Rusiyaya qarşı bu sanksiya ləğv edildi – Ukrayna kəskin etiraz edir…

Beynəlxalq Cüdo Federasiyası (IJF) rusiyalı idmançıların beynəlxalq turnirlərdə milli bayraq, himn və digər dövlət simvolları ilə çıxış etməsinə yenidən icazə verib.
“AzPolitika” bildirir ki, bu barədə qərar cümə axşamı qurumun mətbuat xidməti tərəfindən açıqlanıb.
Xatırladaq ki, may ayında IJF analoji addımı Belarus idmançıları üçün də atmışdı.
Federasiyanın bəyanatında bildirilib ki, “Rusiyanın tam şəkildə qayıdışı, bu ölkənin dünya cüdosunda tarixi olaraq aparıcı mövqe tutması səbəbindən, bütün səviyyələrdə yarışları daha da zənginləşdirəcək”. Qurum həmçinin vurğulayıb ki, “idmançılar hökumətlərin və ya milli institutların qərarlarına görə məsuliyyət daşımamalıdırlar”.
Ukrayna Cüdo Federasiyası qərara sərt şəkildə etiraz edib və bəyan edib ki, “bu addımın həyata keçirilməsinin qarşısını almaq və ukraynalı idmançıların maraqlarını müdafiə etmək üçün mümkün olan bütün tədbirləri görəcək”.
“Kommersant” qəzeti yazır ki, IJF rusiyalı atletlər üçün məcburi “neytral status”u ləğv edən ilk beynəlxalq idman strukturu olub. Rus idmançılar milli simvolikadan artıq 28 noyabrda BƏƏ-nin paytaxtı Əbu-Dabidə başlayacaq “Böyük Dəbilqə” (Grand Slam) turnirində istifadə edə biləcəklər.
Qeyd edək ki, məhdudiyyətlər Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibə başladığı 2022-ci ilin fevralından sonra tətbiq edilmişdi. Elə həmin ay IJF Rusiya Prezidenti Vladimir Putinin təşkilatın fəxri prezidenti və səfiri statusunu da dayandırmışdı.



