı Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya qarşı “davam edən təcavüzündən” narahatlıq ifadə edib. Martın 31-də ABŞ dövlət katibi Entoni Blinken ukraynalı həmkarı Dmitri Kuleba ilə telefonla danışıb. ABŞ Birləşmiş Qərargahlar Komitəsinin sədri general Mark Mili isə Rusiya və Ukraynanın silahlı qüvvələrinin Baş qərargah rəisləri Valeri Gerasimova və Ruslan Xomçaka zəng edib.
Dövlət Departamenti bildirir ki, Blinken “Rusiyanın davam etməkdə olan təcavüzü ilə üzləşmiş” Ukraynaya ABŞ–ın tam dəstəyini bir daha ifadə edib və şərqi Ukraynada yaranmış təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıq bidlirib. ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kerbi deyib ki, Pentaqon Ukrayna hərbiyyəsinin Rusiya qoşunlarının sərhəd boyunca hərəkətləri barədə məlumatından xəbərdardır.
Con Kirbi
“Rusiyanın destablizasiyaya yönəlmiş hərəkətləri ATƏT-in vasitəşiliyi ilə ötən ilin yayında əldə olunmuş sazişə uyğun olaraq de-eskalasiya niyyətlərini sarsıdır. Biz gərginliyin artması, atəşkəsin pozulması və NATO müttəfiqləri ilə regional gərginliklə bağlı narahtlığımızı müzakirə edirik”,-o bildirib.
ATƏT-in Ukraynadakı mülki Xüsusi Monitorinq Missiyası son günlərdə atəşkəsin yüzlərlə dəfə pozulmasını qeydə alıb. Tərəflər ağır silahlardan və arrtilleriyadan istifadə edirlər.
Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisi Ruslan Xomçak martın 30-da Ukrayna parlamentində çıxışı zamanı onu da bildirib ki, ordu Donbassa irimiqyaslı hücum əməliyyatı üçün hazırdır. Onun sözlərinə görə, 100 minlik hərbi qruplaşma döyüş hazırlıqlarını tamamlayıb.
“Ukrayna Silahlı Qüvvələri bu gün müxtəlif variantlara hazırdır və əlbətdə, biz hücum etməyə hazırlaşırıq. Biz təlim bazaları yaradırıq, bizə bu işdə tərəfdaşlarımız kömək edir. Çünki başqa cür mümkün deyil. Əgər siz soruşsanız ki, bu gün biz hazırıqmı? Bəli, hazırıq. Nəticələri, qüvvələri, ehtiyat qüvvələri, dövlətin imkanlarını hesablamaq lazımdır. Riskləri qiymətləndirmək lazımdır. Əgər biz bu gün əlimizdə olanlarla vuruşsaq əlbətdə ki, hədəfə çatmaq üçün çox böyük şanslarımız var”,-Ruslan Xomçak deyib.
Analitiklər Donbassda irimiqyaslı hərbi əməliyyatların yaxın həftələrdə başlaya biləcəyinə dair əlamətlərin olduğunu deyirlər. Ukrayna ordusu Azərbaycan ordusunun Qarabağdakı təcrübəsini öyrənib və Türkiyədən çoxsaylı 2Bayraktar TB2” zərbə pilotsuz təyyarələri alıb. O cümlədən ABŞ Ukrayna ordusuna dəstək verir.