“Rusiyanın işğalçı ölkəni silahlandırması beynəlxalq hüquqa ziddir”

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Azərbaycan Prezidenti Vladimir Putinlə telefon söhbətində iyulun 17-dən Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan cəmiyyətində narahatlıq və ciddi suallar yaratdığını bildirib.

Ekspertlərin fikrincə, bununla Prezident İlham Əliyev bir daha göstərdi ki, Azərbaycanın milli maraqlarına təsir edən istənilən məsələni istənilən ölkə, o cümlədən Rusiya qarşısında ciddi şəkildə qaldırır. Bu, Prezidentin qətiyyətini və əzmini göstərir.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov “Report”a açıqlamasında deyib ki, Prezident İlham Əliyev həmişə ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutub:

“Rusiyadan Ermənistana silah tədarükü yeni bir məsələ deyil. Hələ 1997-ci ildə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Lev Roxlin Rusiyadan Ermənistana 1 milyard ABŞ dolları məbləğində qeyri-qanuni silah göndərilməsi barədə məlumat vermişdi. O zaman ümummilli lider Heydər Əliyev bu məsələyə dərhal kəskin reaksiya vermişdi və məsələnin araşdırılması üçün Rusiyada komissiya yaradılmışdı. Hətta bu məsələ ilə bağlı cinayət işi də açılmışdı. Həmin vaxt Vladimir Putin də silah qalmaqalının araşdırılması prosesinə cəlb olunmuşdu”.

Deputat deyib ki, Rusiya düşmən ölkəyə silah tədarük etməklə Azərbaycan və Ermənistan arasındakı atəşkəsi birbaşa pozur:

“Hətta belə anlaşılır ki, təxribata da Ermənistanı Rusiya tərəfi sövq edir. Eyni zamanda Ermənistana silahın göndərilməsi işğalçını dəstəkləmək, münaqişənin həllinə imkan verməmək və mövcud status kvonu möhkəmləndirmək deməkdir. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin üçü də digər vasitə ilə Ermənistana dəstək verir. Rusiya işğalçı, terrorçu bir ölkəni silahlandırır, o biriləri isə siyasi dəstək verirlər. Belə olan halda isə onlar faktiki olaraq status kvonu möhkəmləndirirlər. Deməli həmsədr ölkələr obyektiv mövqe sərgiləmirlər”.

C.Osmanov qeyd edib ki, Ermənistan Azərbaycan Ordusu tərəfindən 2016-cı ildə Aprel döyüşlərində, 2018-ci ildə Naxçıvan istiqamətində və 2020-ci ildə Tovuz döyüşlərində güclü zərbə alıb:

“Tovuz döyüşləri bir daha Ermənistanın gücsüzlüyünü və acizliyi göstərdi. Hər zaman olduğu kimi onlar özlərinə böyük qardaş axtarışına çıxdılar. Bundan dərhal sonra isə Rusiya Ermənistana pulsuz olaraq silah tədarükünə başladı. Bildiyiniz kimi, Türkiyə Minsk Qrupunun üzvüdür. Son dövrlər Türkiyənin qətiyyətli mövqe sərgiləməsi bir daha onu göstərir ki, iki ölkə arasında ayrılmaz dostluq və qardaşlıq münasibətləri mövcuddur. Hesab edirəm ki, Türkiyə artıq Minsk Qrupunda öz rolunu oynamalıdır”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu isə deyib ki, hazırkı mürəkkəb gesotrateji vəziyyətdə istər beynəlxalq münasibətlər sistemində, istərsə də regionumuzdakı kritik şərtlər içərisində milli maraqların qorunması strateji əhəmiyyət kəsb edir və  olduqca aktualdır:

“Son hadisələr bir daha təsdiq etdi ki, Prezident İlham Əliyev milli məsələlərdə və milli maraqların qorunmasında qətiyyət nümayiş etdirməklə ölkəmizin hərbi-siyasi maraqlarını qoruyur, milli maraqlarımızın təmin edilməsində prinsipiallıq nümayiş etdirir. Elə Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə baş tutan sonuncu telefon danışığında bir sıra mühüm məsələlərə toxunması və onların aydınlaşdırılmasını istəməsi milli maraqlarımızın qorunması baxımından olduqca vacibdir. Məsələ ondadır ki, artıq uzun müddətdir ki, Rusiya işğalçı Ermənistanı fasiləsiz olaraq silahlandırır. Bu, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi boyu daima davam edib. Hətta 1997-ci ildə general Lev Roxlin o zaman olduqca böyük miqdar hesab olunan 1 milyard dollarlıq silahın Rusiyadan  işğalçı Ermənisatana  pulsuz olaraq verilməsini ifşa etmişdi. 2020-ci ilin 12-16 iyul tarixində Ermənistan ordusunun iki ölkə arasındakı sərhəd xəttində yaratdığı hərbi-siyasi təxribatdan sonra isə bəlli olur ki, Rusiya Ermənistanı silahlandırmaqda yenə də davam edir. Bu isə əsla yolverilməzdir”.

Onun sözlərinə görə, Rusiyanın işğalçı ölkəni silahlandırması hər şeydən öncə beynəlxalq hüquqa ziddir:

“ATƏT-in Minsk Qrupunun həmsədri kimi onun üzərinə götürdüyü missiyayasına və bu ölkənin regionumuzdakı tarixi-siyasi və mənəvi məsuliyyətinə uyğun deyil. Çünki Ermənistanın silahlandırılması onun Azərbaycan torpaqlarını işğal etməsinə dəstək vermək deməkdir. Bundan başqa regiondakı status-kvonu legitimləşdirmək cəhdidir və nəhayət strateji müttəfiq kimi Azərabycanın milli maraqlarını görməzdən gəlməklikdir ki, bunların heç birinin nə hüquqi, nə siyasi  bəraəti ola bilməz. Əgər Minsk Qrupu öz missiyasını həyata keçiriə bilmirsə o zaman həmsədrlərin əvəzlənməsi və Minsk Qrupuna üzv olan ölkələrdən digər başqaları həmsədrlik missiyasını öz üzərinə götürməlidir. Bu rola ən uyğun ölkə isə regionda tarixi-siyasi və mənəvi məsuliyyəti olan Türkiyədir. Hələ Minsk Qrupu formalaşarkən əslində Türkiyənin həmsədrlərdən biri olması olduqca ciddi şəkildə müzakirə olunmuşdu və təəssüf ki, baş tutmamışdı. Ona görə də Rusiya hazırki mürəkkəb tarixi mərhələdə onsuz da mürəkkəb hesab edilən Cənubi Qafqaz regionunda işğalçı Ermənistanı silahlandırmaqla vəziyyəti bir qədər daha da gərginləşdirməməli, tam əksinə problemin həllinə məhz indi heç olmadığı qədər yardım etməyə çalışmalıdır. İşğalın davam etməsi təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Rusiyanın cənub sərhədlərində vəziyyəti gərginləşdirə biləcək potensiala sahibdir ki, bu  da əsla nə Rusiyanın, nə də Azərbaycanın maraqları baxımından arzu ediləndir”.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button