Rusiyanın büdcəsi dağılır, Qərb enerji şantajından çıxır: Kreml iqtisadi apokalipsisə təslim olur

Hazırda Qərb-Rusiya qarşıdurması yeni, daha sistemli və dərin mərhələyə keçib, Avropa Birliyinin Kremlə qarşı iqtisadi təzyiq strategiyası sərtləşir… Rusiyanın enerji gəlirlərinin kəskin şəkildə azalması büdcə böhranı yaradıb, Qərbin sanksiyaları ilk dəfə olaraq, real strateji nəticələr verməyə başlayıb…
Son vaxtlar dünyada müharibə iqtisadiyyatı daha önəmli qlobal faktora çevrilməyə başlayıb. Çünki Ukrayna savaşı onun birbaşa və dolayısı iştirakçıları üçün olduqca baha başa gəlməkdədir. Ona görə də, hazırda həm ABŞ və Qərb, həm də Rusiyada savaş xərclərinin xüsusi həssaslıqla hesablanmağa başlandığı müşahidə edilir. Və hətta bəzi mülahizələrə görə, bundan sonra savaş xərcləmələrinin eyni miqyasda davam etdirilməsi bir çox ölkənin iqtisadiyyatını sözün əsl mənasında, çökdürə bilər.
Onu da qeyd etmək lazımdır ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Ukraynaya 140 milyard avroluq kredit xəttinin açılması prosesinin sürətləndirilməsində israrlı mövqe tutması böyük maraq doğurur. Çünki o, bu kredit xəttinə təminat üçün dondurulmuş Rusiya aktivlərindən istifadə ideyasını yenidən ön plana çəkir. Və bu isə bütün maliyyə-iqtisadi problemlərə baxmayaraq, Qərbin Rusiya ilə qarşıdurmada yeni mərhələyə keçdiyini göstərir.
Məsələ ondadır ki, bu barədə qərar yalnız Ukraynaya maliyyə dəstəyi ilə bağlı deyil. Belə ki, bu, həm də Avropa Birliyi üçün təhlükəsizlik, hüquq və maliyyə-iqtisadi müstəvidə yeni strateji balansın formalaşdığını nümayiş etdirir. Buna paralel olaraq, Rusiyanın enerji gəlirlərində kəskin azalmanın müşahidə olunması Qərbin tətbiq etdiyi sanksiyalar sisteminin real nəticələr verdiyini təsdiqləyir. Və mövcud situasiya həm Avropa Birliyinin maliyyə strategiyasının, həm də Rusiyanın neft-qaz sektorunda baş verən çökmənin genişmiqyaslı geopolitik faktora çevrildiyini qabarıq şəkildə büruzə verir.
![]()
Maraqlıdır ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin prinsipial mövqeyi onu göstərir ki, Avropa Birliyi artıq Ukraynaya yardımları yalnız qısamüddətli hərbi və humanitar çərçivədə deyil, həm də uzunmüddətli maliyyə sabitliyi prizmasında planlaşdırır. Çünki ABŞ-ın xarici siyasət kursunun ciddi şəkildə dəyişməsi qlobal məkanda fərqli situasiya yaradıb. Hər halda, Tramp administrasiyasının Ukraynaya yardımı məhdudlaşdıracağı barədə verdiyi mesajlar Avropa Birliyini daha böyük məsuliyyət yükü daşımaya məcbur buraxır.
Xüsusilə də, Ukrayna savaşının daha uzunmüddətli fazaya keçməsi, Avropa Birliyini artıq bu hərbi münaqişəni sadəcə, 2-3 illik period üzərindən deyil, hətta az qala 10 illik dövr üçün düşünməyə vadar edir. Rusiyanın dondurulmuş aktivlərdən istifadə qərarı isə Avropa Birliyinin siyasi prinsipiallığını göstərir. Üstəlik, həmin aktivlərin “maliyyə girovu” statusunda istifadəsi Avropa Birliyinin hüquqi sisteminə tam uyğunlaşdırıla biləcək mexanizmdir. Və bu, Qərbin Rusiya ilə maliyyə-iqtisadi qarşıdurmasında daha normativ forma almasını təmin edir.
Əslində, Rusiyanın dondurulmuş aktivlərinin girov kimi istifadəsi həmin maliyyə vəsaitinin müsadirə edilməsinə nisbətən hüquqi cəhətdən daha “yumşaq” addımdır. Ancaq buna baxmayaraq, belə bir mexanizmin tətbiqi Rusiya tərəfindən Avropa Birliyinə qarşı siyasi-diplomatik təzyiqlərin artılması, kompensasiya tələbləri və əks-sanksiyalar kimi cavablarla da müşayiət oluna bilər. Bununla belə, hazırda Avropa Birliyi üçün əsas prioritet məhz Ukraynanın maliyyə davamlılığının təmin edilməsidir.
Digər tərəfdən, onu da qeyd etmək lazımdır ki, Qərb ekspertlərinin hesablamalarına görə, 2022-2025-ci illər arasında Avropa Birliyinin iqtisadiyyatı Rusiyaya qarşı sanksiyalar ucbatından 1,6 trilyon avroya qədər maliyyə itkisinə məruz qalıb. Belə fantastik məbləğli maliyyə itkisi ilk baxışdan, Avropa Birliyi üçün böyük zərbə təsiri bağışlasa da, bu, Brüsselin strateji hesablamaları ilə uzlaşır. Və Avropa Birliyi strateqləri qısamüddətli itkilər sayəsində gələcəkdə uzunmüddətli qazanc əldə ediləcəyinə ümid bəsləyirlər.
![]()
Halbuki, Avropa Birliyinin iqtisadiyyatı son 30 il ərzində ucuz Rusiya enerji resurslarına bağlı modelə əsaslanırdı. Ukrayna savaşı ucbatından isə bu modelin mövcudluq dövrü sona çatdı. Əvəzində yeni modelə keçid dövrü Avropa məkanında kəskin bahalaşma, enerji böhranı və inflyasiya ilə müşayiət olundu. Ancaq buna baxmayaraq, 2024-2025-ci illərdə Avropa ölkələrinin enerji idxalında Rusiyanin payı tarixi minimuma endirilib.
Məsələ ondadır ki, Avropa Birliyi Rusiya enerji resurslarına alternativ qaynaqlara yönəlməklə, daha etibarlı və sabit enerji bazası yaratmağa nail olub. Yəni, Avropa Birliyi siyasi-iqtisadi təhlükəsizlik baxımından, ilk dəfə olaraq, Rusiyanın ənənəvi enerji şantajından tam qurtulmaq şansına yaxınlaşıb. Belə anlaşılır ki, qısamüddətli maliyyə-iqtisadi itkilər çox böyük olsa da, Avropa Birliyi üçün uzunmüddətli periodda daha genişmiqyaslı “mənfəət pəncərəsi”nin açılma ehtimalı tamamilə realdır. Çünki Avropa Birliyi indi israrla enerji avtonomiyasına doğru irəliləyir və Rusiyadan geopolitik asılılığın bitməkdə olması böyük uğurdur.
Maraqlıdır ki, Rusiyanın durumu da ciddi şəkildə ağırlaşmağa başlayıb. Belə ki, son aylarda Rusiyanın neft-qaz gəlirlərində 34 faizlik azalma qeydə alınıb. ABŞ-ın “Rosneft” və “Lukoil” kimi iri şirkətləri “qara siyahı”ya daxil etməsi Rusiyanın enerji ticarəti üçün bazar seçimini daraldıb, sığorta və logistik əməliyyatları məhdudlaşdırıb, Kremli nefti daha böyük endirimlə satmağa məcbur edib.
Belə ki, Rusiyanın Urals markalı neftinə tətbiq olunan endirim 20 dollar/barel səviyyəsinə çatıb. Noyabrda orta qiymətin 44,87 dollara enməsi Kreml üçün kritik həd hesab olunur. Rusiya üçün real büdcə gəliri 3250 rubl/barel səviyyəsinə düşüb və bu, son 2,5 ilin ən aşağı göstəricisidir. Rublun güclənməsi isə ixrac gəlirlərini daha da azaldır, çünki büdcə xərcləri rublla, gəlirlər isə dollarladır.
Ona görə də, neft-gaz gəlirlərinin planı 21 faiz azaldılıb. Büdcə kəsiri isə təxminən beş dəfə artırılıb, 1,2 trilyon rublfan 5,7 trilyon rubla yüksəldilib. Noyabrda xərclərin 88 faizi artıq istifadə olunub. Real kəsir isə ÜDM-in 3,5 faizinə çata bilər. Bu göstəricilər Rusiyanın müharibə şəraitində xərcləri qarşılaması üçün daxili borclanma, Mərkəzi Bank emissiyası və ya vergilərin artırılması kimi riskli addımlara əl atmaq məcburiyyətində qalacağını göstərir.
![]()
Digər tərəfdən, bəzi maliyyə-iqtisadi amillər 2025-ci ildə Rusiyanı daha dərin fiskal böhranla üz-üzə qoyub. Belə ki, Urals markalı neftin qiymətinin 41 dollara enməsi, davamlı endirimlər səbəbilə əlavə 300 milyard rubl itki proqnozu, sanksiyaların daşınma, sığorta və maliyyə kanallarını hədəfləməsi Rusiya iqtisadiyyatına dağıdıcı zərbələr vurur. Bu maliyyə-iqtisadi dinamika Rusiyanın hərbi xərclərini maliyyələşdirmə imkanlarını məhdudlaşdırır. Və Kremlin orta müddətli iqtisadi dayanıqlığını sual altına salır.
Bütün bunlar qlobal geopolitik balansın kəskin dəyişməsinə yol açır və Qərbin Rusiyaya qarşı strategiyasının real nəticələr verdiyini göstərir. Belə ki, Rusiyanin enerji sektorunu hədəfləyən sanksiyaların effektiv olması inkaredilməz reallıqdır. Avropa Birliyi Ukraynaya dəstəyi yeni maliyyə arxitekturası ilə institusional çərçivəyə salır. Və Qərb faktiki olaraq, uzunmüddətli qarşıdurma dövrü üçün iqtisadi dayaqlar yaradır.
Kreml qlobal enerji bazarında əvvəlki hegemonluq mövqeyini indi böyük sürətlə itirir. Rusiyanın büdcə sabitliyi və dayanıqlığı ciddi zərbə altındadır. Neft endirimləri Rusiyanın Çin və Hindistandan asılılığını artırır və bu isə Kremlin geopolitik manevr imkanlarını məhdudlaşdırır. Ukrayna isə Avropa Birliyinin açdığı yeni kredit xətti ilə ABŞ-dan dəstəyin azalmasının yaratdığı boşluğu doldurmaq şansı qazanıb. Rusiyanın dondurulmuş aktivlərdən “maliyyə girovu” statusunda istifadə Ukraynaya uzunmüddətli maliyyə təminatı verir.
Belə anlaşılır ki, hazırkı proseslər Qərb-Rusiya qarşıdurmasının yeni, daha sistemli və dərin mərhələyə keçdiyini göstərir. Belə ki, Avropa Birliyinin Rusiyaya qarşı iqtisadi-siyasi strategiyası daha da sərtləşir. Rusiyanın enerji gəlirlərinin kəskin şəkildə azalması büdcə böhranı yaradır. Ən əsası isə Qərbin Rusiyaya qarşı sanksiyaları ilk dəfə olaraq, real strateji nəticələr verməyə başlayıb. Və bütün bunlar Rusiyanı tədricən sosial-iqtisadi apokalipsisə doğru sürükləyir.\Elçin XALİDBƏYLİ,Siyasi ekspert,”Yeni Müsavat” Media Qrupu\
Polise.az



