“Rusiyanın Azərbaycandakı “gizli hücrələri” yavaş-yavaş üzə çıxır”
“Həmin təşkilatın sədr müavini deyir ki, “biz ölkə ətrafında baş verən hadisələri nəzərə alaraq belə nəticə elan etdik” ifadəsi işlədib. Bu, onu göstərir ki, həmin nəticələr ictimai rəyin gəldiyi nəticə ola bilməz və bunların özlərinin siyasi mülahizələri əsasında ortaya çıxarılan konyuktur nəticələrdir”.
Bunu ADP sədri Sərdar Cəlaloğlu Sosial Tədqiqatlar Mərkəzinin son sorğusunun nəticəsinə görə, ölkədə rus sülhməramlılarına etimadın az qala türk əsgərinə etimadla eyni olması haqda açıqladığı rəqəmlərə münasibət bildirərkən deyib. Azpolitika.infi saytına müsahibəsində partiya sədri bildirib ki, o, Azərbaycanda Rusiyanın və ya onun siyasətinin 5-6 faizdən artıq tərəfdarı olacağına inanmır:
“Odur ki, Rusiya ilə bağlı açıqlanan rəqəmlər şişirdilib. Çünki Azərbaycanda müəyyən qüvvələr var ki, Rusiyanın Azərbaycanı öz təsiri altına salmasında maraqlıdır. Ötən gün televiziya proqramında Abutalıb Səmədov açıq şəkildə deyir ki, Yalta Konfransına əsasən bütün buralar Rusiyanın ərazisidir. Azərbaycan dövlətinin ərazisini Rusiyanın ərazisi sayır və deyir ki, onun bir qarışını da kimsə götürə bilməz. Bir başqa deputat isə deyir ki, Qarabağda suverenliyimizi təmin etməsinə qarşılıq olaraq Rusiyanın hərbi bazası yaradıla bilər. Onu deyə bilərəm ki, Azərbaycanda ruspərəst qüvvələrin fəallaşması Rusiyanın ekspansiya siyasətini genişləndirməsinə xidmət edir”.
S. Cəlaloğlu bildirir ki, rusiyapərəst qüvvələr bir neçə cərgədə yerləşdirilib: “Birinci cərgə zəifləyib, indi ikinci cərgə üzə çıxır. İkinci cərgə zəiflədikdən sonra digərləri çıxacaq. Zəifləyənlər əsasən indiyə qədər üzdə olan və açıqdan-açığa Rusiyanı müdafiə edən adamlardır. Amma “gizli hücrələr” deyilən anlayış var. İndi onlar qabağa gəlirlər, Rusiyanın Azərbaycandakı “gizli hücrələri” yavaş-yavaş üzə çıxır.
Hansı “beşinci kolon”un nümayəndəsi Abutalıb Səmədov kimi deyə bilər ki, Azərbaycanın ərazilərinin hamısı Rusiyanındır? Bu sözü indiyə qədər kim deyib? Və ya Tofiq Zülfüqarov deyir ki, biz Dağlıq Qarabağda hərbi qüvvələr yaratmalıyıq ki, asayişi qorusun. Bu qüvvələrin də tərkibi azərbaycanlılardan, ruslardan və qeyri-rəsmi təşkilatların nümayəndələrindən ibarət olmalıdır. Qeyri-rəsmi təşkilat dedikdə də Qarabağdakı erməniləri nəzərdə tutur. Buyur…
İndiyə qədər hansı şəxs deyib ki, Qarabağdakı ermənilər bizimlə birlikdə sülh yaratma, asayişi qoruma işində iştirak etməlidir? Rusiya açıq şəkildə özünün buradakı qüvvələrini fəallaşdırır. İfşa olunanlar arxa plana keçir, camaatın az-çox inandıqları isə ön plana çıxır və ortaya mövqe qoyurlar”.