Rusiyanın atdığı raket Azərbaycan səfirliyinin yaxınlığına düşüb – XİN-dən açıqlama

Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan səfirliyinə ziyan dəyib, xəsarət alan olmayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

“Avqustun 28-i, gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları baş verib. Raketlərdən biri Azərbaycanın Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib. Bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib”, – məlumatda deyilir.

Bununla belə, səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb. Səfirlik fəaliyyətini davam etdirir.

***

Xəbər verildiyi kimi, ötən gecə Rusiya Kiyevə dağıdıcı zərbələr endirib, nəticədə Ukrayna paytaxtında çoxsaylı insan tələfatı və dağıntılar olub.

“AzPolitika” xəbər verir ki, Ukrayna mətbuatının məlumatına görə, raketlərdən biri Azərbaycanın Kiyevdəki səfirliyinin binası yaxınlığına düşüb. Raketin səfirliyimizdən cəmi yüz metr aralıda düşdüyü bildirilir. Məlumata görə, raket yanğına və güclü partlayışa səbəb olub.

Bundan öncə, iyulun 10-na keçən gecə Rusiyanın Kiyevə raket və PUA hücumu zamanı da PUA-lardan biri Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşmüşdü.

Onu da qeyd edək ki, bir neçə gün əvvəl Rusiya Ukrayna ərazisindəki SOCAR infrastrukturuna aid obyektləri də vurmuşdu.

“AzPolitika.info”

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button