Rusiyanı indi qalib edək ki, sonra uduzsun

Hitlerlə müharibədən qaçmaq, Avropaya zaman qazandırmaq üçün vaxtilə Çexoslovakiyanı ərazisindən imtinaya məcbur edənlər indi Ukraynaya da eyni təklifi edirlər ki, hamı Rusiyanı məğlub edəcək müharibəyə hazır olsun…

Ukrayna hakimiyyətinin ən odioz təmsiçilərindən olan Prezident Ofisinin rəhbəri Andrey Yermakın korrupsiya skandalı fonunda istefası uşaqların məntiqini öyrənən məşhur sualı yada salır. Sual belədir ki, bir budaqda oturmuş 10 sərçədən birini tügənglə vursan, neçəsi qalar? Düşünmədən cavab verənlərdən fərqli olaraq məntiqinə güvənənlər silah səsindən sərçələrin hamısının uçub getdiyini deyər…

Ona görə də Zelenski hakimiyyəti üzvlərinin korrupsiya skandalı fonunda vəzifələrini ard-arda itirməsi suala verilən tələsik cavabı xatırladır. Çünki məntiqlə gurultusu okeanın o biri tərəfinə də çatan korrupsiya qalmaqalından sonra bütün “sərçələr” uçub getməli idi, amma Zelenski özü qalır, “budaqdakıları bir-bir göndərir”.

Hamı fərqindədir ki, bu korrupsiya sxemi Zelenskinin iradəsindən kənar ola bilməzdi. Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) korrupsiya araşdırmasında adı keçən əsas şəxslərdən biri, ölkədən qaç(ırıl)mış Timur Mindiçi hələ 2019-cu ildən Zelenskinin “pul kisəsi” adlandırdılar. Bu, hələ NABU-nun ölkədə enerji sahəsində üzə çıxardığı talançılıqdır, aylardır dünyanın ən nüfuzlu nəşrləri silah-sursat üçün ayrılan milyardların Zelenski komandası tərəfindən mənimsənilməsi barədə çoxsaylı araşdırmalar dərc edir. Təsadüfi deyilk ki, Qərb müttəfiqlərindən də milyardlarla dolların xərclənməsinin təftişi çağırışları artır.

Yermak özü “The New York Post”a açıqladığı qısa mövqe diqqət çəkir. O, özünü vicdanlı və ləyaqətli bir insan adlandıraraq, axtarışa məruz qalmasını özünə təhqir hesab etdiyini və ləyaqətinin tapdağını deyib. Yermak “Zelenskiyə problem yaratmaq istəmirəm, cəbhəyə gedirəm” deyib. Keçmiş ofis rəhbəri nə vaxt cəbhəyə gedəcəyinə dair ətraflı məlumat verməyib. Əsgər və zabit məhrumiyyətlər içərisində, ən ağır şəraitdə torpaqlarını müdafiə edərkən Kiyevdə sərvət toplayanların birinin cəbhəyə getmək qərarı çətin ordunun xeyrinə olsun. Əslində, qısa açıqlamanın sonunda Yermakın “görüşərik” mesajı da nədənsə, daha çox təhdid kimi səslənir…

Zelenski “top”unu qurban verməsinin səbəbləri haqda ən müxtəlif versiyalar irəli sürmək mümkündür. Yermakın adı general formasını diplomatik qalstukla dəyişən Zalujnı (Britaniyada səfirdir) kimi Zelenskinin varisi kimi hallanırdı. Yermakın istefasını ABŞ hakimiyyətinin təzyiqləri ilə bağlı olduğu ehtimalı da var. İddia budur ki, Vaşinqton sülh sazişinin imzalanmasına qarşı olan Avropanın “ağzına baxan” siyasi fiqurları aradan qaldırır. Yermak Vaşinqtonun və Avropanın son sülh şərtlərinə dair danışıqlarda da Ukrayna nümayəndə heyətinin başındakı adam idi. Zelenski deyib ki, bundan sonra Ukraynanı danışıqlarda Baş Qərargah rəisi, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, Xarici İşlər Nazirliyi və kəşfiyyat xidmətinin rəsmiləri təmsil edəcək.

Ukraynaya təklif edilən sülh mahiyyət etibarı ilə Zelenski üçün siyasi intihar deməkdir. Ona görə Zelenskinin yeganə strategiyası danışıqları və planın qəbul edilməsi müzakirəsini mümkün qədər uzatmaqdır. İstisna deyil ki, Yermakın Trampın xüsusi nümayəndəsi Uitkoff və kürəkəni Kuşnerlə danışıqlar üçün ABŞ-a planlaşdırılan səfərindən bir gün əvvəl istefasında da prosesi müəyyən qədər ləngitmək niyyəti var.

Trampın sülh planın arxasında Rusiyanın deyil, ABŞ-nin “dərin dövləti”nin dayandığı haqda da yeni konspirologiyalar var. Bildirilir ki, Avropanın qorxaq liderləri indilikdə nə Ukryananı müdafiə etməyə, nə də Rusiyaya savaş açmağa qadirdirlər. Ona görə ABŞ Rusiyanı müəyyən bir müddət sakitləşdirməklə onun hərbi arsenalından asılılıqdan hələ də qurtulmayan NATO-nun lazımı silahlarla təmin etmək üçün zaman qazanmaq istəyir. Bu Trampın Rusiyapərəst siyasətini pərdələmək üçündür, yoxsa “Dərin dövlət”in sülh sazişi ilə Moskvanı loyallaşdırıb uyğun zamanı gözləmək qərarıdır, demək çətindir…

Ukrayna krizi ilə bağlı yaranmış vəziyyəti İkinci Dünya savaşını önləmək üçün Böyük Britaniya, Fransa və İtaliyanın Almaniya ilə imzaladığı 1938-ci ili yada salır. Söhbət nasist Almaniyasının aqressiyasını önləmək, Avropaya müharibə üçün zaman qazandırmağa hesablanmış Münhen razılaşmasından gedir. Müqavilədə Çexoslovakiyanın 10 gün ərzində əhalisinin əksəriyyətinin almanlar yaşadığı Sudet ərazisini boşaldıb Almaniyaya verməsini nəzərdə tuturdu. Çexoslovakiya nümayəndə heyəti müqavilənin şərtlərini müzakirə etməyə belə dəvət olunmayıblar və sadəcə tamamlanmış sənədi imzalayıblar. Bu, Qərbin sülhü qorumaq və Hitlerlə müharibədən qaçmaq cəhdi kimi qiymətləndirildi, lakin son nəticədə İkinci Dünya Müharibəsini önləyə bilmədi… Ona görə Amerikanın şərtləri Rusiyanın tam qələbəsi, Ukraynanın da tam məğlubiyyəti deyil. Bəlkə də III Dünya müharibəsi ərəfəsi müvəqqəti sabitlik istəyidir… \Nazim SABİROĞLU Musavat\

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button