Rusiya və Türkiyə Qarabağda bunu bacarmayacaq – Kozlariç
Azərbaycanda və Bosniya və Herseqovinada işləmiş səfir kimi iki konflikti müqayisə edərək, Cənubi Qafqazdakı sülh prosesini hansı formada irəli aparmağın mümkün ola biləcəyindən danışmaq istəyirəm.
Bu sözləri ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Riçard Kozlariç ABŞ Ordusu Mədəniyyət və Bölgə Tədqiqatları Bürosu (CASO) Komandanlığı və Baş Qərargah Kollecinin təşkilatçılığı ilə keçirilən “Cənubi Qafqazda geopolitika və böyük güc rəqabəti” adlı paneldəki çıxışında deyib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Qarabağda sülhün bərqərar olunmasında iştirak etməlidir, yalnız Türkiyə və Rusiya ilə sülhü təmin etmək mümkün olmayacaq:
“Əhalinin Qarabağa geri qaytarılması üçün onlara təhlükəsizlik təminatı verilməlidir. Və bunun üçün təkcə sülhməramlıların olması kifayət deyil. Sülhün icrasına beynəlxalq monitorinq nəzarət etməlidir Cənubi Qafqazda sülhün bərqərar olması üçün tərəflər arasında ünsiyyət həvəsləndirilməli, düşmən ritorikasına son qoyulmalıdır. Qaçqınların qaytarılması daimi sülhün təminatı üçün çox kritik məqamdır”.
O, həmçinin qeyd edib ki, tərəflər arasında əməkdaşlıq və barışığın təminatı üçün atəşkəsdən öncə və sonra törədilən əməllərə görə BMT TŞ-nın nəzarətində hərbi tribunal yaradılmalıdır:
“Bosniya və Herseqovinada olduğu kimi, Qarabağ üçün də bənzər bir “Deyton anlaşması” (1995-ci ildə ABŞ-ın Deyton şəhərində razılaşdırılan və Parisdə imzalanan sazişə əsasən, Bosniya və Herseqovinaya 60 min NATO əsgəri yeridilib. Bu, faktiki olaraq ərazilərin bölünməsinin rəsmiləşməsi idi – red) yaradılmalı və sülhün tam bərqərar olması üçün beynəlxalq monitorinq təşkil edilməlidir, qaçqınların qaytarılması üçün vahid bir mexanizm yaradılmalıdır”.
Qeyd edək ki, sabiq səfir Richard Kozlariç, keçmiş səfir və ATƏT MQ-nin ABŞ-dan olan sabiq həmsədri Keri Kavano, Dövlət katibi və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş xüsusi müşaviri Pol Qobl və Xarici Hərbi Araşdırmalar Ofisində Avrasiya təhlükəsizlik analitiki Metyu Steynin iştirak etdiyi olduqca maraqlı müzakirə bir müddət öncə baş tutub.