Rusiyadan qaçaqaç başlayıb: Türkiyə də qucaq açır…
Qərbin sərt sanksiyaları ilə üzləşən Rusiya daha bir zərbəni tərəfdaşı Çindən alıb. Çinin dövlət şirkəti olan “Sinopec Group” Rusiyanın Amur kimya kompleksinə yatırım qoymaq planından imtina edib. 2020-ci ildə imzalan sazişə görə, Amurda kimya kompleksinin 2024-cü ildə işə düşməsi planlaşdırılırdı. Olmadı. Pekin Qərbin sanksiyalarından ehtiyat edir.
Bu sözləri pilitoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Rusiyanın hazırkı durumundan peşəkarlar, iş adamları ölkədən gedir:
“Misal üçün Rusiyanın informasiya texnologiyaları üzrə ixtisaslaşan kiçik şirkətləri, proqramçılar müxtəlif dövlətlərə dəvət olunur və onlara çalışmaq üçün şərait yaradılır. Türkiyə rəsmiləri Rusiya bazarını tərk edən nəhəng şirkətləri Türkiyə bazarına yatırım qoymağa və yerləşməyə dəvət edirlər. Qərbdə sıxışdırılan rusiyalı oliqarxlar da özlərinə yeni məkanlar axtarırlar. Məsələn, Dubaya axın edən rusiyalı milyarderlərin sayı artıb. Onlar Dubayda daşınmaz əmlak alır, burada yeni biznes planlarını hazırlayırlar. Bir qisim rusiyalı oliqarx Türkiyədə investisiya imkanlarını da nəzərdən keçirir.
Bu arada, Hindistanın Ticarət Nazirliyi buğda ixracı ilə bağlı Azərbaycan və Türkiyə də daxil olmaqla, 30 ölkəyə müraciət etmək üçün qərar qəbul edib. Hindistan dünyanın 30-a yaxın buğda idxal edən ölkəsində Rusiya və Ukraynanı əvəz etmək niyyətindədir. Rusiya və Ukrayna dünyanın buğda istehsalı bazarında önəmli mövqeləri malik idilər. Ancaq bu iki ölkə arasında müharibə səbəbindən buğda idxalında da problemlər yaranıb. Dehli yaranan imkandan istifadə edərək Rusiya və Ukrayna buğdasından asılı olan ölkələrə öz buğdasını təklif edib. Azərbaycan buğdanı Rusiya və Qazaxıstandan alır. Mövcud problemlər səbəbindən buğda idxalını da şaxələndirməyə ehtiyac var”.