Rusiyadan Cənubi Qafqaza “xüsusi hərbi əməliyyat” TƏHDİDİ

ABŞ-nin Venesueladakı “Maduro əməliyyatı”ndan sonra Rusiyadakı təbliğat qırğıları da xeyli həvəsləniblər və postsovet məkanına iştah nəzərləri ilə baxmağa başlayıblar.
Hesab olunur ki, dünyada mövcud olan “güclü haqlıdır” nəzəriyyəsindən maksimum yararlanmaq üçün geniş meydan var və Kreml də öz çevrəsindəki ölkələrlə bağlı planlarını reallaşdırmalıdır. Bu Rusiyanın tanınmış təbliğatçısı Vladimir Solovyov xeyli aktivlik nümayiş etdirir.
Əraziləri işğal altında olan ukraynalılara qarşı sərt davranmağı tövsiyə edən, bunun müharibənin daha tez başa çatmasına səbəb olacağını iddia edən Solovyov yeni hədəflərdən bəhs edib. O, Kremlin Cənubi Qafqaz və Mərkəzi Asiya respublikalarına hərbi müdaxiləsini zəruri sayıb. Bu günlərdə prezident Putindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini alan Kremlin təbliğatçısı bu ölkələrdə də “xüsusi hərbi əməliyyat” keçirməyə çağırış edib. “Rusiyanın hazırda nə Suriya, nə də Venesuela ilə bağlı narahat olmasına ehtiyac var və Moskva üçün ən vacib onun yaxın xaricidir”.

Solovyov internet kanalında yayımlanan müəllif proqramında belə deyib. Solovyov daha sonra deyib: “Ermənistanda baş verənlər bizim üçün Venesuelada baş verənlərdən daha ağrılıdır. Ermənistanın itirilməsi nəhəng bir problemdir. Mərkəzi Asiyadakı problem bizim üçün nəhəng problemdir, burada məqsəd və vəzifələrimizi çox aydın şəkildə ifadə etməliyik. İzah etməliyik ki, oyunlar bitdi. Beynəlxalq hüquqa tüpürək… Əgər milli təhlükəsizliyimiz səbəbindən Ukrayna ərazisində Xüsusi Hərbi Əməliyyat başlatdıqsa, niyə eyni səbəblərə görə təsir zonamızın digər hissələrində başlada bilmirik?”- Solovyov deyib.
Görünən budur ki, Rusiya Solovyov dili ilə Suriya və Venesueladakı biabırçı məğlubiyyətini arxa plana keçirməyə, bu iki ölkədəki hadisələrin onu guya “narahat etmədiyi” barədə görüntü yaratmağa çalışır. Eyni zamanda Rusiyanın itkilərini kompensasiya etməkdən ötrü Ukraynadan sonrakı ölkələrin “koordinatlarını nişan verib”.
Qeyd edək ki, bundan əvvəl də Solovyov Cənubi Qafqaz ölkələrini də hərbi müdaxilə ilə hədələmişdi: “Biz başa düşməliyik, Cənubi Qafqazda baş verənlər bizim üçün çox böyük problemdir. Xəzər dənizində NATO bazaları peyda ola bilər. Geosiyasi baxımdan bu bizim üçün o qədər təhlükəli və o qədər ağır nəticələrə gətirə bilər ki, biz yeni “xüsusi hərbi əməliyyatın” şahidi ola bilərik”.
Musavat.com bildirir ki, Kremlin “danışan dili” Ermənistan rəhbərliyini, konkret olaraq Nikol Paşinyan barədə sərt və təhqiredici açıqlamalar verib. O, çıxışlarının birində Cənubi Qafqazda “koridor savaşı”nın getdiyini və əsas məqsədin Rusiyanın bölgədəki təsirini tamamilə aradan qaldırmaqdan ibarət olduğunu söyləyib. Paşinyanı “türk” adlandıran Solovyov deyib: “Türk, ingilis xüsusi xidmət orqanları Ermənistanın başına tamamilə qeyri-qanuni şəkildə, bizim ölkə tərəfindən hansı səbəbdən tanındığı belə bəlli olmayan, əsl şeytan olan Paşinyan adlı bir türkü gətirdi”. Ermənistanda “Vladimir Solovyovla axşam”müəllif proqramlarının yayımının qadağan edilməsi də onun anti-Ermənistan mövqeyinə cavabdır.

Özünü Jirinovskisayağı aparan Solovyov Kremlin planlarını deşifrə edib, yoxsa sadəcə ideya verib? Xüsusilə Ermənistandakı seçki ilində bu ölkə ilə bağlı Moskvanın sürpriz planı reallaşa bilərmi? Söhbət Cənubi Qafqazdan gedirsə, Azərbaycanı hansı təhlükələr gözləyir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, Kremlin danışan dili olan Vladimir Solovyov ağalarının təlimatlarını yerinə yetirməkdən çox arzularını səsləndirməklə məşğuldur: “Rusiya Prezidenti Vladimir Putin SSRİ-nin dağılmasını “böyük faciə” adlandırmışdı. Kreml sahibi imperiyanın bərpasını arzulasa da, Rusiyanın bugünkü imkanları daxilində bunun mümkün olmadığının fərqindədir. Rusiya 4 ildir Ukrayna müharibəsində ilişib qalıb. Əgər Rusiya Ukraynada uğur qazansaydı, diqqətini başqa istiqamətlərə yönəldəcəkdi. Buna baxmayaraq, Kreml Solovyovun dili ilə gələcək planlarını səsləndirir. ABŞ Prezidenti Donald Trampın təlimatı ilə Venesuela Prezidentinin oğurlanması və Ağ Ev sahibinin “mənim beynəlxalq hüquqa ehtiyacım yoxdur, nəyi doğru bilirimsə, onu da edirəm” səpgili açıqlaması Rusiyanın hakim və ekspert dairələrində oxşar tezisin müzakirəsinə səbəb olub”.
E.Şahinoğlu qeyd edib ki, Rusiya siyasətçiləri və ekspertləri arasında “Rusiya da ABŞ kimi ətrafında bildiyini etməyə başlaya bilərmi” sualı ətrafında müzakirələr başlayıb: “Yəni onların fikrincə, Vaşinqtonun “Monro doktrinası” varsa, Kremlin də ya oxşar doktrinası olmalı, ya da mövcud təhlükəsizlik doktrinası ciddi şəkildə korrektə edilməlidir. Halbuki Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarından çox əvvəl “beynəlxalq hüquqa” riayətdən imtina edib. Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı müharibəsi, 2014-cü ildə Krımı ilhaqı və 2022-ci ildə Ukraynanın şərqini işğal etməsi bunun bariz nümunəsidir. Ancaq Kremlə bu azdır. Mərkəzi Asiya və Cənubi Qafqaz ABŞ və Avropa İttifaqı ilə siyasi və iqtisadi əlaqələri genişləndirmək yolunu tutub. Kremlə yaxın bir qrup ekspert hesab edir ki, ABŞ-ın “Monro doktrinasına” zidd olaraq Avrasiya qitəsinə, o cümlədən sürətlə Mərkəzi Asiyaya və Cənubi Qafqaza nüfuz etməsinə qarşı Rusiya müqavimət göstərməlidir”.

Politoloq deyib ki, bunu deyənlər Rusiyanın hansı resurslar hesabına qonşu ölkələri siyasi, iqtisadi və hərbi orbitinə daxil edəcəklərini izah edə bilmirlər: “Digər tərəfdən, Rusiyaya qonşu olan ölkələr Ukraynaya qarşı işğalçı müharibədən dərslərini alıblar. Bölgə ölkələrinin ABŞ və Avropa İttifaqı ilə müqavilələr imzalamalarına paralel olaraq, Çinin Avrasiya bölgəsində artan rolu, türk dövlətləri arasında inteqrasiya proseslərinin sürətlənməsi, Türkiyə-Azərbaycan ittifaqı, o cümlədən “Tramp yolu”nun yaxın gələcəkdə həyata vəsiqə qazanması Rusiyanın özünə uyğun “Monro doktrinasının” reallaşması imkanlarını minimuma endirir. Buna baxmayaraq, Rusiyaya qonşu olan heç bir ölkə müdaxilə təhlükəsindən sığortalanmayıb. Bu məqsədlə Rusiyaya qonşu olan ölkələrin öz aralarında ittifaqları gücləndirməsinə ehtiyac var. Azərbaycan Türkiyə ilə ittifaqı gücləndirməli, türk dünyasının inteqrasiyasında başlıca rollardan birini oynamaqda davam etməlidir”.\E.PaşasoyMusavat.com\
Polise.az



