Rusiya və Ukrayna arasında vəziyyət gərginləşir: NATO müharibəyə qoşulsa, 3-cü Dünya Müharibəsi başlayacaq
Son günlər Ukrayna ətrafında vəziyyətin gərgin olması ilə bağlı beynəlxalq mediada yayılan informasiyaların ardı-arası kəsilmir. Hətta ABŞ kəşfiyyatı tərəfindən yayılan sonuncu informasiyaya görə Rusiya 175 minlik qoşunla Ukraynaya hücum etməyə hazırlaşır.
Mövzu ilə bağlı konkret.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, yayılan bu informasiyanın bir neçə səbəbi ola bilər:
1. Qəsdən regionda gərginliyi artırmaq və Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etmək.
2. Rusiya tərəfindən həqiqətən belə bir fikir var. Bu barədə ABŞ kəşfiyyatına Rusiya Müdafiə Nazirliyinin içindən məlumat sızdırılıb. ABŞ da, bunu yaymaqla Rusiyaya niyyətindən xəbərdar olduğu mesajını verir.
3. Həm Qərb cəbhəsi, həm də Rusiya qəsdən məsələ ətrafında gərginliyi artırmaqla mesaj vermək istəyir ki, müharibə olarsa Ukrayna hərbi poliqona çevrilə bilər.
4. Rusiya daxilində iqtisadi vəziyyətin ağırlaşması və COVID-19 pandemiyasının yaratdığı ciddi iqtisadi fəsadlar da onu bu məsələdə tələsik qərar verməməyə vadar edir.
5. Rusiya Müdafiə Nazirliyindəki genralitetdə xeyli sayda Ukrayna əsilli genralların olması da məsələnin digər önəmli tərəflərindən hesab edilə bilər.
Politoloq əlavə edib ki, baş verən proseslərə görə bədbinliyə qapılmağa ehtiyac yoxdur: “Təbii ki, bunu həm Rusiya, həm də Qərb nöqteyi-nəzərindən dəyərləndirmək mümkündür. Əgər Rusiyanın Ukraynaya hücum etmək istədiyini düşünsək, o zaman Kremlə qarşı baş verə biləcək proseslər arasında;
1. Sanksiyaların tətbiqi qaçılmaz olacaq;
2. ABŞ-ın başçılıq etdiyi NATO blokunun da müharibəyə qoşulması mümkündür ki, bu da ya 3-cü Dünya Müharibəsi, ya da Rusiyanın parçalanması ilə nəticələnə bilər.
3. 2 il ərzində Ukrayna ilə hərbi sahədə ciddi əməkdaşlıq edən Türkiyənin müqaviləyə uyğun olaraq müharibəyə qoşulmasına gətirib çıxara bilər ki, bu da regional və qlobal səviyyədə qarşısı alınmaz fəlakət deməkdir. Eyni zamanda uzun illərdir qərbin gözlədiyi arzu gerçəkləşə bilər.
Yuxarıda qeyd edilənlərə əsasən nəticə çıxarmaq olar ki, Rusiyanın Ukraynaya hücum planı bilinən və bilinməyən səbəblərə görə o qədər də inandırıcı görünmür. Amma beynəlxalq vəziyyət tez dəyişir və hər hansı hadisənin baş verməyəcəyini istisna etmək olmaz”.