“Rusiyanın qorxduğu bu məqamdır, Azərbaycan Türkiyə ilə saziş imzalasa…” – Sülhəddin Əkbər
Teleqraf.com-a istinadən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə müsahibəni təqdim edirik:
– Sülhəddin bəy, Şərqi Aralıq dənizi regionunda hərbi-siyasi gərgin atmosfer davam edir, bəzi ölkələr rəsmi Ankaranın maraqlarına qarşı dirəniş sərgiləməkdə israrlı görünür. Siz yaranan bu durum və onun yaradacağı nəticələri necə şərh edirsiniz?
– Əvvəla, nəzərə alınmalıdır ki, hər hansı bir hadisə baş verəndə ona yanaşma bir xətli olmur. Bu situasiyanın yaranmasında həm ümumi, həm də xüsusi səbəblər var. Ümumi səbəb odur ki, yeni dünya düzəninin qurulması və geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olmasıdır. Oyun quran və pozan dövlətlər də yeni dünya düzənində öz maraqlarını daha çox inkişaf etdirmək istəyir ki, buna da təbii yanaşmaq lazımdır. Türkiyə orta böyüklükdə dövlət olsa da, öz maraqlarını keçmiş tarixi coğrafi sərhədləri daxilində inkişaf etdirməyə çalışır. Bu da yeni dünya düzəni qurucuları olan oyunçuların maraqları ilə toqquşmaya gətirib çıxarır. Məncə, Şərqi Aralıq dənizində baş verənlərin başlıca səbəbləri budur. Yəni həm qlobal, həm də regional miqyasda oyun quran və oyun pozan dövlətlərin yeni dünya düzəninə dair maraqlarının toqquşmasıdır. Türkiyə hələlik oyun quran dövlət olmasa da, artıq böyük oyun pozan oyunçulardan biridir. Bu o deməkdir ki, regionda Türkiyənin maraqları nəzərə alınmadan hər hansı bir plan qurularsa, Ankara bunu pozmaq üçün imkan və qabiliyyət əldə edib. Bunu da həm Suriyada, həm Liviyada göstərib, indi də Şərqi Aralıq dənizində nümayiş etdirir.
Xüsusi səbəblərə gəldikdə, bu, birinci məsələni tamamlayan yanaşmadır. Türkiyə Şərqi Aralıq dənizində öz maraqlarını inkişaf etdirmək istəyir. Bu zaman da digər böyük və regional dövlətlərlə maraqları toqquşur. Təbii ki, Aralıq dənizində müşahidə olunan qarşıdurmaya Suriya, Liviya və bütövlükdə regionda gedən proseslərdən ayrı baxmaq lazım deyil.
Digər səbəb Şərqi Aralıq dənizinin enerji ehtiyatları və Türkiyənin də bundan payını almaq istəyi ilə bağlıdır.
Həmçinin səbəblərdən biri də Şərqi Aralıq dənizində beynəlxalq dəniz sərhədlərinin təyin edilməməsi, yəni dənizin hüquqi statusunun müəyyən edilməməsi ilə bağlıdır.
– Açıq görüntü budur ki, Misir, Fransa, Cənubi Kipr, BƏƏ və digər ölkələr faktiki Türkiyəyə qarşı çıxış edir. Əvəzində İsrail, İngiltərə və ABŞ ya bu proseslə bağlı bitərəfliyini saxlayır, ya da Türkiyəyə hiss edilməyəcək dəstək ifadə edir. Buna səbəb nədir?
– Nəzərə almaq lazımdır ki, böyük oyunçuların özləri arasında da rəqabət var. Məsələn, söhbət milli maraqlardan getdikdə hər bir dövlət öz maraqlarını müdafiə edir. Bu mənada yeni dünya düzəninin qurulması başa çatmadığından, dövlətlər bu düzəndə öz yerini tutmadığına görə bəzən yaxın müttəfiqlərin maraqları toqquşur və rəqabət içində olurlar. Baxın, Avropa Birliyi daxilində Şərqi Aralıq dənizinə görə Fransa ilə Almaniya arasında rəqabət gedir. Bu, özünü açıq şəkildə göstərir.
İngiltərə isə Avropa Birliyindən çıxaraq ənənəvi siyasətinə qayıdıb. Yəni kontinental Avropanı balanslaşdırmaq üçün periferiya ölkələri, eləcə də Türkiyə ilə münasibətlərini inkişaf etdirməkdə maraqlıdır. Bu yolla Avropanın güc balansını tarazlaşdırmaq istəyir.
ABŞ isə Fransa və ya Avropa Birliyinin bu qədər qabarmasını, Şərqi Aralıq dənizində söz sahibi olmasını istəmir. Sözsüz ki, Rusiya və Çinin də maraqları var. Eyni zamanda maraqları toqquşan tərəflərin bu mürəkkəb münasibətlər sistemindən, yəni operativ taktiki baxımdan istifadə etməsi halları da var. Zaman-zaman şərti olaraq operativ bloklaşmalar bəzən dəyişilir. Yəni görürsən ki, bir dövlət bir məsələdə filan dövlətlə birlikdədir, amma digər məsələdə başqa dövlətlə eyni addımı atır. Bu mənada yeni dünya düzəninin qurulması başa çatmayana, geopolitik qarşıdurma ortadan qalxmayana və yekun razılaşma əldə edilməyənə qədər operativ-taktiki səviyyədə get-gəllərin, sürətli dəyişikliklərin şahidi olacağıq.
– Bəzi ərəb ölkələrinin anti-Türkiyə mövqeyi nə dərəcədə anlaşılandır?
– Fikrimcə, Türkiyənin diplomatik-siyasi səhnədə yol verdiyi yanlışlıqlar var. Məsələn, Türkiyə İsrail və Misirlə bu günə qədər münasibətlərini normallaşdıra bilsəydi, bəlkə də bu gün bir sıra problemlərlə üz-üzə gəlməzdi. Türkiyə-Misir münasibətləri normallaşdırma yoluna daxil olsaydı, rəsmi Qahirə heç vaxt Afina ilə son sazişi imzalamazdı. Bu saziş birbaşa Türkiyə ilə Liviya arasında imzalanan sazişə ziddir.
İsrailin davranışlarına diqqət edəndə görürük ki, İsrail son zamanlar nə Yunanıstanın, nə də Cənubi Kipr Respublikasının yanında yer alır. Bu nə deməkdir? Fikrimcə, həm də Türkiyəyə mesajdır. Ən azı diplomatik-siyasi danışıqların başlanması üçün açıq ismarışdır. Nəhayət söhbət Şərqi Aralıq konteksindən söhbət gedirsə, Türkiyə azı Misir və İsraillə vaxt itirmədən normallaşma siyasətinə başlamalıdır.
– Şərqi Aralıq dənizində müharibə ehtimalı haqda fikirlər səslənir. Sizin proqnozunuz necədir?
– Lokal və yerli toqquşmalar ola bilər. Amma böyük müharibənin baş vermə ehtimalı aşağıdır. Nəzərə alınmalıdır ki, belə bir müharibənin qarşısını alacaq Avropa Birliyi, NATO daxili mexanizmlər var. Nəhayət ehtiyac olduğu təqdirdə böyük gücün – ABŞ-ın müdaxilə etmək ehtimalı var. Rusiya və Çinin yaratdığı problemləri nəzərə alsaq, mənə elə gəlir ki, NATO üzvü olan ölkələr arasında müharibənin çıxma ehtimalının qarşısı alınacaq. Əslində Türkiyə və Yunanıstanın NATO-ya eyni anda qəbul edilmə səbəblərindən biri də budur.
– Son günlər biz həm də Rusiyanın fəallığını müşahidə edirik. Moskvanın Belarusda, Ermənistanda fəallaşması, Yunanıstan və Cənubi Kipr xətti ilə əlaqədə olması ortadadır. Son günlər rusların Ermənistana kütləvi şəkildə silah daşıması da müşahidə edilir. Sizcə, Paşiyanı psixoloji qəbul etməyən ruslar nəyə hazırlaşır?
– Erməniləri Cənubi Qafqaza gətirən, erməni vilayəti, daha sonra isə erməni dövləti yaradan və onu bu günə qədər genişləndirən, nəhayət Dağlıq Qarabağ problemini yaradan məhz Rusiya deyilmi? Bu, Rusiyanın strateji marağına uyğun olaraq apardığı siyasətdir. Bundan da heç vaxy imtina etməyəcək. Necəki imperiya maraqlarından imtina etməyib. Əksini gözləmək çox sadəlöhvlükdür. Bəyəm Rusiya Cənubi Qafqazdakı strateji maraqlarından, o cümlədən strateji uzantısı olan süni erməni dövlətindən nə zaman əl çəkib?
– Son 10 ildir ki, regionda status-kvoda kardinal dəyişiklik yoxdursa, Rusiya bu silahları Ermənistana hansı məqsəd və niyyətlə yığır?
– Ruslar daima Ermənistanı silahlandırıblar və indikindən də çox silah veriblər. Sadəcə yeni vəziyyət Azərbaycanın artıq buna açıq reaksiya verməsidir. Daha doğrusu Türkiyə-Azərbaycan münasibətlərinin yeni müstəviyə çıxmasıdır. Hazırda intensiv müzakirələr, hərbi-siyasi dialoq gedir. Bunu da Rusiya yaxından izləyir və narahatdır ki, Azərbaycanla Türkiyə arasında hərbi-siyasi müttəfiqlik sazişi imzalana, bu iki ölkə strateji müttəfiqliyə gedər. Yəni bütün sahələrdə Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik sahəsinə daxil ola bilər. Məsələn, iqtisadi sahədə gömrük ittifaqı haqqında saziş imzalana, vahid iqtisadi zona yaradılması, vizaların ləğvi, qarşılıqlı olaraq vətəndaşlara oturma izni və işləmə imkanları verilməsi və sair mümkün ola bilər. Rusiyanın çəkindiyi və qorxduğu bu məqamdır. Odur ki, Azərbaycana təzyiq göstərir. Nümayiş etdirir ki, əgər siz, bu yoldan vaz keçməsəniz, mən Ermənistanı açıq şəkildə müdafiə edəcəyəm. Əslində yeni müharibə ilə bizi təhdid edir. Azərbaycan bu vəziyyətə hazır olmalıdır.
Burada başlıca məsələ Türkiyə-Azərbaycan münasibətlərinin yeni müstəviyə keçmə ehtimalının Rusiya baxımından riskli olmasıdır. Rusiya bu riski nəzərə alaraq belə addımlar atır ki, Azərbaycanı çəkindirsin. Türkiyə-Azərbaycan arasında hərbi əməkdaşlıq sazişi imzalamasının ardınca burada türk bazasının yerləşdirilməsi, silah depolarının yaradılması, eləcə də iqtisadi, sosial əlaqələrin genişləndirməsi baş verəcək. Biz eyni millətdən, mədəniyyətdən, toplumdan danışırıq. Bilirlər ki, belə bir şey baş versə, proses nə dərəcədə sürətli gedəcək və nəticədə Rusiya Azərbaycanı itirəcək. Məsələnin mahiyyətində bu durur.
– Bəzi şərhçilər qış fəslinə qədər müharibə ehtimalının mümkünlüyünü dilə gətirir. Sizcə, müharibə baş verə bilərmi?
– Mən müharibə ehtimalını gözləyirəm. Rusiya Azərbaycanı çəkindirmək üçün Ermənistandan istifadə edəcək. Tovuz istiamətində hərbi təxribat ola bilsin ki, yoxlama məqsədi güdürdü, yoxlama və kəşfiyyat xarakterli hücum idi. Sonra hərbi təlimlər keçirdilər. İndi də bunun nəticəsini nəzərə alaraq Ermənistanı silahlandırır. Qarşıda hansı məqsəd var, bunu müşahidə edəcəyik. Geniş miqyaslı müharibədə Rusiyanın maraqlı olacağını düşünmürəm. Ancaq ruslar düşünür ki, Ermənistan tərəfindən məhdud uğurlu əməliyyat olarsa, bu, Azərbaycan tərəfindən ciddi mesaj kimi qəbul edilər. Məhz bu təhlükələri nəzərə alaraq Azərbaycan və Türkiyə arasında əlaqələr inkişaf etdirilməli, hərbi müttəfiqlik haqqında sazişin imzalanması sürətləndirilməlidir.
Azərbaycan anlamalıdır ki, bu məsələdə gözləmə mövqeyində durduqca müharibə ehtimalı artır. Ancaq hərbi ittifaq sazişini bağladıqdan sonra Rusiya bu müharibənin bədəlinin ağır olacağını anlayacaq. Çünki bir var Türkiyə ilə heç bir sazişi olmayan Azərbaycana hücum, bir də var Türkiyənin hərbi müttəfiqi olan Azərbaycana hücum… Bunların tamam hərbi anlamı var. Çünki hərbi ittifaq barədə saziş olacağı təqdirdə Azərbaycana hücum NATO ölkəsi olan Türkiyəyə hücum demək olacaq. Odur ki, elə durum yaradılmalıdır ki, Rusiya şirnikləşməsin, çəkinsin. Başqa sözlə, Türkiyə və Azərbaycan arasında hərbi ittifaq sazişinin imzalanmasının çəkindirici əhəmiyyəti var.
– Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev açıq şəkildə elan edib ki, Ermənistana silah göndərilməsinə dair Rusiyanın izahatı bizi qane etməyib. Bunun açıqlaması nədir?
– Bunun mənası açıqdır.
– Bu həm də o deməkdir ki, Türkiyə ilə yaxınlaşmaqda davam edəcəyik?
– Sözsüz ki, hər bir açıqlamanın bir məqsədi olmur. Bu, eyni zamanda o deməkdir ki, cənab Rusiya münasibətləri siz korlayırsınız, sonra gəlib sızıldamayın ki, niyə Türkiyə ilə müttəfiqlik sazişi imzaladınız. Səbəbkar sizsiniz və sizin Ermənistana açıq hərbi dəstək verməyinizdir. Məncə, mesajı belə oxumaq lazımdır.