Rusiya və İranın Qarabağda qanunsuz ticarəti: Quldur dəstələri qonşularımız əvəz edib? – Şərh
Cənubi Qafqazda İran-Rusiya əməkdaşlığı bir çox hallarda Azərbaycanın maraqlarına zidd şəkildə təzahür edir.
Son olaraq sosial şəbəkənin İran seqmentində yayılan növbəti videolar Tehran və Moskvanın erməni sevgisinə, qanunsuz əməllərinə işıq tutub.
Yayılan görüntülərlə İrandan Ermənistan ərazisindən keçməklə Qarabağa külli miqdarda yanacaq, qida məhsullarının daşınması faktı üzə çıxıb. Üstəlik bu “marşrut”un son məntəqəsi Rusiya sülhməramlılarının nəzarətindəki Azərbaycan əraziləridir. Bu qanunsuz yolla Azərbaycana – Qarabağa narkotik maddələrin daşınması da istisna edilmir.
Sözügedən fakt isə qətiyyən təəccüb doğurmur. Hələ işğal illərində qanunsuz kriminal dəstələr və narkotik ticarəti üçün məskənə çevrilmiş Qarabağda həmin cinayətkar dəstələrin fəaliyyətində maraqlı – bəlkə də əli olan tərəflərdən biri İran idi. İndi isə Azərbaycanın savaş meydanında qələbə qazanmasından sonra həmin kriminal ünsürlər regiondan kənarlaşdırılıb və qanunsuz ticarətə ağır zərbə vurulub.
Hələ 44 günlük müharibə dövründə sözügedən cinayətkar silahlı dəstələrin Qarabağdan qaçması Ermənistanın Azərbaycanla sərhəd bölgələrində böyük təşvişə səbəb olmuşdu.
Görünür həmin ticarətin havadarları dəyən ziyanın əvəzini çıxmaq üçün hazırda daha rahat yol tapıblar. Sözügedən dəstələri indi “sülhməramlılar”, dolayısı ilə Rusiya əvəz edib. İran isə həmişəki kimi indi də həmin qanunsuz ticarətin mərkəzində dayanır.
Təsəvvür edirsiniz? İşğal illərində Qarabağda hökm sürən xaosdan istifadə edərək qanunsuz narkotik ticarəti və qaçaqmalçılıq əməlləri törədənlər tarixi ədalətin bərpa olunmasından sonra qovulub, lakin onları şimal və cənub qonşularımız əvəz edib…
İran-Rusiya “əməkdaşlığı”na daha bir nümunəni xatırlayaq: müharibənin qızğın günlərində cənublu soydaşlarımız sosial şəbəkələrdə yayılan çoxsaylı videolardan sonra bir anda ayağa qalxaraq Tehrana kəskin mesaj verdi. Bəs buna səbəb nə idi?
Səbəb isə həmişə olduğu kimi Rusiya ilə İranın bəzi dairələrinin əl-ələ verməsinin Azərbaycana zərər vurmağa yönəlməsi idi. Çünki Azərbaycanın işğalçıya endirdiyi hər zərbədən narahat olanlar Rusiyadan İran ərazisindən keçməklə Ermənistana silah və “yardım” daşınmasını təmin edirdi. İran bu mənada Rusiya təyyarələrin eniş zolağı rolunu oynayırdı. İran isə həmin “yardım”ın daşınmasını öz ali missiyası kimi həyata keçirirdi, ta ki, qarşılarına cənublu soydaşlarımız çıxıb, bu ikiüzlü oyunu bütün dünyanın gözü qarşısında ifşa edənə qədər…
Daha bir məqam isə müharibəyə qədərki dövrdə işğalçıya verilən dəstəkdir. 30 ilə bir yaxın dövrdə Rusiya Ermənistana silah “hədiyyə” etməsi ilə, İran isə ən sadə dildə desək blokadada boğulan Ermənistan üçün nəfəslik olması ilə yadda qalıb.
Mətbuatda azacıq araşdırma aparmaq kifayətdir ki, Rusiyanın Ermənistana dəfələrlə “silah krediti” verməsi, silah hədiyyə etməsi və.s kimi xəbərlər qarşımıza çıxsın. Rusiya öz silahını alması üçün İrəvana özü kredit ayırırdı. Olduqca absurd görünür elə deyilmi? Reallıq isə ondan ibarətdir ki, Rusiya silahları Ermənistana verib, “kredit”dən isə əsər-əlamət yoxdur.
Bu gün Azərbaycan ordusu döyüş meydanında həmin silahları tamamilə məhv etməyə nail olub, “kredit”lərin aqibəti isə sual altındadır. Ermənistan məhv edilmiş silahların pulunu necə ödəyəcək və ümumiyyətlə ödəyəcəkmi? Ən maraqlı məqamlardan biridir…
İran isə Ermənistanın boğulmasına imkan verməyən yeganə açıq qapı olub. Sanksiyalar və Tehranın yürütdüyü siyasətin məntiqi nəticəsi kimi bütün dünya üçün “qapalı qutu” olan İranın Ermənistan üçün açıq qapı olması nə qədər təzadlı səslənsə də, cənub qonşumuz işğalçı dövləti himayə etməkdən çəkinməyib.
Sülhməramlı Rusiya və müsəlman İranın Qarabağda qanunsuz fəaliyyətlərə rəhbərlik etməsinin özü də böyük təzaddır. Çünki bununla sülhməramlı Rusiya öz neytrallığına ağır zərbə vurur, ümumiyyətlə öz missiyasının şərtlərinə birbaşa zidd davranır, müsəlman İran isə məscidlərdə donuz saxlayan ermənilərə “yardım” etməklə ölkənin rəsmi adındakı “İslam Respublikası” ifadəsini sual altında qoyur.
Rusiyanın “İsgəndər” raketlərin Qarabağda tapılmasından tutmuş, sülhməramlıların yol verdiyi “səhv”lərə, İranın isə ermənilərin ərazisində qondarma soyqırımı qeyd etməsindən tutmuş, Qarabağdakı qaçaqmalçılıq əməllərinə qarşı cavab verməli olduğu bir çox suallar var.