Rusiyalı politoloq: “Paşinyanın sonu yaxınlaşır”

“Ermənistanın baş naziri Nikol Paşinyanın son vaxtlardakı addımlarını başa düşmək çox çətindir. Belə ki, münaqişəni daha da qızışdırmaq istəməyən dövlət başçılarının tanınmamış qurumun başçılarının “andiçmə” mərasiminə gəlməyəcəkləri əvvəlcədən bəllidir”.

Bu fikirləri rusiyalı politoloq Yevgeniy Mixaylov Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağdakı qondarma qurumun başçısı Arayik Harutyunyanın “andiçmə”sinə gəlmək niyyətini şərh edərkən dilə gətirib:

“Fikrimcə, Nikol Paşinyan Qarabağdakı klanı yola gətirərək öz kürsüsünü qorumağa çalışır. Qarabağdakı dəstə Paşinyanla birgə gələn siyasətçilərin son vaxtlar Azərbaycan ərazilərini azad etməklə bağlı məsələni daha çox gündəmə gətirən Rusiya ilə qarşıdurmaya getdiklərini görür. Paşinyan etdiyini edir və etdikləri də tam mənasızdır. Bakının hansısa mənfi addımına ümid edirsə, gülüncdür, çünki Bakıda Paşinyanın kim olduğunu artıq anlayırlar. Məncə, bunu Bakı ilə Yerevanı toqquşdurmaq cəhdi kimi qavramaq lazım deyil. Toqquşma çoxdandır gedir, Bakıda Ermənistanın müasir rəhbərlərinə dair fikir artıq yaranıb. Məncə, bunlar daha çox mümkün qədər mövqeyini qorumaq istəyi ilə bağlıdır. Paşinyanın sona yaxınlaşdığı göz qabağındadır. Mövcud iqtisadi tənəzzül də, koronavirusa qarşı görülən tədbirlər də, Rusiya ilə münasibətlərin kəskin soyuması da xalqın narazılığına səbəb olur”.

Ekspertin fikrincə, Rusiyasız Paşinyan da, bütövlükdə Ermənistan da hər şeylərini, o cümlədən dövlətçiliyi də itirəcəklər: “Bütün səyləri Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə yönəltməyin zəruri olduğu, Rusiyanın da mərhələli planı irəli sürdüyü bir vaxtda Paşinyan bütün bunları, o cümlədən Moskvanın mövqeyini də qulağardına vurur. Moskvada belə bir davranışı bəyənəcəkləri ağlabatan deyil, amma Paşinyanın, deyəsən, bunlar vecinə deyil. Moskva ona bir çox məsələlərdə səhv etdiyinə dair çoxdandır mesaj göndərib”.

“Paşinyanın bu kimi hərəkətlərinin axırı yoxdur. Ermənistan dalana dirənib. Artıq çarəsiz qalan ətrafdakı qonşular hazırkı böhrandan çıxmağın yollarını göstərsələr də, Ermənistan “ulu və qədim” olduğuna inandığı üçün hamıya şərt qoya biləcəyini zənn edir. Amma səhv edirlər və zaman kimin haqlı olduğunu göstərəcək”, – Y.Mixaylov deyib.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button