Rusiyaya sanksiyalar artır, bəs, rubl niyə bahalaşır?
Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, Rusiyada ÜDM cari ildə 8 faiz, 2023-cü ildə 2 faiz azalacaq, 2024-cü ildə 1,5, 2025-ci ildə isə 1 faiz böyüyəcək. ÜDM-in azalması adambaşına düşən milli gəlirin azalması, işsizliyin artması mənasına gəlir.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Şəmsi Rzalı deyib.
İqtisadçının sözlərinə görə, ÜDM-nin azalması ilə paralel şəkildə Rusiya qarşıdakı vaxtlarda çox ciddi iqtisadi problemlərlə üzləşməli olacaq:
“Aparılan araşdırmalara görə, Rusiyanın bu il və gələn il dərin iqtisadi böhranla qarşılaşacağı təxmin edilir. Rusiya iqtisadiyyatı 2021-ci ilin sonunda 1 trilyon 775 milyard dollar civarında dəyərləndirilirib. Bu rəqəm 2023-cü ilə təxminən 1 trilyon 600 milyard dollara qədər geriləyəcək. Bu, Rusiya iqtisadiyyatının nəzərəçarpacaq şəkildə kiçiləcəyindən xəbər verir. İnflyasiya ilə bağlı ən önəmli faktorlardan biri istehlakçı qiymətləri indeksidir. İstehlakçı qiymətləndirmə indeksinə görə Rusiyada 24 faizlik bir inflyasiya gözlənilir.
Rusiyada bu ilin sonuna işsizliyin səviyyəsinin təxminən iki dəfə artacağı proqnozlaşdırılır. Yəni 2021-ci ildə rəsmi statistika ilə 4,8 faiz səviyyəsində göstərilən işsizlik səviyyəsi bu ilin sonuna qədər 10 faizədək yüksələcək. BVF-nin proqnozuna görə, 2023-cü ildə işsizlik 8 faiz səviyyəsində olacaq. Lakin fikrimcə, əgər sanksiyalar belə templə tətbiq edilərsə, qarşıdakı 2 ildə işsizlik 10 faizdən daha çox olacaq. Çünki bir çox transmilli korporasiyalar Rusiyadakı fabrik və zavodlarını bağlayıb, yaxud buna qərar verib. Sözügedən sanksiyalar fonunda Rusiyanın əsas makroiqtisadi göstəricilərindən biri olan idxalın bu ilin sonunadək 25 faiz azalacağı gözlənilir, lakin növbəti illərdə 1-2 faizlik artımlar müşahidə oluna bilər”.
Şəmsi Rzalı sanksiyalar nəticəsində ixracatın və investisiya qoyuluşunun azalmasından, valyuta məzənnələrinə təsirdən də bəhs edib:
“Rusiya iqtisadiyyatının arteriya damarlarından olan ixracatda cari ilin sonunda 18,92 faiz, 2023-cü ildə isə 2 faiz kiçilmə olacaq. İxracatın azalması ölkəyə daxil olan xarici valyutanın azalması deməkdir. Bu da rublun yenidən dəyər itirməsinə, dolların bahalaşmasına səbəb olacaq. İqtisadiyyatın dinamikliyini təmin edən əsas amillərdən biri də investisiya qoyuluşudur. Aparılan hesablamalara görə, 2022-2024-cü illər arasında Rusiyada investisiya qoyuluşu ÜDM-nin 18 faizinə bərabər olacaq. Yəni ötən illərlə müqayisədə investisiya qoyulması 5 faiz azalacaq. Bəzi iqtisadçılar Rusiyaya tətbiq edilən sanksiyaların qısa müddətdə çox böyük nəticələr doğuracağını qeyd edirdilər. Lakin mən belə düşünmürəm. Sanksiyalar tədricən öz dağıdıcı təsirini göstərəcək”.
Ekspert onu da bildirib ki, son günlərdə rublun dollar qarşısında qismən güclənməsi hələ heç nəyi ifadə etmir:
“Rublun bahalaşması inzibati amillərlə bağlıdır. İxracat azaldıqca valyuta daxilolması da azalacaq və bu, rubla ciddi təsir göstərəcək. Hazırki qloballaşan dünyada izolyasiya vəziyyətində yaşamaq, inkişaf etmək qeyri-mümkündür. Qərb də sanksiyaların tətbiqi zamanı Rusiyanın qarşıdakı on ildə inkişafının, böyüməsinin qarşısını almaq məqsədi güdüb. Əgər Rusiyanın bu il üçün tədiyyə balansına nəzər yetirsək, onun müsbət profisit verəcəyini müşahidə edəcəyik. Amma qarşıdakı illərdə tədiyyə balansı getdikcə azalacaq. Ona görə də qısa müddət içərisində tətbiq olunan sanksiyaların təhlilini aparmaq və qəti nəticə çıxarmaq o qədər də doğru deyil. Qısa müddətdə baş verənləri siyasətçilər müəyyən edə bilər, ancaq iqtisadi təsir uzunmüddətli prosesdir”.
Qeyd edək ki, bu, Rusiyanın enerji resurslarına sanksiyaların nəzərə alınmadığı rəqəmlərdir. Əgər Rusiyanın neft və qazından ilin sonuna qədər imtina olunsa, onda rus iqtisadiyyatı ən ağır zərbəsini almış olacaq.