Rusiya yeni erməni ordusunu niyə qurur: Şoyqunun “qılınc hədiyyəsi” gələcək məğlubiyyətin simvoludur

Kremlin Ermənistana 30 ilə qurub, köhnə hərbi texnikayla silahlandırdığı ordunu Azərbaycan cəmisi 44 gün ərzində darmadağın edib; Rusiya istifadə müddəti bitmiş köhnə silah-sursatdan öz ordusunu təmizləmək üçün Ermənistandan “hərbi zibillik” kimi yararlanır…

Ermənistan regionda siyasi-psixoloji oyun oynamağa çalışır. Rəsmi İrəvan Azərbaycana qarşı hərbi təxribatları davam etdirir. Eyni zamanda, Rusiya ilə rəsmi Bakı arasında geopolitik ziddiyyətlər yaratmağa cəhd göstərir.

Hələlik bu cəhdlərin Paşinyan hakimiyyətinin planlarına uyğun situasiya yaratdığını iddia etmək mümkün deyil. Bununla belə, rəsmi İrəvan hər halda, regionda hərbi-siyasi situasiyanı müəyyən həddə qədər gərginləşdirməyə nail olduğu da inkaredilməz reallıqdır. Və rəsmi İrəvanın məkrli planlarının pozulmasının yeganə yolu Ermənistanın hərbi-siyasi avantüralarına adekvat cavab addımlarının atılması ola bilər.

original-1uc1.jpg (69 KB)

Onu da qeyd edək ki, Ermənistanın yeni müdafiə naziri Araşak Karapetyanın tez-tələsik Moskvaya çağırılmasından sonra rəsmi İrəvanın davranışlarında müəyyən ziddiyyətli məqamlar müşahidə olunmağa başlayıb. Belə ki, bir tərəfdən hərbi təxribatlar, siyasi avantüralar eynilə davam etdirilir. Digər tərəfdən isə Ermənistanın baş naziri Nikol Paşinyan birdən-birə müəmmalı şəkildə “sülh danışıqları” ilə bağlı mesajlar verməyə başlayıb.

Məsələ ondadır ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistanın qayğısına qalmaq həvəsi ilə diqqəti çəkir. O, erməni həmkarı ilə görüşdə Ermənistanı Rusiyanın Cənubi Qafqazdakı ən önəmli strateji müttəfiqi adlandırıb. Halbuki həmin görüşə qədər rəsmi İrəvan Kremli açıq şəkildə şantaj edirdi, Rusiyanın müttəfiqliyini ABŞ və Fransanın himayəsi ilə əvəzləyə biləcəyini qabardırdı.

Rusiya müdafiə nazirinin erməni təəssübkeşliyi daha geniş himayə planını əhatə edir. Hər halda, S.Şoyqu bu planın detallarını erməni həmkarına simvolik xarakter daşıyan hədiyyəsi ilə açıqlamış oldu. O, erməni generala qılınc hədiyyə edərkən, “Ermənistana Rusiyadan silah təzhixatı artıq başlandı” deməklə, əslində, Kremlin Azərbaycanın düşməninə hərbi texnika hədəfə etmək qərarını bəyan etdi.

Belə anlaşılır ki, bu görüşdə “qılınc hədiyyəsi” Rusiyanın Ermənistana hərbi texnika bağışlama prosesinin açılış mərasiminin xarakterizə olunması anlamı daşıyır. Birincisi, rus müdafiə naziri buna hazırlıq getdiyini açıq şəkildə dilə gətirib. Digər tərəfdən, bu prosesi “hədiyyə” variantı kimi təqdim edib.

shoyqu-ermeni.PNG (494 KB)

Əslində, bu, o qədər də təəccüblü deyil. Çünki Ermənistan müstəqilliyi dövründə Rusiyadan “silah hədiyyəsi” almağa onsuz da vərdişlidir. 44 günlük savaş dövründə də Ermənistan ordusunun hərbi arsenalında yalnız Rusiyanın son 30 ildə bağışladığı silah-sursat və hərbi texnika ilə müdafiə olunmağa çalışırdı.

Ancaq Ermənistan ordusu müdafiə oluna bilmədi. Rusiyanın hədiyyə etdiyi silah-sursat və hərbi texnika Ermənistana kömək etmədi. Azərbaycan ordusu öz yüksək döyüş qabiliyyəti və müasir hərbi texnikası ilə Ermənistan ordusunu da, Rusiya hərbi texnikasını da darmadağın etdi. Və davamlı reklam olunan Rusiya silahının əslində, müasir savaş texnologiyaları qarşısında aciz duruma düşəcək qədər yararsızlığını bütün dünyaya göstərdi.

Təbii ki, Azərbaycan ordusunun hərbi arsenalında da Rusiya silahları olmamış deyildi. Ermənistandan fərqli olaraq, Azərbaycan həmin rus hərbi texnikasını parasını ödəyərək, almışdı. Sonradan məlum oldu ki, rəsmi Bakınln alınmasına bir xeyli xərc çəkdiyi Rusiya hərbi texnikasının əhəmiyyətli hissəsi heç anbarlardan belə, çıxarılmayıb. Və Azərbaycan ordusu Türkiyədən, eləcə də, digər Qərb ölkələrdən aldığı ən müasir hərbi texnika ilə Rusiya silahlarına qalib gəlib.

Bütün bunları nəzərə aldıqda, Rusiyanın Ermənistana yenə silah-sursat və hərbi texnika hədiyyə etməsinin erməniləri məmnun etməsini anlamaq bir qədər çətindir. Çünki, Kreml Ermənistana özünün bahalı və müasir silah növlərini bağışlamaq niyyətində deyil. Ən yaxşı halda, Ermənistana Rusiya ordusunda son 40-50 ildə istismar olunmuş, istifadə müddətini bitirmiş hərbi texnikasını göndərəcək. Yəni, Rusiya əslində, tullantı keyfiyyəti daşıyan, yararsız köhnə hərbi texnikadan ordusunu təmizləyir. Ermənistan ordusundan isə bu təmizləmə prosesində “hərbi zibillik” kimi istifadə edir.

shoyqu-28640788.jpg (81 KB)

Rəsmi İrəvan növbəti savaş başlayacağı təqdirdə, buna bir daha tamamilə əmin olacaq. Çünki Azərbaycan da öz ordusunun hərbi texnika təchizatını yenidən gücləndirir. Ancaq rəsmi Bakı Ermənistandan fərqli olaraq, Rusiyadan müftə köhnə hərbi texnika almır. Əksinə, Azərbaycan ordusu üçün inkişaf etmiş Qərb ölkələrindən bahalı və ən müasir hərbi texnika alınır. Bu barədə İsrail mətbuatında artıq müəyyən məlumatlar yer almağa başlayıb.

Bütün bunlar o deməkdir ki, növbəti savaşda da Ermənistan ordusu Azərbaycanın müasir hərbi texnikası altında əzilib, darmadağın olunacaq. Çünki köhnəlmiş, ona görə də sadəcə, hədiyyə olunan hərbi texnika ilə müasir savaş texnologiyaları qarşısında duruş gətirmək mümkün deyil. Üstəlik, yeni silahlar almağa pulu olmayan Ermənistanın problemləri yalnız Rusiyanın köhnəlmiş hərbi texnikasına möhtac qalması ilə məhdudlaşmır.

Məsələ ondadır ki, Ermənistanın hələ Rusiyanın hədiyyə edəcəyi köhnə silahları istifadə edəcək normal ordusu belə, yoxdur. Rusiyanın Ermənistana 30 ilə qurub, silahlandırdığı ordunu Azərbaycan cəmisi 44 gün ərzində darmadağın edib. Və indi Rusiya müdafiə naziri S.Şoyqu erməni həmkarına Ermənistan ordusunu rekonstruksiya edəcəyi ilə bağlı vəd verib.

Əlbəttə, Rusiya müdafiə nazirinin bu vədinin Kremlin üçtərəfli anlaşmaların icrasına qarantorluq rolu ilə uyuşmadığını da vurğulamaq məntiqli olardı. Çünki Kreml münaqişə tərəflərindən birinə hərbi dəstək verməklə, neytrallığını böyük ölçüdə itirmiş olur. Halbuki indiki halda, bütün bunları sadalamağa qətiyyən ehtiyac yoxdur.

Məsələ ondadır ki, Rusiya müdafiə naziri Ermənistana yenidən ordu qurub, onu köhnə rus hərbi texnikası ilə silahlandırsa da elə bir ciddi fərq olmayacaq. Çünki S.Şoyqunun yeni erməni ordusu da artıq darmadağın edilmiş əvvəlki erməni ordusunun taleyini təkrarlayacaq.

Hər halda, S.Şoyqunun Ermənistana bağışlayacağı köhnə rus silahları kimi, onun qədim savaş texnologiyalarını simvolizə edən qılıncı Azərbaycan ordusunun müasir hərbi texnikası və yüksək döyüş qabiliyyəti qarşısında uzun müddət davam gətirə bilməz. Yəni Rusiya Ermənistana ordu qurub, öz köhnə hərbi texnikası ilə növbəti dəfə silahlandıracaq, Azərbaycan isə ilk silahlı toqquşmada onu yenə də darmadağın edəcək.

Maraqlıdır ki, Ermənistan baş naziri Nikol Paşinyan deyəsən, bu reallığı anlamamış deyil. Belə ki, erməni generalın Moskvada rus həmkarı S.Şoyqudan qılınc hədiyyəsi almasından sonra baş nazir Nikol Paşinyan bəyan edib ki, Ermənistanın yeni ordu qurmaq niyyəti qonşu ölkələrə qarşı yönəlməyib: “Ermənistana yeni ordu suverenliyin və ərazi bütövlüyünün qorunması üçün vacibdir”.

Göründüyü kimi, Paşinyan hakimiyyəti “Şoyqunun qılıncı” ilə silahlanacaq Ermənistan ordusunun mənasız “erməni xəyalları”nın reallaşdırılmasına uyğun olmayacağını elə indidən anlayır. Ona görə də, qonşu ölkələri, daha dəqiq desək, Azərbaycanı bu məsələ ucbatından qıcıqlanmasını da istəmir. Hər halda, Azərbaycanın hərbi-siyasi potensialının Ermənistan üçün nə qədər təhlükəli olduğunu Paşinyan hakimiyyəti hamıdan daha yaxşı bilir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Hamısını Göstər

Related Articles

Back to top button